Nağıllar, hekayələr

Tənbəl qarğa

Biri var idi, biri yox idi. İki qarğa var idi. Bu qarğalardan biri tənbəl, digəri isə çox zəhmətkeş, qoçaq idi. Onlar bir-biri ilə qonşu idilər. Tənbəl qarğa bütün gün yeyib-içib, əylənirdi. Qoçaq isə bütün günü zəhmət çəkib qış fəslinə azuqələr toplayırdı. Odun, çör-çöp daşıyır, zəmilərə baş vurur, buğdaları toplayıb yuvasına gətirirdi. Bunu seyr edən tənbəl qarğa tənə ilə deyirdi: 

– Bu qədər işləmək olar? Sənə yazığım gəlir.

 

Qoçaq qarğa gülümsəyərək: 

– Neyləyim, ay qonşu...birazdan qış qapının ağzını kəsəcək. Hər yeri qar-boran bürüyəcək.

– Eh, hələ çox var, –  deyən tənbəl qarğa mahnı zümzümə edə-edə kefindən qalmırdı.

 

Bir neçə gün keçmişdi ki, fəsli-qış durdu qapıda. Tənbəl qarğa şən yuxuda... Hər yeri qar, şaxta bürüdü. Külək qarı sovurub tənbəl qarğanın qapısına çırpırdı. O da qapının döyüldüyünü sanaraq üz-gözünü turşuda-turşuda yuxudan ayılıb dedi: 

– Kimdir gələn?!

Gələn qış idi. Kim olacaq? Külək yenidən qarı sovurub qapıya çırpdı. Tənbəl qarğa ərinə-ərinə yerindən durdu və qapını açdı. Gördüyü mənzərə qarşısında  dəhşətə gəldi.

–  Ay aman, bu nədi, qış nə tez gəldi?! 

 

Soyuqdan tir-tir əsməyə başladı. Sobanı qalamaq istədi. Amma nə fayda, odun nə gəzirdi.

 

Gördü, bərk acıb. Ora-bura baxdı, bir şey tapmadı.  

– Vay, vay... Halım necə olacaq? Uçaraq yaxınlıqdakı gölə gəldi. Əvvəllər burdan xırda cücülər tapıb yeyərdi. “Nə dadlıdır”, –  deyərdi...  Ay aman! Göl nə gəzir? Dönüb olmuşdu şüşə. Tənbəl qarğa qaldı üşüyə-üşüyə, qaldı ac. Ağlaya-ağlaya evinə döndü. Yeganə ümidi qonşu qarğa idi. Yayda qoçaq qarğaya dediyi tənəli sözlər yadına düşdü. Öz-özünə dedi: 

– Onunla bu cür rəftar etməkdənsə, qoçaq qonşuma qoşulsaydım, çoxlu azuqələr toplasaydım, indi isti yuvamda dincələrdim.

 

İndi sizə kimdən deyim – qoçaq qarğadan. O, balalarını başına yığıb yuvasında oturmuşdu. Sobanı qalayıb, isti şorba bişirmişdi. Şən mahnılar oxuya-oxuya, gözəl yeməklərdən yeyə-yeyə yuvasında dincəlirdi. Birdən qapı döyüldü. Qoçaq qarğa qapını gülərək açdı. Mehriban baxışları ətrafa sanki nur saçdı: 

– Xoş gəlmisən, ay qonşu, buyur içəri, səndən nə əcəb? 

 

Tənbəl qarğa qəhərlənə-qəhərlənə dedi:

 – Qış qəfildən qapını kəsdi. Acından, soyuqdan ölürəm. Qoçaq qarğa qonşusuna gözəl süfrə açdı. Gülümsəyə-gülümsəyə dedi: 

– Ye, iç, ay qonşu, halal xoşun olsun. 

 

Tənbəl qarğa utana-utana əyləşdi. Doyunca yeyib-içdikdən sonra dedi: 

– Qoy yay gəlsin, sənin kimi edəcəyəm. Əməksevər olacağam.  Doğrudan da, tənbəl qarğa elə o gündən tənbəlliyin daşını birdəfəlik atdı. Yay fəsli gələr-gəlməz qollarını çırmalayıb işə başladı. O, tez-tez qoçaq qarğaya da buğda, arpa və qoz gətirirdi. Qoçaq qarğa deyirdi: 

– Ay qonşu, özüm azuqə toplayacam, sən bizimçün əziyyət çəkmə.

– Nə əziyyət... Mən nə qədər çalışsam da, sənin yaxşılıqlarının əvəzini ödəyə bilmərəm. Sənin yaxşılığını heç vaxt unutmayacağam.

 

Yaxşılıq heç vaxt itmir.