Təbiət

Sarı gərdanlı dələ

Sarı gərdanlı dələ-məməlilər sinfinin ən geniş yayılmış yırtıcılarından biridir. Dələkimilər fəsiləsinin gözəl və qeyri-adi nümayəndəsidir. Digər növlərdən fərqli olaraq qeyri-adi ekzotik görünüşə sahibdir: Sinə və bədəni parlaq qızılı sarıya, alt çənəsi ağ, pəncələri, quyruq və başı qara rəngə boyanmışdır. 


Asiyada yayılmış bu heyvan ilk dəfə 1781-ci ildə zooloq Tomas Pennant tərəfindən təsvir edilib. Pennant heyvana “Ağyanaqlı Gəlincik” adını verib, lakin bir müddət sonra Hollandiyalı təbiətşünas Peter Bodert heyvana “Mustela flavigula”, yəni “Sarı boğazlı gəlincik” adını qoyub.


Yaşayış arealı
Əsasən Koreya yarımadası, Çin, Hind-Çin adaları, Himalay dağlarının ətəkləri, Birma və Pakistanda rast gəlinir. 


Görünüşü

Sarı gərdanlı dələ o qədər gözəl xarici görünüşə sahibdir ki, gözləri ondan ayırmaq çətindir. Bədən uzunluğu 80 sm, quyruğun uzunluğu 44 sm, çəkisi 5-6 kq-dır. Bədəni uzun və zərifdir. Güclü arxa ayaqları ön ayaqlardan daha uzundur. Qulaqları yuvarlaq və böyükdür. Kürkü hamardır. 


Qidalanma və həyat tərzi
Sarı gərdanlı dələ – çevik və ehtiyatlı heyvandır, nadir hallarda insanların diqqətini çəkir. İynəyarpaqlı və qarışıq meşələrdə qalmağa üstünlük verir. Ağacların arasından yaxşı hərəkət edir və ağacdan ağaca tullanır (4 metrə qədər hündürlüyə tullana bilər). 
Qida rasionunu – gəmiricilər, gənc çöl donuzları, marallar, həmçinin quşlar, dovşanlar, qurbağalar, balıqlar təşkil edir, lakin ən sevimli ovu - müşk maralıdır. Az miqdarda giləmeyvə və qoz-fındıq yeyir. 2-3 heyvandan ibarət qruplarda ovlanır, bəzən qrup 7 fərdə qədər böyüyür. Bu cür birgə hərəkət etmək onlar üçün böyük şikarın öhdəsindən gəlməyi daha asanlaşdırır. Ov zamanı heyvanlar 100 m məsafə saxlayaraq bir-birinə paralel yeriyirlər.


Həyat tərzi
Sarı gərdanlı dələ praktiki olaraq səs çıxarmır. 
Həm gecə, həm də gündüz fəaldır. Ancaq gecə ovu daha tez-tez baş verir. Gün ərzində hərəkətli heyvan 20 km məsafəni asanlıqla qət edir. İstirahət üçün boş boşluqları seçirlər və ya sadəcə ağacın qalın budaqlarında otururlar.


Çoxalma dövrü
Dələdə hamiləlik 120 gün davam edir. Doğuşdan əvvəl dişi fərd meşənin ən tənha yerində özünə yuva düzəldir. Yuvada təxminən 60 qram ağırlığında 2-5 kor və kar balası dünyaya gəlir. Üç həftədən sonra balalar aydın görməyə və eşitməyə başlayır və tezliklə ətrafdakı dünyanı öyrənməyə başlayırlar. Dişi tək başına balalarına qulluq edir, erkək fərd uşaq tərbiyəsində iştirak etmir. Gənc fərdlər, yeni balalar dünyaya gələnə kimi, analarının yanında yaşayır, birlikdə ov edir, yemək yeyirlər. Yeni balalar doğulandan sonra gənc fərdlər anadan ayrılıb müstəqil həyat sürürlər. 


Qapalı şəraitdə ömürləri 14-16 ildir, təbiətdə hələ dəqiq öyrənilməmişdir.


Uzaq Şərqin qoruqlarında yaşayan dələ Qırmızı Kitaba düşmüş və xüsusi qayğıya ehtiyacı olan heyvan hesab edilir.