Görkəmli şəxsiyyətlər

Səməd bəy Mehmandarov

Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli xadim, artilleriya generalı Səməd bəy Sadıx bəy oğlu Mehmandarov 16 oktyabr 1856-cı ildə Lənkəranda anadan olmuşdur.

 

Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıda gimnaziya təhsili almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi (ilkin zabit rütbəsi) alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir.

 

XIX əsrin sonlarında S. Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı və vətəndən uzaqlaşmasına baxmayaraq, dövri mətbuat orqanlarında bu bir sıra yazılar çap etdirmişdir. Onun ictimai narahatlığını əks etdirən “Müsəlmanların geriliyinin səbəbləri”, “İbtidai qiraət dərsləri”, “Müsəlman mühafizəkarlığı əleyhinə”, “Şiələrin dini şəbihləri”, “Müsəlmanların öz-özlərinə işgəncə vermələri haqqında” və s. məqalələri Tiflisdə nəşr olunan “Novoye obozreniye” qəzetinin səhifələrində dərc olunmuşdur. S. Mehmandarov 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. S. Mehmandarov Birinci dünya müharibəsinin də iştirakçısı olmuş, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq etmiş, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirmişdir.

 

Hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915- ci il martın 22-də tam general rütbəsinə layiq görülmüşdür. Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək 1918-ci ilin payızında vətənə qayıtmışdır. 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən S. Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. Mehmandarovun peşəkarlığı, təşkilatçılıq qabiliyyəti, başlıcası isə Azərbaycanın müstəqilliyinə sədaqəti yeni şəraitdə də tezliklə öz təsdiqini tapmış və 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdir.

 

S. Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. 1918-ci il noyabrın 17-də Müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etmişdir. Bununla əlaqədar nazirlik Gəncəyə köçürülmüş və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərmişdir. Paytaxtdan ayrı düşmək qarşıda dayanan mürəkkəb vəzifələrin həllinin operativliyinə təsir göstərsə də, S. Mehmandarovun işgüzarlığı, ətrafına topladığı zabitlərin və generalların iş keyfiyyətlərindən məqsədyönlü istifadə etməsi mövcud çətinliklərin həllində bir dinamiklik yaratmışdır. Zabit kadrlarının sayının artırılmasını S. Mehmandarov ordu quruculuğunun milli zəmin üzərində təkmilləşdirilməsinin mühüm şərti sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılmışdı. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyət göstərmişdir.

 

1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri olmuşdur. Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa vermişdir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də general Əlağa Şıxlinski ilə birlikdə həbs etmişdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olmuş və Ə. Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalmışdır. S. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş, 1929-cu ildə təqaüdə çıxmışdır.

 

Səməd bəy Mehmandarov 1931-ci il fevral 12-də vəfat etmiş, Bakıdakı Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdir.