Görkəmli şəxsiyyətlər

Heydər Hüseynov

Heydər Nəcəf oğlu Hüseynov 1908-ci ildə İrəvanda doğulmuşdur. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlar zamanı onların ailəsi əvvəlcə Batum şəhərinə, sonra isə Stavropola köçmüş, nəhayət 1920-ci ildə Bakıya gəlmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. 1935-ci ildə onun “Dialektik materializm” adlı ilk fəlsəfi əsəri dərc olunmuşdur. Alim-filosof, ədəbiyyatçı, ictimai xadim, Azərbaycan EA-nın akademiki, SSRİ Dövlət Mükafatı laureatı olmuşdur.


Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ EA-nın Ensiklopediya və Lüğətlər İnstitutu filialının direktoru, 1940-1945-ci illərdə SSRİ EA Azərbaycan filialının sədr müavini, eyni zamanda Azərbaycan KP(b) MK nəzdində Partiya Tarixi Institutunun direktoru olmuşdur. 1939-cu ildə M. F. Axundovun fəlsəfi görüşləri haqqında namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər ADU-da fəlsəfə kafedrasına rəhbərlik etmişdir.  1944-cü ildə fəlsəfə elmləri doktoru adına layiq görülmüş və bir il sonra Akademiyanın həqiqi üzvü seçilmişdir. 1945-ci ildən etibarən Azərbaycan SSR Elmər Akademiyasında rəhbər vəzifələrdə çalışmış, Akademiyanın vitse-prezidenti, ictimai elmlər şöbəsinin sədri olmuşdur.


Heydər Hüseynov “M. F. Axundovun fəlsəfi görüşləri”, “Nizaminin ictimai görüşləri”, “Görkəmli Azərbaycan alimi A. Bakıxanov” monoqrafiyalarını və Füzuli, M. Kazımbəy, Zərdabi, Vazeh, S. Vurğun, C. Cabbarlı, Ə. Şıxlinski və onlarla dahi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən əsərlər yazmışdır. H. Hüseynov 4 cildlik “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biridir. Bu lüğətin müəllifləri 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdülər. Onun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən”(1949) adlı sanballı monoqrafiyasında Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikrinin inkişaf mərhələləri təhlil edilmişdir. Bu əsər 1950-ci ildə Stalin mükafatına layiq görülmüşdür. Lakin monoqrafiyanın müəllifi Mircəfər Bağırovun qəzəbınə tuş gəlir və təqib olunur. Beləliklə, XX əsrdə Azərbaycanın ən böyük aliminə qarşı iftiralar baş qaldırır. Heydər Hüseynov özünün həbs olunmağını gözləməyib, 1950-ci ildə böhtanlara dözməyərək, özünü intihar etmişdir.