Naxçıvan milli rəqsləri
Rəqs sənətimizin tarixi xeyli qədimdir. Hələ insanlar ibtidai icma quruluşunun ilk mərhələlərində əllərini bir-birinə vuraraq, ahəngdar səs-sədalar altında rəqs etmişlər. Azərbaycan xalqı uzun əsrlər boyu rəngarəngliyi və coşğunluğu ilə insanı valeh edən rəqslər yaratmışdır. Həmin rəqslər öz xoreoqrafik mürəkkəbliyi, hərəkətlərin həmahəngliyi, zərifliyi və dəqiqliyi, oynaqlığı və şuxluğu ilə insanlara böyük mənəvi zövq vermişdir. Bu zəngin mənəvi sərvət sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşmış, cilalanmış və büllurlaşmışdır.
Qədim Naxçıvanın ərazisində yayılmış yallılar müxtəlif adlarla tanınır və onların hər birinin adı hər hansı hadisə, rəvayət və əfsanələrlə əlaqəlidir. Məsələn, "Üçpəncə", "Turacı" və s. kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülüb.
İbtidai forması istilik, işıq və isti yemək mənbəyi olan od ocağı ətrafında mərasim təntənəsi şəklində olan yallının tarixi olduqca qədimlərə gedib çıxır. "Yal" – cərgədir, zəncir xəttidir. "Yallı"nı oynayanlar bir və ya iki cərgədə, bəzən də bir neçə cərgədə dururlar.
Ənənəvilik və adət formasını almış yallılar iki şəkildə - rəqs və oyun yallısı olmaqla zaman keçdikcə cilalanmış, yeni boyalarla zənginləşmiş, yeni hərəkətləri özündə birləşdirərək bu günümüzə gəlib çatmışdır. Yüzə qədər növü olan yallılardan bir qisminin yaranma məkanı Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan torpağıdır. Əsrlərin qaynağından süzülüb gələn, milli varlığımız sayılan yallılardan "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-qazı", "Hoynərə", "Şərur yallısı", "Dörd ayaq", "Urfanı", "Arazı", "Siyaqutu", "Xələfi", "Qənimo", "Nareyi", "Qaladan-qalaya", "Üçayaq", "Üçaddım", "Köçdü balaban", "Gülümeyi", "Hağışda", "Zarı-zarı" və s. bu qəbildəndir.
Zarı-zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan “Zarı-zarı” rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Üç pəncə - Əfsanəyə görə qədim zamanlarda bir kəndli meşədə odun yığarkən bir ayının üç pəncə üzərində gəzdiyini görür. Ayı dördüncü pəncəsi yaralı olduğuna görə ayağını qatlayaraq, tullana-tullana yeriyirmiş. Bu hərəkət isə rəqsə oxşayır, rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri altında “Üç pəncə” yallısını düzəldir, qurur. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda və onun əhatə etdiyi kəndlərdə “Üç pəncə” yallısı maraqla ifa edilir. Çox zaman yaşlı adamların ifa etdikləri bu rəqs iki hissəlidir. Sakit və yeyin hissələrdən ibarətdir.
Arazı – Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı “Papuro” da adlanır.
Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld, çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə, toy və bayram mərasimlərində bu yallı növü folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
El yallısı (iki ayaq) – Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ifa olunan “El yallısı” 3 hissədən və getdikcə artan tempdən ibarət olan yallı növüdür. İştirakçıların kiçik barmaqları bir-biri ilə birləşmiş və aşağı salınmış vəziyyətdə ifa etdikləri “El yallısı” sadə hərəkətlidir, lakin ifa edilməsi çətindir. Naxçıvan şəhərində, Şahbuz rayonunun toy şənliklərində yallı həvəskarları tərəfindən böyük həvəslə ifa edilərək yaşadılır.
Şərur yallısı - Bu yallını ən çox cavanlar və uşaqlar ifa edirlər. 6-8 ifaçıdan ibarət olan yallı iki - orta və cəld hissələrdən ibarət olur. Rəqs zamanı əllərin vəziyyəti qəribə olur: bir nəfərdən bir iştirakçılar arxadan əl-ələ verirlər. I rəqqasın (yallıbaşının) sağ əlində dəsmal olur, sol əlilə arxadan III rəqqasın sağ əlini tutur. II rəqqas sağ əlilə I rəqqasın belindən, sol əli ilə isə arxadan IV rəqqasın sağ əlindən tutur. III rəqqas sağ əli ilə I rəqqasın sol əlini, sol əlilə isə V rəqqasın sağ əlini tutur. “Şərur” yallısı əsasən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərli rayonlarındakı folklor kollektivlərinin repertuarının əsasını təşkil edir.
Dördayaq – Azərbaycan xalq yallısının adı rəqsin əvvəlində ifaçıların yırğalanaraq dörd addım atmalarından götürülmüşdür. Bu yallı ən qədim yallılardan hesab olunur. Şərur rayonunda yaranmış yallı sonralar daha geniş yayılaraq milli-mənəvi dəyərləri yaşadanların ən sevimli yallılarından biri olmuşdur. İştirakçılar çeçələ barmaqları ilə çiyinləri səviyyəsində bir-birindən tuturlar. Asta və sürətli hərəkətlərdən ibarət olan yallını həm qadınlar, həm də kişilər ifa edirlər. Naxçıvanın Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də onların əhatə etdiyi kəndlərin toy məclislərində və keçirilən mədəni-kütləvi tədbirlərdə ifa edilir.
Turacı – Turacı rəqsinə dair Naxçıvanda belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulunun çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir. Bu mənzərəyə heyran qalmış xan ucadan deyir: "Sən lap turac kimi oynayırsan". O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqsi “Turacı” adlandırırlar. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərinə aid olan rəqsin adı Naxçıvan Müəllimlər İnstitutunda yaradılmış qızlardan ibarət folklor rəqs kollektivinə verilərək yaşadılır.
Gülümey - Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan “Gülümey”i oxuyanın “ay gülüm hey” kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən “Xınayaxdı” deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi “Xınayaxdı” mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə “Gülümey”ini (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub-oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər. Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar.
Köçəri – Azərbaycanda, xüsusən Naxçıvan Muxtar Respublikasında daha çox yayılmış yallı növlərindəndir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üç variantlıdır. Kişilərin və qadınların ya ardıcıl olaraq, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə yallıbaşı əlinə çubuq alır. Bu çubuq ifaçıları cəzalandırmaq üçün yox, əslində rəqs xarakterlidir.
Qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarında nümayiş olunmaqla, toy şənliklərinə xüsusi rövnəq verir.
Urfanı – Şərurun şah yallısıdır. Əzəmət, vüqar, mərdlik və sair hərəkətləri ilə zəngin olan, mürəkkəb quruluşa malik və ifaçıdan yüksək rəqs etmək qabiliyyəti tələb edən, əsasən kişilərdən ibarət bu yallı ən qədim yallılar sırasına daxildir. Naxçıvan şəhərində, Şərur, Şahbuz, Ordubad və Kəngərli rayonlarında Urfanı yallısını qadınlar kişilərlə qarışıq halda ifa edirlər. Cavanlar çox vaxt öz oyunlarını, bacarıq və məharətlərini nümayiş etdirmək üçün məclis və toy şənliklərində bu rəqsi sifariş edirlər. Çox asta və iti ifa olunan “Urfanı” iki variantlıdır. Qeyd etmək lazımdır ki, bu yallı çox çətindir və onu asta-asta, ayrı-ayrı elementlərdən başlayaraq öyrənmək lazımdır.
Yallının xarakterik xüsusiyyətlərindən biri də odur ki, həm kişi, həm də qadın yallıbaşılar oyunun ifası məqamında əllərində taxtadan düzəldilmiş qılınc tuturlar. Rəqsin əvvəlində onlar həmin taxta qılıncları meydanın ortasına atırlar. Bir-birinin dirsəyindən tutaraq barmaqlarını çarpazlaşdırmış vəziyyətdə sıx duraraq sola hərəkət edilir. Hərəkətlər çox sadədir-sağa addım atmalı, sol ayağı sağın qarşısına çarpaz qoymaq lazımdır.
Üçayaq – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaranmış qədim xalq rəqsi Naxçıvan şəhərində və Şərur rayonunda yaranmış “Tənzərə” rəqsindən xeyli fərqlənir. Bu rəqsdə oyunlar olmur, yəni rəqs xarakterli yallılardır. Yallı asta və sürətli hissələrdən ibarətdir.
Zarı-zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan “Zarı-zarı” rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Asma-kəsmə - Bu rəqs ən qədim ənənəvi toy mərasimi rəqslərindəndir. Hazırda Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək, Şərur, Sədərək və Kəngərli rayonlarında, eləcə də Naxçıvan şəhərindəki toy şənliklərində ifa olunur. Ona görə bu rəqsə belə ad verilib ki, musiqinin sədaları altında gəlini bəy evinə gətirirlər. Gəlini köçürəndə musiqiçilər çalar, gəlini müşayiət edən qadınlar isə onun qarşısında oynayarlar. Rəqs mahnı ilə müşayiət olunur. Mahnını rəqs edənlər və tamaşaçılar oxuyurlar. Rəqsin tempi aramdır, bir qədər mübaliğəli, sıçrayışlı şəkildədir.
Kəsmə - Naxçıvanda geniş yayılmış ən qədim rəqslərdən biridir. Musiqisi sadə, lakin maraqlıdır. Komik rəqslər silsiləsinə daxildir. Onu ancaq kişilər ifa edirlər. Rəqs üçün atılma, tullanma, şıdırğı vurma, sıçrama hərəkətləri səciyyəvidir. İfaçı onu mümkün qədər məzəli tərzdə oynamağa çalışır. “Kəsmə” Naxçıvan Muxtar Respublikasının bütün rayonlarının toy şənliklərində ifa olunan qədim rəqslərdəndir.
Qızlar bulağı – Bu rəqsdə bəhs olunan bulaq Naxçıvan şəhərindədir. Burada qızlar yığışar, çalıb-oynayar, mahnı oxuyardılar. “Qızlar bulağı” rəqsi də buradan meydana gəlib. Bu rəqsin melodiyasını indi də Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək, Sədərək, Kəngərli, Şahbuz rayonlarındakı və Naxçıvan şəhərindəki şənliklərdə eşitmək olur.
“Tello” - kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki - orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı - qız adından irəli gələn mahnı yallısıdır.
Uzundərə - Şərur rayonunda uzaq keçmişdə cəld templi oyun yallısı olub. Onu bir cərgəsi kişilərdən, digər cərgəsi isə qadınlardan ibarət iki cərgə oynayıb. Kişilərin yallıbaşısı əlində balaca çubuq, qadınların yallıbaşısı isə cib dəsmalı gəzdirərdi. Hər iki qrupun rəqsindən sonra qadınların yallıbaşısı ilə “vuruşmağa”, bir növ məzhəkə tərzində döyüşə başlardı. Bu gün muxtar respublikamızın Şərur, Culfa, Ordubad rayonlarında yaşadılan “Uzundərə” rəqsi yaşadılmaqdadır.
Gopu - Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir.
02.03.2023