Nağıllar, hekayələr

Mahnı oxuyan toyuq

Kəkilli fərə mahnı oxumağı çox sevərdi. Özü də hər dəfə yumurtlamamış başlayırdı oxumağa. Hamı bilərdi ki, kəkilli fərənin yenə yumurtası var. Bir xeyli mahnı oxuyardı, sonra yumurtlayardı. Dostları çox sevərdi onun oxuduğu mahnıları. Amma hindəki bəzi toyuqlar hövsələdən çıxardı.

 

Xallı fərə xeyli deyinərdi:

- Bax yenə başladı oxumağa.

 

Bunu eşidən Xınalı toyuq onu qınayardı:

-İnsafən gözəl oxuyur Kəkilli fərə, elə gözəl oxuyur ki, yuxum gəlir.

Xoruz o tərəfdən Xallı fərəyə üzünü tutub dedi:

-Sən niyə elə deyirsən? Mən onun ifasını çox bəyənirəm. Nə oldu, hamı bəyəndi, sən bəyənmədin?

 

Xallı fərə bərk əsəbləşdi:

-Aaa... bəyənmirəm də, zorladı? Nəinki bəyənmirəm,hətta o mahnı oxuyanda ovqatım korlanır, iştaham küsür e...

 

Xoruz hirsləndi:

-Onda sənin musiqi zövqün yoxdu...

 

O üzünü hindəki toyuqlara tutub ucadan banladı:

-Düz demirəm, mənim gözəl fərələrim, onun musiqi zövqü yoxdu.

 

Fərələrdən çoxu xoruzu təsdiqləsə də, Xallı fərəyə tərəf çıxanlar da oldu.

Axsaq toyuq gileyləndi:

- Kəkilli fərə oxuyanda başım ağrıyır. Axı o nə bilir mahnı nədi?

 

Bunu eşidən Kəkilli fərə üzünü Axsaq toyuğa tutub dedi:

-Sən get gonbulluğunun dərdin çək. O qədər yeyib kökəlmisən ki, yeriyə də bilmirsən. Gonbulun biri gonbul.

 

Hinə bir qırğın düşdü ki, gəl görəsən. Axsaq toyuq Kəkilli fərəyə hirsləndi:

-Mənə gonbul deyirsən?

 

Kəkili fərə əl atıb Axsaq toyuğun quyruğun necə yoldusa, çığırtısı ərşə qalxdı. Xoruz cəld hoppanıb onları araladı:

-Sakit olun, sakit olun, nə olub sizə? Burda nə var ki, xoşunuza gəlmirsə, Kəkilli fərəyə deyərik daha oxumaz.

 

Kəkilli fərə elə hirsləndi ki:

-Necə yəni oxumaz? Bu da bizim ağsaqqal. Ay Xoruz, məgər bilmirsən ki, onlar paxıllıqdan belə deyir?

 

Xoruz Kəkilli fərəyə tərəf əyilib pıçıldadı:

-Bilirəm e... bilirəm ki, əntiqə oxuyursan, amma bunları sakitləşdirmək üçün belə deyirəm də.

-Heç də sakitləşməsinlər - deyib Kəkilli fərə ucadan oxumağa başladı.

 

Xallı fərə ilə Axsaq toyuq başlarını tuta-tuta qalmışdılar çarəsiz. Amma o biri fərələr maraqla dinləyirdi. Hətta Liliput fərə:

-Bəh..bəh... sağ ol, necə də xoşdu. Sağ ol, sağ ol - dedi.

 

Bu vaxt Qumru quşu yaxınlıqdan keçirdi. O gözəl bir mahnı eşidib yaxınlıqdakı ağaca qondu, xeyli qulaq asdı və mahnı birtəndən sonra dedi:

-Nə gözəl oxuyursan, nə gözəl avazın var. Bilirsənmi rayon mərkəzində müsabiqə keçirilir. Məsləhət görürəm qatılasan. Sənin gözəl səsin var. Bəlkə elə qalib sən oldun.

 

Kəkilli fərə çox sevindi:

-Doğrudan? Nə əcəb eşitməmişəm bu barədə?

 

Axsaq toyuq özünü saxlaya bilməyib dedi:

-Sənin başın qarışıb oxumağa. Haradan eşidəcəksən?

 

Kəkilli fərə Axsaq toyuğa hirsləndi:

- O sənsən e.. bütün günü deyinirsən, toyuqların baş beynini aparırsan. Amma mən oxuyub onları əyləndirirəm.

Axsaq toyuq:

-Yaxşı oxuyursansa, get də, nə durmusan, get yazıl müsabiqəyə. Zaman göstərəcək kim düz deyir.

 

Qumru quşu:

-Mən bilirəm səni o müsaniqədə çox bəyənəcəklər. Gəl gedək qatıl. Sənə gözəl bir don lazımdır. Harda tikdirə bilərsən? Sən gərək mahnını gözəl bir paltarda oxuyasan.

 

Kəkilli fərə sevinə-sevinə dedi:

-Gedək yazılım, qayıdanda qəşəng parça alaram. Gedərik Tovuz quşugilə. Deyirlər elə gözəl paltarlar tikir.

-Hə, hə, tez ol gəl gecikməyək.

 

Kəkilli fərə Qumru quşu ilə birgə gedib musabiqəyə yazıldı. İki gundən sonra yarışma başlayacaqdı. Odur ki tələsik parça alıb Tovuz quşuna biçdirdilər. Elə gözəl don alındı ki, baxan deyirdi bir də baxım.

 

Kəkilli fərə müsabiqəyə çox ciddi hazırlaşarkən Axsaq toyuqla Xallı fərə onun qeybətini edirdilər. Axsaq toyuq elə hey o tərəf bu tərəfə yırğalanıb deyirdi:

-Sənin səsin var gedib müsabiqəyə qatılırsan?

 

Xallı toyuq isə dayanmadan Qumru quşunun arxasında danışırdı:

-Bu Qumru hardan gəlib çıxdı e... Gəldi başına söz saldı. Deyirəm, ay bacı birdən qalib gələr e...

 

Artıq müsabiqə başlamışdı. İştirakçılar bir-bir oxuyub səhnədən düşürdülər. Kəkilli fərə çox həyəcanlı idi. Axı müsabiqədən gec xəbər tutub heç düz-əməlli hazırlaşmamışdı.

 

O, lirik bir mahnı ilə səhnəyə çıxdı. Məlahətli səsi ilə oxumağa başladı. Elə gözəl oxuyurdu ki, münsiflər də, tamaşaçılar da heyran qaldılar bu gözəl libaslı toyuğa. Zalı alqış səsləri bürümüşdü. Tamaşaçılar Kəkilli fərəni səhnədən enməyə qoymurdular. Elə hey alqışıayıb mahnı oxumasını istəyirdilər. Müsabiqənin sonunda nəticələr hamını sevindirdi. Kəkilli fərə birinci yerə layiq görulmüşdü. O, sevincdən ağlayırdı. Göz yaşlarını silə-silə ona bağışlanan hədiyyələri, çiçək dəstələrini qəbul edirdi. Axsaq toyuqla Xallı fərə müsabiqəni televizordan canlı izləyib heyran oldular.

 

Kəkilli fərə isə tamaşaçıların xahişi ilə yenidən səhnəyə qalxıb gözəl bir mahnı oxuyurdu. Onun səsi, xoş avazı ətrafa yayılır, tamaşaçıları sözün əsl mənasında heyran qoyurdu.