Görkəmli şəxsiyyətlər

Qəmər bəyim Şeyda

Azərbaycanlı şairə Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Əkbər ağa Qarabağın tanınmış mülkədarlarından olmuşdur. O, hələ kiçik ikən atası vəfat etmişdir. Ailənin böyük oğlu Məhəmməd ağa bacılarının təlimtərbiyəsi ilə xüsusi olaraq məşğul olurdu. Onlar “ailə məktəbi”ndə-yəni evdə təhsil alırlar. Qəmər bəyim ibtidai təhsilini başa vurduqdan sonra qardaşının məsləhəti ilə Şuşa gimnaziyasında təhsilini davam etdirir. Məhəmməd ağa Qəmər bəyimin hərtərəfli inkişafı üçün böyük səy göstərir. Hətta ona at çapmaq, tüfəng atmaq da öyrədir.

 

XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislərdən biri olan və şöhrəti Qarabağın hüdudlarını aşan “Məclisi-üns”ün növbəti yığıncaqlarının birində Xurşidbanu Natəvan yanında oturan 13-14 yaşlı Qəmər bəyimi dərnək üzvlərinə təqdim edir və ona Şeyda təxəllüsünü verdiyini deyir. Qəmər bəyim Şeyda “Məclisi-üns”ə qəbul olunandan sonra öz üzərində daha çox çalışır. Məşğələlərdə müntəzəm iştirak edir, təcrübəli şairləri dinləyir. Bu ədəbi aləm onun şair kimi formalaşmasında böyük rol oynayır.

 

Onun günümüzə bir neçə şeiri gəlib çatıb. Həmin şeirlərdə hüzn, kədər və şikayət motivləri daha qabarıq görsənir. Bu da onu göstərir ki, Qəmər bəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Şairə əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib.

 

Qəmər bəyim Şeyda qələmini dram janrında da sınayıb. 1918-ci ildə altı pərdəli “Zülmün daşqını” adlı pyes yazmışdır. Əsərdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənçilik nəticəsində baş verən faciələr, milli qırğınlar təsvir olunub.

 

1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadır iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadır Naxçıvana xalq səhiyyə komissarı vəzifəsinə təyin olunur. Həmin vaxt ana da oğlu ilə ora gedir. Naxçıvanlı qadınlar arasında maarifçililik işi aparır, mütərəqqi fikirli ziyalı kimi bölgənin ictimai həyatında fəal iştirak edir. Vaxt tapıb tez-tez Qarabağa da gedir. Keçmiş tanışları və qohum-əqrəbaları ilə hal-əhval tutur.

 

Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib. Şairənin əlyazmalarının çoxu it-bata düşmüşdür.