Təbiət

Cücüyeyən bitkilər

Deyirlər ki, həşərat ( cücülər) yarpaqları yeyir, burada qəribə heç nə yoxdur. Demə, yarpaq da mığmığanı tutub yeyirmiş! İnanmırsınızsa,  yaxınlıqdakı bataqlığa səyahət edək.


Budur, mamırın arasında kiçik qırmızımtıl bitki görünür. Bu “ovçu” bitki şehçiçəyidir.


Şehçiçəyinin yarpaqları böyük deyil, lakin qeyri-adidir. Onlara böyüdücü şüşə ilə baxsanız, görərsiniz ki, hər yarpaq qırmızımtıl tükcüklərlə örtülmüşdür. Tükcüklərin ucunda təmiz şeh kimi şəffaf damcı parıldayır.


Budur, hünü ( ağcaqanad) şehçiçəyi yarpaqları üstündə oturur. Yarpaqdakı şeh damcısı deyilmiş, qatı və yapışqanlı selik imiş. Yarpağın tükcüyü hünüyə tərəf əyilməyə başlayır və ona toxunaraq yandırıcı şirə buraxır. Bu şirənin təsiri ilə hünü əriyir və yarpaq onu sorur. Yarpaq yenidən əvvəlki hala düşür. Külək onun üzərindən hününün ayaqlarını və qabığını “süpürüb atır”.


Tezliklə şehçiçəyinin yarpağında yenidən “şeh” parıldayır, ov təzədən başlayır. Bataqlıq torpağında qida maddələri azdır. Buna görə  də şehçiçəyi belə yolla “ yaşamağı” öyrənir.


Tropik ölkələrdə nepentes adlı həşəratyeyən ( cücüyeyən) bitkilər bitir. Onun yarpaqlarının uclarında uzaqdan da görünən küpəciklər yerləşir: bu küpəciklər parlaq sarı və ya qırmızı rəngdə olub çox hamar, şirin və ətirlidir.


Mığmığa şirə tapmaq ümidi ilə yarpağa qonan kimi küpəciyin içinə sürüşür və onun dibindəki maye ilə sorulur.


Yer üzündə təqribən yüz növ həşəratyeyən bitki var.