Nağıllar, hekayələr

Sergey Baruzdin. Alyoşka oxumaqdan necə yoruldu

Alyoşkanın yeddi yaşı tamam olan kimi düzgün oxumaq və yazmağı öyrənmək üçün o, məktəbə getdi.

 

Tədris ilinin hələ tam ortasıydı, Alyoşka artıq oxumağı, yazmağı, hətta saymağı belə öyrənmişdi. O, hərfləri hecalayaraq kitab oxuyur, vərəqə sözlər yazır və rəqəmləri toplayırdı.

 

Bir gün Alyoşka dərsdə oturub pəncərədən bayıra baxırdı. Günəş birbaşa Alyoşkanın üzünə parladı. Birdən Alyoşka dərs oxumaqdan yorulduğunu hiss etdi. O, artıq oxuyub yaza bilir, saya bilir, rəqəmləri hesablayır, daha nələr, daha nələr!

 

Alyoşka partasından qalxıb portfelini götürdü və çıxışa doğru getdi.

 

- Hara gedirsen? – müəllimə soruşdu.

 

- Evə! - Alyoşka cavab verdi.

 

Müəllimlə sağollaşıb Alyoşka evə doğru getdi.

 

Evə gəlib anasına dedi:

 

Ana, mən daha məktəbə getməyəcəyəm!

 

- Bəs nə edəcəksən?

 

- Nə edəcəm? İşləyəcəm!

 

- Nə?

 

- Nə, nə? Məsələn, Sənin kimi olacam ...

 

Alyoşkanın anası həkim işləyirdi.

 

 - Yaxşı! - ana dedi - Budur, sənin üçün kiçik bir tapşırığım var! Qrip olan bir xəstəyə dərman təyin et!

 

Ana Alyoşkaya reseptlərin yazıldığı kiçik bir kağız parçası verdi.

 

- Nə yazım...? Hansı dərman lazımdır...? - Alyoşka təşviş içində soruşdu.

 

- Latın hərfləri ilə yaz! - deyə ana izah etdi - Hansı dərman lazımdırsa onu artıq özün bilməlisən! Sən ki həkimsən!

 

Alyoşka kağız parçasına diqqətlə baxıb, bir qədər düşündü və nəhayət dedi:

 

- Bu işi sevmədim. Yaxşısı budur atamın işində işləyim!

 

Ana Alyoşkanın qərarı ilə razılaşdı.

 

Axşam ata evə gələndə Alyoşka ona yaxınlaşıb dedi.

 

- Ata, mən daha məktəbə getməyəcəyəm!

 

- Bəs nə edəcəksən? – deyə ata soruşdu.

 

- İşləyəcəm!

 

- Nə işləyəssən?

 

 - Sənin kimi olacam! - deyə Alyoşka cavab verdi.

 

Alyoşkanın atası maşın istehsal olunduğu fabrikdə usta işləyirdi.

 

- Çox yaxşı! – ata razılaşdı- Gəl birlikdə işləyək! Ən asanından başlayaq!

 

Ata, boruya bükülmüş iri vərəq çıxartdı və açaraq dedi:

 

- Budur, yeni avtomobilin çertyoju. Burada səhvləri var. Bax və mənə səhvlərin harda olduğunu de!

 

Alyoşka çertyoja uzun müddət baxıb qərara gəldi ki, bu avtomobil deyil, tamamilə anlaşılmaz bir şeydir: xəttlər birləşir və ayrılır, oxlar, rəqəmlər və s. Burada heç nə başa düşmək olmur!

 

- Mən bunu bacarmıram! - Alyoşka etiraf etdi.

 

- Onda, icazə ver, özüm işləyim - ata dedi - Sən isə dincəl!

 

Ata çertyoj üzərində işləməyə başladı. Sifəti düşüncəli və ciddi oldu.

 

- Ata! Bəs niyə sənin üzün ağac qabığı kimi büküldü?  - deyə Alyoşka soruşdu.

 

- Bunlar ağac qabığı deyil, bala, qırışlardır! – deyə ata cavab verdi.

 

- Bəs onlar niyə əmələ gəlib?

 

- Çünki çox oxumuşam, sonra döyüşmüşəm və çox işləmişəm! - deyə ata cavab verdi - Hamar dəriyə sahib olanlar yalnız avaralardır!

 

Alyoşka bir qədər düşünüb dedi:

 

- Mən qərar verdim! Sabah məktəbə qayıdacam!