Təbiət

Qoyunların bonitirəsi

Qoyunların bonitirəsi qəbul edilmiş istiqamətə cavab verən ən yaxşı heyvanların seçilməsi, seçmə aparılan əlamətlərin inkişafının keyfiyyətcə qiymətləndirilməsi əsasında qoyunların siniflərə ayrılmasına deyilir. 
 
 
Qoyunçuluqda heyvanların seçmə, taylaşdırma və əvvəlki taylaşdırmanın nəticəsinin qiymətləndirilməsi – yəni bonitirəsi aparılır. Yəni diri çəki, yun qırxımı, balalama qabiliyyəti, əcdadı və nəslin keyfiyyətinin uçotu aparılır. Yaxşı heyvanlar sürünün artırılması üçün saxlanılır və ya damazlıq məqsədi ilə satılır. Pisləri isə otlaq və ya bordaq şəraitində kökəldilərək ət tədarükünə verilərək çıxdaş edilir. Qoyunların siniflərə ayrılması ana qoyunlara törədici qoçların təhkimini asanlaşdırır və sürünün daha qiymətli hissəsi olan elit və birinci sinif heyvanlara yaxşı yemləmə və bəsləmə şəraitinin yaradılmasına imkan verir.
 

Bonitirə keçən ilki damazlıq işlərinin yekunlarına və onun qiymətləndirilməsinə, hər yeni nəsil heyvanlar alındıqca onların keyfiyyətinin necə dəyişdiyinin müəyyən edilməsinə imkan yaradır. Qoyunçuluqda iki növ fərdi və sinfi bonitirə həyata keçirilir.
 

Qoyunların fərdi bonitirəsi zamanı heyvanların vacib məhsuldarlıq keyfiyyətləri, onun eksteryeri qiymətləndirilir. Hər bir heyvanda qiymətləndirmənin nəticəsi xüsusi jurnala qeyd olunur və sonra onlar fərdi damazlıq vərəqlərinə keçirilir. Bunlar:
Elit qrupuna ayrılmış heyvanlar (damazlıq zavod və təsərrüfatlarda isə birinci zavod sinifli heyvanların, istifadəlik heyvanlar olan elit ana qrupların və onların balalarının fərdi bonitirə edilməsi vacib deyil);

Damazlıq məqsədi ilə satılacaq erkək toğlu və qoçlar, həmçinin sürüdə istifadə olunan törədici qoçlar;

Sinfindən asılı olmayaraq, qoçların verdiyi nəslə görə qiymətləndirilməsi üçün istifadə edilən ana qoyunlar və onların miqdarı az olarsa, elit və birinci sinif heyvanlar fərdi bonitirə edilməlidir.

Sinfi bonitirə zamanı qoyunların siniflərə ayrılması, heyvanların məhsuldarlıq keyfiyyəti və bədən quruluşunun qiymətləndirilməsi aparılır. Bu proses qoyunların kompleks qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Sinfi bonitirə zamanı ayrıayrı heyvanların keyfiyyəti qeyd edilmir, lakin bonitirə edilən hər qoyun qrupunda müxtəlif siniflərə aid edilmiş heyvanların miqdarı nəzərə alınır.

Dövlət və kəndli-fermer təsərrüfatlarının rəhbərləri, kənd təsərrüfatları mütəxəssisləri (zoobaytar) qoyunçuluğu inkişaf etdirmək, onun cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığını artırmaq məqsədi ilə bu məsləhətlərə ciddi əməl etməlidirlər.