Təbiət

Hava proqnozunun müəyyən edilməsi

Hava anlayışı özündə atmosferin bütün hallarını və dəyişikliklərini ehtiva edir. Atmosferin soyuq, isti, quru, rütubətli, günəşli, buludlu, küləkli, sakit halları nəticəsində formalaşır. Hava hər gün dəyişə bilər, il ərzində baş verən belə dəyişiklikləri isə "iqlim" adlandırırlar.


Havanın necəliyinə müxtəlif faktorların təsiri var, amma onların ən başlıcası Günəşdir. Günün istisi suyu buxarlandırır, havanı qızdırır və əmələ gələn isti hava kütləsi yerdən çıxan su buxarlarını göyə qaldırır. Göydə isə havanın isti kütləsi soyuyur və buxar yağış şəklində yerə tökülür. Bu proses həm sürətlə, həm də ləng baş verə bilər. Hava kəskin dəyişəndə, yer üzündə adətən tufanlar, qasırğalar baş verir.


İngiltərədə havanın vəziyyətini qeydə alan 200-ə yaxın məntəqə var, təxminən bir o qədər məntəqə də Avropanın qalan hissəsində mövcuddur. Bundan başqa, Atlantik okeanda üzən xüsusi "hava gəmiləri", fəzada növbə çəkən təyyarələr də havanın dəyişməsini daim diqqətlə izləyirlər. Hava proqnozunu da bu və digər yollarla toplanan meteoroloji məlumatlar əsasında tərtib edirlər.


Hava mütəxəssislərinin uzunmüddətli müşahidələr nəticəsində tərtib etdiyi xəritələr onları müxtəlif zəruri məlumatlarla təmin edir: təzyiqin eyni olduğu rayonlar, temperaturu sabit olan yerlər, küləyin istiqaməti, havanın buludlu, yaxud açıq olması, yağıntıların miqdarı, təzyiqin yuxarı, yaxud aşağı olduğu yerlər...

 

Bu xəritələri araşdıran meteoroloqlar atmosferin müəyyən vəziyyətində hansı dəyişikliklər gözləməyin mümkün olduğunu qabaqcadan söyləyə bilirlər. Onlar bilir ki, soyuq hava kütləsinin yuxarıya qalxan rütubətli, isti havanı əvəz etməsi nəticəsində aşağı təzyiq yaranır ki, bu da güclü küləklərin əmələ gəlməsinə səbəb olur. Yüksək təzyiq isə əksinə, yaxşı hava deməkdir.


Şimal yarımkürəsinin yüksək təzyiqli hissələrində küləklər saat əqrəbi istiqamətində əsir. Təzyiq aşağı düşəndə isə, əksinə. Yəni küləyin istiqamətini belə qabaqcadan söyləmək mümkündür. Meteoroloqlar müxtəlif təzyiqli sahələrin yerdəyişməsinin sürətini də bilirlər.


Bütün bu detallardan xəbərdar olandan, dünyanın ən müxtəlif yerlərindəki havanın vəziyyəti haqqında dəqiq məlumatlar alandan sonra istənilən yerdə havanın necə olacağını qabaqcadan tasəvvür etmək mümkündür.