Nağıllar, hekayələr

Aylanın nağıl dünyası

Ayla nağılları çox sevərdi. Hər axşam nağıl dinləməmiş yuxuya getməzdi. Ana və atası işdən yorğun gəldiyindən ona babası ilə nənəsi bir-birindən gözəl nağıllar söylərdilər. Xüsusilə babası nağılları heyvanların dili ilə o qədər maraqlı söyləyərdi ki, Ayla elə bilərdi həqiqətən bu heyvanların arasındadı. Elə bilirdi ki, meşəyə düşüb və ətrafında çoxlu vəhşi heyvanlar var. Ayla bu vəhşi heyvanlardan heç vaxt qorxmazdı. Çünki yaxşı bilirdi ki, xeyirxahlıq hər zaman qələbə çalır.

 

-Baba bir nağıl de...

-Gəl sənə bu gün Şəngülümdən, Şüngülümdən, Məngülumdən danışım.

-Danış, baba danış.

- Hə, mənim ağıllı nəvəm... - belə deyib nağıla başlardı baba.

 

Yenə Ayla xəyalən meşənin lap dərinliklərinə düşərdi. Bir az kədərlənərdi Ayla. Axı niyə canavar keçinin balalarını yemək istəyir? Nağılın sonu elə gözəl olardı ki... Ana keçi canavara qalib gələrdi. O, balalarını yırtıcıdan xilas edərdi. Ayla çox sevinərdi, çox gülərdi və şirin yuxuya gedərdi.

 

Aylanın gözəl bir nağıl dünyası var idi. Bu dünyada nə qədər nağıl qəhrəmanları var idi. Amma bəzən baba bildiyi nağılların hamısını Aylaya söyləyib qurtardığından özündən yeni nağıllar uydurardı. Bu nağıllar da çox maraqlı olardı. Baba bu gün Aylaya öz başına gələn bir əhvalatı söylədi və dedi ki, bu həqətən babanın gənc yaşlarında başına gələn əhvalatdı. Ayla çox maraqla dinlədi nağılı. Görək babanın başına nə gəlib axı?

 

Hə, qarlı bir qış günü imiş, baba da cavan bir oğlan imiş. Bu kənddən o biri kəndə un aparırmış. Dəyirmanda nasazlıq olduğundan o geçikir və axşama qalır. Hava  azacıq qaralmışdı. Hümbət baba yarım tay unu kürəyinə  götürüb öz kəndinə yol alır. Külək qarı sovurub tez-tez onun üzünə, gözünə çırpır, yol getməyə çətinlik yaradırdı. Çox vahiməli bir gecə ətrafı öz ağuşuna alırdı. Elə bu vaxt Hümbət baba ona yaxınlaşan canavarı görüb çox qorxdu. İstədi yoluna davam edə. Lakin dayandı. Canavar gəlib düz onun qarşısında durdu. Aralarında çox az məsafə  var idi. Canavar diqqətlə Hümbətə baxır, Hümbət də ona. Canavar xeyli gənc oğlanı öz vəhşi baxışları ilə süzdü. Hümbət kürəyindəki un kisəsini yerə qoyub  yorğun- yorğun ona baxırdı. Birdən canavar dönüb getdi. Hümbət bu möcüzəyə çox sevindi. O, un kisəsini götürüb qaça-qaça  oradan uzaqlaşdı. Baş verən  bu hadisənin sanki yuxu olduğunu zənn edir, hərdən başını silkələyib gözləri ilə ətrafı  diqqətlə gözdən keçirirdi. Mənzil başına çatan kimi  canavarla bu möcüzəli qarşılaşmanı hər kəsə danışdı. Hamı heyrətlə ona qulaq asıb sevinirdi.

 

-Hə, Ayla, bax vəhşi heyvanlar da xeyirxah olur.

 

Ayla sevinərək:

-Baba,  bu sənin danışdığın nağılların ən gözəli, ən maraqlısı idi - deyib şirin yuxuya getdi. Yuxuda  canavarı gördü. Bu canavar da babasının qarşısına çıxan canavar kimi xeyirxah idi. O, Ayla ilə oynayırdı. Ayla yuxuda canavarı qucaqlayır, onun ipək  tüklərinə sığal çəkirdi. Canavar bu sığaldan xoşlanır və mehriban baxışları ilə Aylanı süzürdü.