Herkules Qülləsi
Herkules Qülləsi (ispanca: Torre de Hércules) - İspaniyanın Qalisiya, La Korunya şəhərindən 2,4 kilometr (1,5 mil) şimal-qərbdə yarımadada yerləşən qədim Roma mayakıdır. XX əsrə qədər qüllə "Farum Brigantium" adı ilə tanınırdı. Bu qüllə yeganə işlək vəziyyətdə olan qədim Roma mayakıdır. Öz unikallığına görə 2009-cu ildə UNESCO-nun mühafizəsinə götürülüb.
Herkules Qülləsi təxminən 60 metr yüksəklikdə bir təpədə ucaldılıb və 57 metr hündürlüyə malikdir. Bu, İspaniyanın üçüncü ən hündür mayakıdır. 1791-ci ildə təmir edilmiş strukturun təxminən 1900 yaşı var və hələ də istifadə edilən ən qədim Roma mayakıdır.
Güman edilir ki, qüllə I əsrin sonu və ya II əsrin əvvəllərində, imperator Trayanın hakimiyyəti dövründə (98-117) Qalisiya sahilləri boyunca istiqaməti asanlaşdırmaq məqsədilə tikilib.
Qüllənin adı-Yunan-Roma mifologiyasının qəhrəmanı Herkulesin titan Geryonun başını kəsməsi əfsanəsi ilə bağlıdır. Herkules sonra Geryonun başını bu təpəyə basdırmışdır.
Mayakın əsl tarixi X əsrdə, müasir Qalisiyanın romalılar tərəfindən işğal edildiyi zaman başlayır. O dövrdə La Korunyanın sahillərində tez-tez gəmi qəzaları baş verdiyi üçün, yer "Ölüm Sahili" kimi tərcümə olunan “Kosta de Morta” adlanırdı. Dənizçiləri qorumaq və gəmiləri xilas etmək istəyən romalılar dəyişən Atlantik okeanı sularını seyr etmək məqsədilə Herkules qülləsini inşa etdilər. Eramızın II əsrində, imperator Trayanın dövründə memar Kay Serviy Lupo bu yerdə mayak tikdirdi. İndi bu qüllə- Roma dövründən qalan dünyada yeganə işlək mayakdır.
Orta əsrlərdə qüllə hərbi istehkam kimi xidmət edirdi. III Çarlz (və ya III Karl) dövründə mayakın yenidən qurulması işlərinə başlanılıb.
Qüllə, 1791-ci ildə memar Eustakio Giannininin rəhbərliyi ilə tamamlanıb. Daxildəki taxta pilləkən daş pilləkən ilə əvəz edilib və Roma divarları neoklassik üslubda üzlənib.1806-cı ildə mayakın lampası fırlanan lampa ilə əvəz olunub və kömür əvəzinə yağdan istifadə edilib. Elektrik işığı burada 1927-ci ildən istifadə olunur. Mayak dənizçiləri 32 mil məsafədə təhlükə barədə xəbərdar edir. İşıq siqnalları hər 20 saniyədən bir göndərilir.
Qüllə, XVII əsrə qədər sahildəki ən mühüm mayaklardan biri rolunu oynadı, lakin zaman keçdikcə əhəmiyyətini itirdi və yararsız hala düşdü. Təxminən yüz ildir ki, qüllə tərk edilmiş vəziyyətdə idi və onun yeganə ziyarətçiləri köhnə mayakda leysan yağışlarından gizlənən ac qağayılar və nadir yorğun dənizçilər idi. XVIII əsrdə yerli memarlara mayakın bərpası, onu əvvəlki dəbdəbəsinə və əhəmiyyətinə qaytarmaq tapşırığı verildi və tezliklə İspaniyada ilk mayakçılar məktəbi açıldı.
26.12.2022