Bu maraqlıdır!

Planetimizin qədim tikilisi - Nen-of-Xauar daş evi

Nen-of-Xauar daş evi- fraqmentləri günümüzə qədər gəlib çatmış, e.ə. 3700-3500-cü illərdə inşa edilmiş ən qədim - Neolit dövrünə aid - tikilidir. Britaniyada sağ qalmış ən qədim “daş bina” hesab olunur. Şotlandiyanın şimalında Orkney arxipelaqındakı Papa Vestrey adasında yerləşir.


1930-cu illərdə kəşf edilmiş qədim tikili “malikanə” adlanan iki daş “ev”dən ibarətdir. Arxeoloji qazıntılar göstərdi ki, bu tikililər daha qədim məskənin qalıqları üzərində tikilib və əkinçilik mərkəzi olub. Mütəxəssislər deyirlər ki, strukturun böyük hissəsi əsas ev, kiçik hissəsi isə emalatxana və ya anbar kimi fəaliyyət göstərib. Arxeoloqlar daha kiçik evin üç kiçik hissəyə bölündüyünə də inanırlar. Burada pəncərə yoxdur. Ehtimal olunur ki, evlər ocaq vasitəsilə işıqlandırılıb və tavandakı dəlik tüstünü bayıra buraxıb. 


İki evin ərazisi qədim insan fəaliyyətinin qalıqları ilə əhatə olunub. Tapılan əşyalar göstərir ki, sakinlər burada öküz, qoyun, donuz yetişdirib, arpa və buğda becəriblər.


Tikililərin içindəki öz orijinal formasında qorunub saxlanılan “daş mebellər” (ocaq yerləri, arakəsmələr, çarpayılar və saxlama rəfləri), indiyənədək əsl həyat təəssüratı yaradır.