Bu maraqlıdır!

Düzgün istirahət

Orqanizmin sağlamlığının əsas şərtlərindən biri hərəkətdir. Ancaq hərəkət etməklə yanaşı istirahət etmək də zəruridir.

 

İnsan orqanizmində olan əksər orqanlar həm işləyir, həm də istirahət edir. Ürəyin, əzələlərin, sinir sisteminin, həzm orqanlarının və s. necə işlədiyini bilirsiniz. Buradan belə nəticəyə gəlmək olar ki, istirahət fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa, sağlamlıq da yoxdur. Çünki istirahətsiz orqanizmin fəaliyyəti pozulur, hətta orqanlar, toxumalar, hüceyrələr zədələnir. Bunun nəticəsində müxtəlif xəstəliklər yaranır.

 

Fiziki və zehni iş zamanı sinir hüceyrələri oyanır. Əgər bu oyanmalar çox davam edərsə, sinir hüceyrələrinin fəaliyyəti avtomatik olaraq ləngiyir, qıcıqlan qəbul etmir və beləliklə, özlərini məhv olmaqdan qoruyur. Belə hallarda istər fiziki, istərsə də zehni işi dayandırmaq lazımdır ki, beyin qabığının və əzələlərin işi bərpa olunsun.

 

İstirahətin iki növü vardır: fəal (hərəki) və qeyri-fəal (passiv) istirahət.

 

Fəal istirahət zamanı əzələlər və sinir sistemi öz iş qabiliyyətini daha tez bərpa edir. İvan Mixayloviç Seçenov təcrübələr zamanı müəyyən etmişdir ki, sağ əl yorulduqda onun yorğunluğunu tam istirahət yox, sol əllə işləmək daha tez aradan qaldırır. Zehni iş zamanı yorulanda isə orqanizm fiziki işə keçsə, onun yorğunluğu daha tez aradan qalxır.

 

Ancaq orqanizm öz iş qabiliyyətini fəal istirahətlə bərpa etsə də, insanın qeyri-fəal istirahətin bir formasına - yuxuya çox böyük ehtiyacı vardır. Düzgün yuxu rejimi (eyni vaxtda yatıb, eyni vaxtda oyanmaq) böyük sağlamlaşdırıcı əhəmiyyətə malikdir. Bəzi insanlar gündüzlər 1-2 saat yataraq gecə yuxusunun müddətini qısaldırlar. Bu zaman orqanizmə ziyan dəyir. Səkkiz saatlıq yuxu insanın qeyri-fəal istirahətinə olan tələbatını ödəyir. Fəal istirahət asudə vaxtdan səmərəli istifadə etməyə imkan yaradır. Ancaq bu o zaman əhəmiyyətli olur ki, sinir sisteminin müxtəlif mərkəzləri növbə ilə işləsin. Məsələn, paltar ütüləmək zehni işin yorğunluğunu aradan qaldırır. Ancaq elmi ədəbiyyat oxumaq siyasi ədəbiyyat oxumaqdan yaranan yorğunluğu aradan qaldıra bilməz.

 

Fəal istirahət səmərəli olur:

 

vərdiş edilmiş peşə fəaliyyətindən kəskin fərqləndikdə;
müxtəlif əzələlər iş gördükdə;
passiv və hərəki istirahət mərhələləri növbələşdikdə.

 

Passiv istirahət:
kitab oxumaq;
televizora baxmaq;
şahmat oynamaq;
mənzərə seyr etmək;
incəsənət nümunələrinə baxmaq və s.


Fəal istirahət:
fiziki məşqlər;
idman oyunları;
gəzinti;
bağda iş;
yüngül ev işləri və s.

 

Uşaq və yeniyetmələrin istirahətində üstünlük fəal istirahətə verilir.

 

Ancaq çox vaxt uşaqlar və gənclər əsl istirahətin nə olduğunu dəqiq müəyyən edə bilmirlər. Onlar belə düşünürlər ki, saatlarla kompüter və televizor qarşısında oturmaq, planşet, mobil telefonlarda oyunlar oynamaq elə istirahətdir. Ancaq bu texniki vasitələrin müxtəlif orqanlara, xüsusən də sinir sistemi və gözlərə zərər vurduğu məlumdur.

 

Bəzən deyirlər ki, “İnsan istirahət edir ki, daha yaxşı işləsin”, “İnsan işləyir ki, istirahətə imkan olsun”. Bu fikirlərdən belə çıxır ki, istirahət iş qabiliyyətini qorumaq üçündür. Ancaq yaxşı təşkil edilmiş istirahət sağlamlığı möhkəmləndirmək və iş qabiliyyətini bərpa etməklə bərabər, özlüyündə bir çox xoş duyğuların, müsbət emosiyaların mənbəyidir.