Görkəmli şəxsiyyətlər

Xəlil Məmmədov

Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov 5 may 1916-cı ildə Şuşada anadan olmuşdur.

 

Sənaye texnikumunu bitirdikdən sonra ordu sıralarına çağrılıb. İkinci Dünya Müharibəsi başlananda öncə Qafqaz cəbhəsinə göndərilib. Müharibə illərində X. Məmmədov sıravi tankçılıqdan mayor rütbəsinə, tank taboru komandiri vəzifəsinə qədər yüksəlib. Qısa müddət ərzində döyüş şəraitində hərb sənətinin incəliklərini mənimsəyən qorxmaz azərbaycanlı 1942-ci ilin dekabr ayında göstərdiyi qəhrəmanlığa görə “Qırmızı ulduz” ordeni ilə təltif edilibHərbi əməliyyatlardakı uğurlarına görə komandanlığın diqqət mərkəzində olan tabor komandiri bir il keçməmiş ikinci dəfə “Qırmızı ulduz” ordeni ilə təltif olunub. Növbəti dəfə X. Məmmədovun taboru döyüşlərin daha şiddətli keçdiyi Cənub-Qərb cəbhəsinə göndərilib. Komandanlıq taborun qarşısında alman qoşunları tərəfindən mühasirəyə alınmış Zaporojye şəhərinin mühasirə həlqəsinin cənub tərəfdən dağıdılması tapşırığını qoyub. Bu tapşırığı uğurla yerinə yetirən Xəlil Məmmədov “Aleksandr Nevski” ordeni ilə təltif edilib.


Ukraynanın işğaldan azad edilməsində ən ağır döyüşlərdə iştirak edən X. Məmmədovun sonrakı döyüş yolları Macarıstan, Yuqoslaviya, Çexoslovakiya, Rumıniyadan keçib. X. Məmmədov Rumıniyanın Tırqu Frumos şəhərinin işğalçılardan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. X. Məmmədovun taboru sonra Macarıstanda qərarlaşıb. Növbəti əməliyyatlara hazırlaşanda səhra poçtalyonu ona xüsusi zərf təqdim edib. Zərfin “məxfi” möhürlü olmamasını görən komandir məktubu müavininə yönləndirib. Zərfdə isə SSRİ Ali Sovetinin X. Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı fərmanı olub.

 

Döyüş yoldaşları onu “məğlubedilməz Məmmədov”, “amansız döyüşçü”, “gecə hücumlarının ustası” adlandırıblar. İkinci Dünya Müharibəsindən sonra ehtiyatda olan mayor X. Məmmədov partiya orqanlarında çalışıb. O, 1946-cı ildə Bakının Əzizbəyov rayon Partiya Komitəsinin 1-ci katibi olub. 1955-ci ildə Sov.İKP MK yanında Ali Partiya Məktəbini bitirib. X. Məmmədov 1957-ci ildə əvvəlcə daxili işlər nazirinin müavini, daha sonra 1-ci müavin, 1960-cı ildə isə daxili işlər naziri vəzifəsinə təyin edilib, ona general-mayor rütbəsi verilib. 1965-cı ildən X. Məmmədov Nazirlər Sovetinin sovet orqanları şöbəsinə rəhbərlik edib, 1971-1974-cü illərdə isə Azərbaycan İdman və Bədən Tərbiyəsi Dövlət Komitəsinin sədri vəzifəsində işləyib. Xəlil Məmmədov 21 fevral 1989-cu ildə vəfat edib.