Bu maraqlıdır!

Batu Mağaraları

Hər il 1,5 milyon insanın ziyarət etdiyi, Malayziyanın Selanqor əyalətinin Qombak şəhərində yerləşən “Batu Mağaraları”, ölkə üçün həm dini, həm də turistik əhəmiyyətə malikdir.


Paytaxt Kuala Lumpurun mərkəzindən 13 km aralıda yerləşən və təxminən 400 milyon il əvvəl əhəngdaşı süxurlarından “öz-özünə əmələ gələn” bu təbii tikililər, 1878-ci ildə zooloq-tədqiqatçı Uilyam Templ Hornadey tərəfindən təsadüfən kəşf edilib. 


Bura, təkcə Hindistandan kənarda yerləşən ən müqəddəs hind məbədi deyil, həm də əsl təbiət möcüzəsidir. Batu, dərin daxili quruluşlara malik müxtəlif ölçülü 30 mağaradan ibarət kompleksdir, girişində təxminən 43 metrlik qızılı Muruqanın (Şivanın oğlu) heykəli ucaldılıb. Hazırda, bu mağaralar hindlilərin ziyarətgahı hesab olunur və hər ilin əvvəlində qeyd olunan “Taypusam” festivalı zamanı minlərlə zəvvar bura axın edir.


Mağaralar, yaxınlıqdan axan Sunqay Batu çayının şərəfinə adlandırılıb. Bu bölgədə eyni adlı kənd belə var.


Mağaralar təbii şəkildə formalaşıb və mövcud olduqları 400 milyon il ərzində çox dəyişib. Əvvəlcə onlarda Besisi qəbiləsinin nümayəndələri yaşayıb və mağaralar yüksək əhəng daşı qayalarından ibarət olub. Zaman keçdikcə su axınlarının və digər təbii amillərin təsiri altında dağlarda əmələ gələn çuxurlar vasitəsilə süxurlar yuyulmuş və özünəməxsus hala gəlmişdir.


XVIII əsrin əvvəllərinə qədər meşə örtüyü mağaraları insanların gözündən gizlədib. Lakin həmin dövrdə Malayziyadan keçən hind taciri Tambusami Pillay bu mağaralara rast gəlmiş və müharibə tanrısı Muruqana həsr olunmuş məbədi orada ucaltmışdır. Batu mağaraları 1878-ci ildə təbiətşünas Uilyam Templ Hornadey əsərlərindən birində təsvir edildikdən sonra məşhurlaşıb.


14 ildən sonra bu məkanda, dünyanın hər yerindən gələn zəvvarlar üçün, Tamil festivalı keçirməyə başlanıldı və 1920-ci ildə turistlərə mağaranın girişinə 272 pilləli uzun pilləkən əlavə edilərək ən hündür mağaraya giriş imkanı verildi. 2018-ci ildə pilləkən tamamilə yeniləndi. O, göy qurşağının rənglərinə yenidən boyanaraq təsirli vizual effekt yaratdı. Milyonlarla il əvvəl olduğu kimi, bu gün də Batu mağaraları təbiətin təsirinə məruz qalır, buna görə bəzi mağaralar təhlükəli olur və ictimaiyyət üçün bağlanır.


Kompleks üç böyük mağara və bir neçə kiçik mağaradan ibarətdir: Ən məşhuru və çox ziyarət olunan-100 metr yüksəklikdə yerləşən Məbəd mağarasıdır. Növbəti ən böyük, lakin eyni zamanda ən uzunu (2 km)-204 addım yüksəklikdə yerləşən-Qaranlıq mağaradır. O, öz adını tam doğruldur, çünki günəş şüaları heç vaxt möhkəm divarlarından içəri nüfuz etmir. Batunun son böyük mağarası və məbədi qədim hind dastanı qəhrəmanı Ramayananın şərəfinə adlandırılan mağaradır. Onun divarlarında Ramanın şücaətləri, həyat prinsipləri haqqında rəsmlər təsvir olunub, gözəl işıqlandırma ilə xüsusi stendlərdə müxtəlif ölçülü heykəllər quraşdırılıb.


Batu mağaraları, unikal flora və faunasını araşdırmaq istəyən botanikləri və zooloqları cəlb edir, lakin mağaralardan yalnız üçü geniş ictimaiyyət üçün açıqdır.


Batu mağaraları Kuala Lumpur xəritəsində 2,5 km²-dən çox ərazini əhatə edir.