Təbiət

Canlıların təsnifatı

Yer üzərində yaşayış mühitinə, həyat tərzinə, quruluşuna görə fərqlənən çoxlu canlı yaşayır. Bu canlıları qruplaşdırmaq problemi hələ qədim dövrlərdən alimləri maraqlandırırdı. Əvvəllər onları insan üçün faydalı və ya zərərli olmasına görə qruplaşdırırdılar. Məsələn, bitkiləri qruplaşdırarkən onların zəhərli və ya müalicəvi xüsusiyyətləri, heyvanların isə vəhşi və ya ev heyvanları olması prinsipi əsas götürülürdü.

 

Canlıların öyrənilməsini asanlaşdırmaq üçün bioloqlar onları ümumi əlamətlərinə görə qruplara bölürlər. Canlıların müxtəlifliyini öyrənən elm sistematika adlanır. Təsnifatın ən kiçik vahidi növdür.

 

İlk təsnifat sistemi İsveç alimi K.Linneyə məxsusdur. O, təsnifat vahidi kimi növü əsas götürmüşdür.

 

Karl Linney hər bir növü adlandırmaq üçün sələfləri tərəfindən təklif olunan ikiqat latın adlarını elmə daxil etmişdir; məsələn, “Canis familiaris” - ev itinin latınca adıdır. Bunlardan birinci söz - orqanizmin hansı cinsə, ikinci söz isə birinci ilə birlikdə hansı növə mənsub olduğunu bildirir.

 

Oxşar növlər cinslərdə birləşdirilir. Oxşar cinslər fəsilələrdə, fəsilələr isə dəstələrdə (heyvanlarda) və sıralarda (bitkilərdə) yerləşdirilir.

 

Oxşar dəstələr siniflərdə, siniflər tiplərdə (heyvanlarda) və şöbələrdə (bitkilərdə), onlar isə öz növbəsində aləmdə qruplaşdırılır. Canlı orqanizmlərin təsnifatında bakteriyalar, bitkilər, heyvanlar və göbələklər müəyyən yer tutur.

 

Orqanizmlərin qruplaşdırılması ixtiyari olmayıb elmi mənbələrə əsaslanır. Müasir sistematikada canlıların mənşəyi, quruluş xüsusiyyətləri və qohumluq əlaqələri əsas götürülür. Təsnifat sistemində canlılar sadədən (ibtidaidən) mürəkkəbə (aliyə) doğru yerləşdirilir. Bu,Yer üzərində canlılar aləminin tarixi inkişafını əks etdirir.

 

Canlıların iştirakı olmadan Yer üzərində həyatın mövcudluğu mümkün deyil. Belə ki, bitkilər karbon qazını udaraq havanı canlıların tənəffüsü üçün zəruri olan oksigenlə zənginləşdirir və planetin qaz tərkibinin sabit saxlanılmasında iştirak edir. Bitkilərin yaratdığı üzvi maddələr onların öz qidasını, həm də otyeyən heyvanların qidasını təşkil edir. Həmin heyvanlar isə öz növbəsində yırtıcı heyvanların qidasını təşkil edirlər. Bu orqanizmlər məhv olduqdan sonra onların qalıqlarının bakteriya və göbələklərin təsirindən çürüməsi nəticəsində torpaq çürüntü ilə zənginləşir və yeni torpaq qatı yaranır. Ölmüş orqanizmlərin qalıqlarının çürüməsi zamanı yaranan mineral maddələr yenidən bitkilər tərəfindən mənimsənilir.