Bu maraqlıdır!

Danimarkanın qədim Torvaldsen Muzeyi

Torvaldsen Muzeyi – Danimarkalı rəssam və heykəltəraş, son klassizmin ən parlaq nümayəndəsi, ömrünün çox hissəsini Romada yaşayıb işləmiş, Bertel Torvaldsenin (1770-1844) sənət və yaradıcılığına həsr olunmuş qədim muzeydir.

 

Muzey Kopenhagenin mərkəzində, Kristiansborq Sarayının yanında kiçik Slotsholmen adasında yerləşir.

 

Maykl Qottlib Bindesbel tərəfindən layihələndirilən binanın tikintisi 1838-48-ci illərdə sona çatdırılıb. 18 sentyabr 1848-ci ildə muzeyin açılışı olub və Danimarkada ilk ictimai muzey binası kimi fəaliyyət göstərməyə başlayıb.

 

Torvaldsen Muzeyi, məhz heykəltəraş Bertel Torvaldsenin həyatını və sənətini nümayiş etdirmək məqsədilə tikilib və bu gün hələ də 150 ​​il əvvəl açıldığı zaman olduğu kimi görünür. Muzeydə Torvaldsenin bir çox Avropa ölkələri üçün yaratdığı heykəllərin orijinal modelləri demək olar ki, hamısı qorunub saxlanılıb. Əsərlər əsasən mərmərdəndir. Torvaldsenin idealizə edilmiş portret büstləri, Avropanın hər yerində tələb olunurdu. Mərmərdə təkcə monarxlar (məsələn, I İskəndər) deyil, həm də müxtəlif dövlətlərin aristokratiyasının çoxsaylı nümayəndələri (o cümlədən Rusiya da) əbədiləşdirilirdilər. Ən yaxşı portretlərindən biri də özünün portretidir (1839). Torvaldsen eyni zamanda Yozef Ponyatovski (Varşavada knyaz Yozef Ponyatovskinin abidəsi, 1820-1829), N. Kopernik (Varşavadakı Nikolay Kopernikin abidəsi, 1829-1830), C. Bayron (Kembric, 1830-1831), F. Şiller (Ştutqart, 1835-1839) və s. abidələr yaradıb.

 

Torvaldsen Muzeyinin tikintisində qədim yunan memarlığından geniş istifadə edilib. Muzey heyrətamiz bəzəkləri ilə Kopenhagendəki bütün digər tikililərdən fərqlənir. Binanın fasadları ağ, mavi və yaşıl zolaqlara boyanıb və onların üzərində demək olar ki, binanın hər yerində həkk olunan çoxsaylı fiqurları olan mənzərəli frizlər görmək mümkündür! Muzeyin hər bir otağında unikal “qrotesk” tavan bəzəyi var.

 

Muzeyin iç divarları dərin və zəngin rənglərlə örtülüdür və hər otaqda mifoloji motivlər, gözəl ornamentlər və bir çox qeyri-adi detallar və xüsusi hazırlanmış mozaika döşəmələri ilə fərdi dizayn edilmiş tavan var.

 

Muzeydə həmçinin Torvaldsenin sağlığında topladığı rəsm əsərləri, Yunan, Roma və Misir antikvarları, rəsm və kitablar, medallar, məktublar, işində və gündəlik həyatında istifadə etdiyi bir çox şəxsi əşyalar nümayiş etdirilir.