Nağıllar, hekayələr

Banunun balaca dostları

Banunun pişiyinin üç balası doğulmuşdu. Elə şirin idilər ki...Bapbalaca ətcə...Banu sevindiyindən ora bura qaçır sevincini hamı ilə bölüşür,yenə təzədən qaçıb pişiklərə baxırdı. Bala pişiklər bütün gün süd əmir doyan kimi elə analarının qucağındaca yatırdılar. Banu bəzən saatlarla onlara tamaşa edir və bundan zövq alırdı.

 

-Ay bala gəl yeməyini ye soyudu axı.Bax, çayını da içməmisən- dedi Banunun anası.

-Anacan balalar elə qəşəngdi ki, baxmaqdan doymuram.Çox balacadılar amma bütün gün süd əmirlər.

-Hə qızım çox maraqlıdı.

 

Səhəri gün Banu pişiklərin yatdığı yuvaya yaxınlaşanda onu heyrət bürüdü. Ana pişik yox idi. Bala pişiklər bir -birinə sarılıb yatmışdılar. Banu həyəcanla evə qaçdı:

-Ana, ana bala pişiklər tək qalıb anası harasa gedib.

-Narahat olma birazdan gələr - dedi ana.

 

Bir saat keçdi ana pişik dönmədi, iki saat keçdi dönmədi. Artıq bala pişiklər oyanıb analarını istəyirdilər. Onlar ora bura vurnuxur və süd əmmək istəyirdilər. Bunu görən Banunu ağlamaq tutmuşdu. O, gah bala pişiklərə baxır, gah da küçəyə,bağa qaçıb ana pişiyi axtarırdı. Lakin ana pişik gözə dəymirdi.

-Görəsən hara gedib? - deyə Banunun anası dilinin altında yavaşca pıçıldadı.

 

Artıq bala pişiklər çığırır,səsləri küçənin o başından gəlirdi. Üçü də səs- səsə verib çığırışırdılar.

 

Banu bilmirdi nə etsin, bütün ailə ana pişiyi axtarırdı.

 

Banunun anası bir az inək südü götürdü, nəlbəkiyə töküb azacıq isitdi. Bala pişiklərə içirtmək istəyirdi. Amma bilmirdi necə içirtsin.Birdən ağlına bir fikir gəldi.Tez geyinib qapıdan çıxdı.Yaxınlıqdakı aptekdən əmzikli butulka alacaqdı. Az keçmədi ki qayıtdı. Banu yuvanın yanında oturub ağlayırdı. Ananı da ağlamaq tutmuşdu. O, əlləri əsə-əsə südü butulkaya tökdü. Bala pişiklərin ağzına yaxınlaşdırdı.Lakin nə qədər etsə də bala pişiklər iyləyib ağızlarını kənara çəkib ağladılar.

 

Axşam yavaş-yavaş düşürdü.Bala pişiklər çığırırdılar. Nə qədər ac olsalar da, əmzikdəki südü istəmirdilər. Banu və anası balaları sığallayır tumarlayir və hər dəfə əmziyi ağızlarına yaxınlaşdırırdı. Lakin hər dəfə bala pişiklər əmziyi itələyirdi.

 

Banu isə artıq dözə bilmirdi. Axşam düşür, qaranlıq hər tərəfi bürüyür,bütün ailə nigaran- nigaran gah bağda gah küçədə gəzib dolaşırdı. Banu əmziyi çıxarıb südü əlinə azacıq bulaşdırıb bala bişiklərin ağzına sürtdü.Bala pişiklər nə qədər ac olsalar da yenə imtina etdilər. Ağızlarını yumub inək südünü bir damcı olsa da içmirdilər. Banunun anası:

-Bunlar öz analarının südün istəyir. Gör ana südünün hikmətinə bax ki bir damcı da olsa başqa sud içmirlər.

 

Birdən hasarın başından bir neçə pişik hoppandı.Bala pişiklərin də anası onların arasında idi. Banu sanki yuxu görürdü. Bütun ailə bir anda sevincə qərq oldu. Ana pişik cəld yuvaya hoppanıb balalarını ağuşuna aldı.

 

Banu əyilib yuvaya baxdı.Ana pişiyin qulağı və burnu azacıq sivrilib yaralanmışdı.

-Ana ana pişiyn başına iş gəlibmiş bax yaralanıb.

Ana yaxına gəlib diqqərlə baxdı:

-Hə deyirəm axı başına iş gəlib ya dalaşıb,ya da yıxılıb hardansa.

-Əsas odur ki, sağ qalıb.

 

Butün ailə rahat nəfəs aldı. Banu ilə anası səbirsizliklə balaların doymasını gözləyirdilər ki, ana pişiyə tibbi yardım etsinlər. Banu evdəki dərman qutusunu gətirib yuvanın başına qoymuşdu. Banunun anası isə ana südünün hikmətindən danışırdı. Deyirdi ana südünün hikmətinə bax ki, balalar acından ölsələr də inək südünə yaxın durmadılar.Banu sevinə sevinə, göz yaşlarını silirdi. O, elə xoşbəxt görünürdü ki. Ana pişik isə xumarlana-xumarlana balalarına süd verirdi.