Bu maraqlıdır!

Şirakava-qo və Qokayama tarixi kəndləri

Şirakava-qo və Qokayama-Yaponiyanın Gifu və Toyama prefekturalarında Yaponiyanın Honşu adasının dağlıq bölgəsində yerləşən tarixi kəndlərdir.


Mədəni əhəmiyyətli unikal ərazi Söqava çayının ucqar vadisində 68 hektar ərazidə üç tarixi dağ kəndindən (Oqimaçi, Aynokura və Suqanuma) ibarətdir. Kompleks "Yerli ətraf mühit və sosial-iqtisadi şəraitə mükəmməl uyğunlaşdırılmış ənənəvi həyat tərzi nümunəsi" kimi 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib.


Region, 250 ildən çox yaşı olan ənənəvi “Qassö-dzukuri” (Gassho-zukuri) üslublu evlər ilə tanınır. Qassö-dzukuri ifadasənin birinci hissəsi "əllərini dua edirmiş kimi tutmaq" (bu məna birbaşa olaraq kənd evlərinin samandan tikilmiş damlarının görünüşü ilə bağlıdır ki, bu da dua zamanı yığılmış Buddist rahiblərin əllərinə bənzəyir), ikinci hissəsi isə "konstruksiya" mənasını verir. 


Ənənəvi yapon evlərin memarlıq üslubu qışda bölgəyə yağan qarın böyük miqdarına tab gətirmək üçün dizayn edilmiş və nəsillər boyu qorunub saxlanılmışdır. Hər iki kənddə yaşayan sakinlərinin əsas məşğuliyyəti tut ağaclarının yetişdirilməsi və ipəkqurdunun çoxaldılması idi. İpəkqurdlarının daha effektiv çoxaldılması üçün evlərin sonuncu mərtəbəsi xüsusi olaraq onlar üçün uyğunlaşdırılmışdır.


Qassö-dzukuri üslubunun xüsusiyyətləri: 


- Bu üslubda inşa olunmuş ənənəvi yapon evinin damı təxminən 60 dərəcə bucağa malikdir, yəni demək olar ki, bərabəryanlı üçbucaq formasında olur. Həmçinin bu cür evlərin inşası zamanı mismardan istifadə edilmirdi.


- Belə hündür və dik dam evin içərisinə qar, yağış suyunun və ya rütubətin daxil olmasının qarşısını alırdı. 


- Evin sahəsi kifayət qədər böyük idi (üç və ya dörd yarus) və tarixən böyük ailələrin yaşaması üçün nəzərdə tutulurdu.


- Yapon evinin daxili tərtibatı maksimum səmərəli şəkildə istifadə edilirdi. Adətən onun ayrı-ayrı otaqları ipəkqurdunun bəslənməsi və yaxud ənənəvi vasi kağızının istehsalı üçün düzəldilirdi. Qış aylarında belə məşğuliyyət dağ sakinləri üçün etibarlı gəlir mənbəyini təmin edirdi.


- Evin girişi bir qayda olaraq, küləyin əsas istiqamətinə perpendikulyar yan tərəfdə yerləşirdi.


Ənənəvi memarlıq üslublu evləri ilə seçilən Yapon kəndləri ərazinin təcrid olunması səbəbindən yüz illər boyu qorunub saxlanılmışdır. Minamoto qəbiləsinin döyüşçülərinin Tayra qəbiləsini məğlub etdiyi 1185-ci il döyüşündən sonra bu bölgə uzun müddət diqqətdən kənar qaldı. Ölkənin digər bölgələrində modernləşmə kifayət qədər aktiv olsa da, bu ərazilərdə vaxt dondu, yerli adət-ənənələr, həyat tərzi dəyişməz qaldı. İndiyədək kəndlərdə üç əsrdən çox əvvəl tikilmiş evlər qorunub saxlanılıb.


Haku-san dağı bu ərazidə əsas dağdır və qədim zamanlardan müqəddəs zirvə sayılır. Şirakava-qo kəndindən çox uzaqda Oqimati qalası yerləşir. Kənd ərazisində insanların keçmiş günlərdə necə yaşadıqlarını nümayiş etdirən “Vada” və “Naqase” muzeyləri fəaliyyət göstərir. 


Xarici ölkələrdə Şirakava-qo kəndinə maraq ilk dəfə 1935-ci ildə başladı. Alman memarı Bruno Taut Yaponiyada yaşayan zaman, bu kəndlərə baş çəkmiş və onların memarlığını yüksək qiymətləndirmişdi. Kəndin adı yapon dilindən “Beş dağ” kimi tərcümə olunur. Müasir dövrdə kəndin əhalisi 1734 nəfərə yaxındır.