Təbiət

Qeyzerlər

Vulkan və zəlzələlər baş verən ərazilərdə rast gəlinən bu təbiət hadisəsinin yaranma səbəbi haqqında danışaq. Belə ki, Yerin daxilinə doğru dərinliyin artması ilə temperaturun dərəcə göstəricisi yüksəlir. Bu səbəbdən yeraltı suların da istilik dərəcəsi artır və hətta 100°C-dən də çox ola bilir. 

 

O zaman bu sular yer səthinə necə çıxır? Zəlzələ və vulkan hadisələri baş verərkən yer qabığında çatlar yaranır. Çatlar vasitəsilə təzyiq hesabına yer səthinə fəvvarə şəklində çıxan bu sulara qeyzerlər deyilir. Bu zaman yer səthində yaranan çökəklik qrifon adlanır. 

 

Yer səthinə çıxdığı zaman qeyzerlərin hündürlüyü 1 metrdən 100 metrə qədər dəyişə bilir. Bəzən isə su fontanının hündürlüyü 100 metri də keçə bilir. Belə ki, dünyada ən hündür fontan formalaşdıran qeyzer ABŞ-ın Yellouston Milli Parkında yerləşən "Steamboat" qeyzeridir (püskürən zaman 116 metr hündürlüyə qalxmışdır). Dünyada aktiv qeyzerlərin sayı 1000-ə yaxındır. 

 

Qeyzerlərə İslandiya, ABŞ, İtaliya, Rusiya, Yeni Zelandiya kimi ölkələrdə rast gəlinir. 

 

Yaşayış məskənlərinin qızdırılmasında, enerji alınmasında (GeoES) qeyzerlərdən istifadə olunur.