Təbiət

Bənövşənin doyulmaz ətri, füsunkar gözəlliyi və tibbi faydası

Yazağzı təbiət qış yorğanını başından atmamış qar üstünə gümüşü işıq kimi səpələnən bənövşə topaları göz oxşayır. Baharın ilk muştuluqçu çiçəklərindən olan bənövşə rütubətli, lakin günəş dəyən yerləri xoşlayır, daha çox kol dibində bitir. Bənövşənin göy və bənövşəyi çiçəkli növlərindən başqa sarı, ağ, çəhrayı ləçəkli növləri də var.

 

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, doyulmaz ətri, füsünkar rəngi və qənirsiz gözəlliyi olan bənövşə tibbi cəhətdən də əhəmiyyətlidir.

 

Soyuqdəymə, qrip, zökəm zamanı qızdırmanı salır, bədəndəki ağrıları və baş ağrılarını aradan qaldırır. Antibakterial və bəlğəmgətirici təsirləri bənövşə otunu bronxitlər, astma, quru və bəlğəmli öskürəklərdə faydalı edir. Həmin xəstəliklərdə daha çox otun ballı suda dəmləməsindən istifadə olunur. Bənövşə otunun sidikqovucu təsiri elmə məlumdur.

 

Bənövşə çiçəyini yığıb qurutduqdan sonra spirtlə onun qarışığından hazırlanan cövhərdən soyuqdəymə və sətəlcəmə qarşı istifadə olunur. Çiçəyindən çəkilən yağdan bir-iki damcı südün içinə qatıb uşağa verəndə körpəyə rahat yuxu gətirir.

 

Dəri yaraları, ekzemalar və çibanın müalicəsində bənövşə otu çox faydalıdır. Saçları tökülənlər və baş dərisində kəpəklənmə problemi olanlar bənövşə otunu həm içə, həm də dəmləməsi ilə saçlarını yaxalaya bilərlər. Hər yumada təkrarlayanda saçlar canlanır, parlaqlığı artır və daha tez uzanır.

 

Xalq təbibləri bənövşəni ən çox göyöskürəkdə boğulma tutmalarını azaltmaq üçün istifadə edirlər. 2 xörək qaşığı bənövşə otu 3 stəkan qaynar suda dəmlənir, alınan dəmləmə 3 hissəyə bölünərək gün ərzində içilir.