Təbiət

Yovşan

Yovşan (Artemisia) yunan sözü olan «artcmiziya»dan götürülərək «sağlam», «güclü» deməkdir. Bu, onun müalicəvi təsirə malik olduğunu göstərir.


Yovşan haqqında bir sıra rəvayətlər hökm sürür. Qədim rəvayətlərdən birinə görə yovşanın o qədər gözəl ətri var ki. hətta ondan dəstə toplayıb iyləyən bir qaçqın bihuş olmuşdur.

 

A.N.Mayakov yazır: «Bir gün qıpçaq xanı Otrok öz dəstəsi ilə Qafqaz dağlarına gəzməyə çıxır. Xanın başı kefə o qədər qarışır ki, öz yurduna qayıtmağı belə yaddan çıxarır. Bunu görən xanın qardaşı Sıçran, xanın xanəndəsini çağırıb onun dalınca göndərir və deyir ki, Otrok xana de ki, artıq vaxtdır, öz vətəninə qayıtsın. Xanəndə o vaxt gəlib Otrok xanın düşərgə saldığı yerə çatır ki, bu zaman xan öz vəzirləri ilə kef məclisi qurub şənlənirdi. Xanəndə icazə alıb Otrok xan olan çadıra daxil olur, qardaşının yazdığı kağızı ona uzadır. Otrok xan kağıza heç bir məhəl qoymur və xanəndənin məclisdən qovulması əmrini verir. Bu zaman xanəndə qoltuğundan bir dəstə yovşan çıxarıb xana göstərir. Xan yovşanı görən kimi həyəcanlanmaq sifəti dəyişilir, onu xanəndədən alıb iyləyərək, öpə-öpə vətənini yada salır və tezliklə öz dəstəsilə ora qayıdır».

 


Yovşan sahələri gözəl görünür. Uzaqdan tamaşa etdikdə adama estetik zövq verir. Yovşan sıx kol formasında olub, nə yayın istisindən, nə də qışın soyuğundan qorxur.



Dünyada 400-dən artıq növü yayılmışdır. Keçmiş SSRİ ərazisində 174, Qafqazda, o cümlədən Azərbaycanda 16 növünə rast gəlmək olar. Yovşan cinsinin növlərinin əksəriyyəti birillik, ikillik, çoxillik, bəzi hallarda yarım kol olur. Bir növü A.dracunculus — tərxun mədəni halda geniş surətdə əkilib becərilir. Yovşanın növlərinin əksəriyyəti yayıldıqları ekoloji şəraitdən asılı olaraq birbirindən kəskin fərqlənir. Yovşan Asiya, Qazaxıstan və Qafqaz respublikalarında geniş yayılmışdır.