Nağıllar, hekayələr

Eşqin Məmmədov. Uşaqlara yalan danışmayın

İki ildən bir qədər çox olardıkı Qarabağ müharibəsi bitmişdir. İndi ölkə keçid dövrünü yaşayırdı. Hər bir sahədə canlanma aydın hiss edilirdi. 

 

Ramiz müharibə iştirakçısı olmuşdur. Onun sağ ayağında mərmi qəlpələri hələ də qalmaqda idi.

 

O, qara, iri, hündür gözləri qançırma olmuş bir adam idi. Onun iki qızı vardı. Arvadı oğlan uşağına yenicə hamilə qalmışdır.


Böyük qızı Bəsti idi. Bəsti yaraşıqlı uşaq olmasa da, insana olan məhəbbəti ona qarşı mehribanlıq yaradırdı. Bəstinin altı yaşı vardı.


Günlərin biri Ramiz yeni çıxan Orvika adlı ağ - qara ekran bir televizor aldı. İndi ailə hər gün axşamlar televizora baxardı. İşıqlar o zaman tez söndüyü üçün, hər zaman  elektrik enerjisindən istifadə etmək olmurdu. Ona görə də yalnız axşam saatlarında televizora baxa bilirdilər.  Son zamanlar orbit saqqızın reklamını mütəmadi olaraq göstərirdilər. Reklam çarxındakı oğlan  saqqızı çeynəyib, nəfəsini çölə püskürdəndə hər tərəf donurdu. Sonra o dənizin üstünə üfürür, dəniz  bir saniyə çəkmədən buza dönürdü. Bu çarx altı yaşlı Bəstini tam heyrət və təəccübə salmışdır. Öz beynində götür - qoy edirdi.

 

- Görən doğrudan belədir? Bəlkə atamdan soruşum, axı o ən güclü adamıdır. Həm də hər şeyi bilir. 


Bu düşüncə ilə divanda dirəsəklənmiş atasından soruşdu.


- Ata, bu oğlan doğurçu suyu buza döndərir? 


Atası gülümsəyib, cavab verdi.


- Hə qızım. Dondurur. Pulum olsun sənə saqqız alacam.


Bir müddət keçdikdən sonra, saqqız almaq atanın yadından çıxır. Bəsti ümid etsə də, Ramiz saqqızı gətirib çıxarmırdı. 


Günlərin birində anası ilə kənd dükanından,( o zamanlar kənd əhli "kamsiyonnu" deyərdilər.) Alış-veriş edəndə, Bəsti orbit saqqızını tanıdı.


- Ana, bax  televizorda oğlan çeynəyən saqqızdandır. 


- Qızım, ağıllı ol. İndi saqqız vaxtı deyil. Sonra atan gəlib alar. 


Anası ona bir ədəd ballıqoz alıb, evə qayıtdı. 


Bir xeyli keçmişdisə də, Bəsti o hadisəni unutmur, əksinə,onda təcrübəni keçirmək istəyi şiddətlənirdi. Bəsti hinə gedib, xəlvət iki toyuq yumurtasını götürüb salafana bükdü, köynəyinin altına salıb, Mübü əminin dükanına gəldi. 

- Əmi, mənə  orbit saqqızı verdə. İki yumurtam var. 


- Qızım, bu saqqız o biri saqqızlardan bahadır. Bu iki yox, dörd yumurtaya edir. Get daha ikisini gətir, saqqızı apar. 


- Mübü əmi, bu saqqız niyə bahadır?


- Bu daha keyfiyyətlidir, ona görə bala ! 


- Suyu dondurur elə mi?
Qızı başından rədd etmək istəyən dükançı:


- Hə qızım , hər şey edir. Di get.


Qız fərəhli və sevincli evə qaçdı. O, düşünürdü ki, atası və Mübü dayı yalan deməzlər. Saqqız doğrudanda reklamdakı kimidir. 


O, hindən daha iki ədəd yumurta götürüb, dükana qayıtdı. Saqqızı alıb, qaçaraq kəndin tən ortasından keçən enli su arxının üstünə gəldi. Əvvəlcə üstü par-par yanan orbit qutusunu açmaq istəmədi . Sonra qutunu açıb, bir ədəd saqqız götürüb ağzına qoydu. 

 

Qız ömründə ilk dəfə bu dadda saqqız çeynəyirdi. Onun ağzını istiotlu dad yandırırdı. O, suya var gücü ilə üfürdü, amma heçnə donmurdu. Biraz fikirləşdi.

 

- Aha tapdım. Bura arxın yanıdır ona görə donmur. 


O, arxın üstündəki torpaq körpünün üstünə çıxıb, yenə var nəfəsini suyun üstünə üfürdü. Amma yenə də alınmadı. Qız daha sonra reklamdakı kimi iki ədəd yeni saqqızı eyni anda çeynədi və üfürdü ; amma dəyişən bir şey yox idi. 


İndi onun körpə qəlbi məyusluq içində idi. Onun gözləri yaşla dolmuşdu. Xırda oval dənəciklər yanağında diyirlənib, nazik sifətindən boğazına axışırdı. Uşaq sanki nəsə ağır bir şey itirmiş kimi davranırdı.  Bəsti artıq anlamışdım ki, atası və Mübü dayı ona yalan danışıb.