Nağıllar, hekayələr

Gülnar xanım

Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı.


Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəm atdırıb Məlik Məmmədin baxtına baxdırdı. Hamı münəccimlər dedi ki, Məlik Məmməd on dörd yaşına çatanda itəcək, özü də ki, tapılmağı çox çətin olacaq. Bəli, bir-iki dəstə qoşun hazırlandı ki, Məlik Məmmədi qorusun. Yazıq uşağı tay heç yerə qoymadılar. Amma olacağa çarə yoxdu. Məlik Məmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. Nə qədər axtardılar, Nə qədər carçılar saldılar, qasidlər göndərdilərsə, uşaq tapılmadı ki, tapılmadı. Bir il keçdi, iki il keçdi, hər yerdən ümid əli üzüldü, hamı qara geyib matəmə batdı.


Qoca lələ bu işə tab gətirməyib təğyir-libas elədi, çıxdı öz dəspərvərdəsin axtarmağa.


Lələ Məlik Məmmədi axtara-axtara gəlib çıxdı İstanbula. Şəhəri gəzdi, dolandı, dolana-dolana gəlib çıxdı, İstanbul padşahının sarayının qabağına. Bərk qış idi.
Çoxlu da qar yağmışdı. Qarın üstündə bir yerə qan tökülmüşdü. Lələ bunu görcək, yıxılıb özündən getdi.


Sənə xəbər verim İstanbul Padşahının bircə qızı olan Gülnar xanımdan. Bu qız elə gözəldi ki, vəsfi aləmi tutmuşdu. Gülnar xanım oturmuşdu öz pəncərəsinin qabağında, gəlib gedənə tamaşa edirdi. Bir də lələnin qışqırıb özündən getməyin gördü. Tez o saat adamlarını göndərib onu içəri gətirtdirdi.


Qoca lələ Məlik Məmmədin əhvalatın ona danışdı:
- Qarın üstündə qırmızı qan ləkəsini görəndə Məlik Məmmədin ağ üzündəki xalı yadıma düşdü.
Gülnar xanım atasının yanına gedib bütün qoca lələnin danışdıqlarını ona danışdı. Dedi ki:
- Ata, izin ver, mən gedim Məlik Məmmədi axtarmağa.


Atası nə qədər dəlil-dəlayil dedisə mümkün olmadı. Qızı dediyin dedi. Axırda vəzir zəmini-ədəb öpüb dedi:
- Padşah sağ olsun, indi ki, belədi, qoy getsin. Biz də bu qoca kişini burada saxlarıq. Əgər Gülnar xanım iki ilə gəldi, nə xub, gəldi, əgər yox gəlmədi, onda bunu öldürərik.
Padşah çar-naçar razı oldu.


Gülnar xanım çəkildi öz otağına, altdan geyindi üstdən qıfıllandı, üstdən geyindi, altdan qıfıllandı. Bir at mindi; hamı ilə görüşüb yola düşdü.


Günə bir mənzil, təyyi-mənazil, gecəni günə qatdı, günü gecəyə, üç ay tamam at sürdü, üç ayın tamamında gəlib bir qalaçaya çatdı. O tərəfə boylandı, bu tərəfə boylandı, gördü ki, xeyir heç bir yerdən bu qalaçaya daxil olmaq mümkün deyil. Elə belə ata yedəyində çəkib qalaçanın ətrafın dolanırdı, bir də gözü sataşdı, gördü qalaçanın həyətində bir su gilifi var. Yavaşca atı çəkib bir kola bağladı, özü gilifdən keçdi, qalaçanın həyətinə. Baxdı ki, həyətdə bir kimsənə yoxdu. Amma qabaqda bir pilləkan var, çıxır qüləngərişə. Qədəm qoydu pilləkana, yavaş-yavaş qüləngərişdən keçdi, elə otağa daxil olanda, gördü ki, vallah burada bir qız oturub ki, şoxu adamın gözlərin qamaşdırır. Qız bunu görcək dik qalxdı ayağa ki:
- Buyur Gülnar xanım, xoş gəlmisən, səfa gətirmisən.


Gülnar qaldı məəttəl ki, görəsən bu məni haradan tanıyır. Qız Gülnar xanımın belə fikirdə olduğun başa düşüb, dedi: - Gülnar xanım, sənə təəccüb gəlməsin. Mən səni yaxşı tanıyıram. Sən İstanbul padşahının qızısan. Sən məni tanımırsan, amma sən mənə çox yaxşılıqlar eləmisən. Mən ölənədək onları yaddan çıxartmaram.


Gülnar xanım ha fikirləşdi, yadına düşmədi ki, düşmədi. Onda qız dedi:
- Gülnar xanım, biz üç bacıyıq. Özümüz də pərilər padşahının qızlarıyıq. Biz hər cümə axşamı öz atamızın evinə qonaq gedəndə, sənin gözəlliyinə tamaşa etmək üçün, gəlib sənin güləfrənginə qonırıq. Sən də bizi göyərçin bilib yedirdib-içirdib yola salırsan.
Gülnar gördü ki, qız doğru deyir. Amma indiyə kimi o onları göyərçin bilirmiş.


Qərəz, Gülnar xanıma qız yer hazırladı. Gülnar xanım bir az rahatlıq edəndən sonra, öz gəlməyinin səbəbin dedi.


Qız bir az fikirləşib dedi:
- Gülnar xanım, biz üç bacı, üç qardaş divə ərə getmişik. Mənim ərim lap kiçik qardaşdı. Bunu bilə bilməz. Bunu bilsə-bilsə o biri bacılarımın ərləri bilərlər.


Bunu deyib ortancıl bacısına bir namə yazdı, verdi Gülnar xanıma, yolu-zadı da ona göstərdi. Gülnar xanım atı minib yola düşdü. Üç gün, üç gecə at sürəndən sonra, Gülnar xanım gəlib çıxdı bu bacının qalaçasına. Düşüb bir tərəfdə atı yancidar elədi, özü gilifdən keçib daxil oldu qalaçaya. Naməni verməmiş qız Gülnar xanımı tanıdı. Gəldilər əyləşdilər. Gülnar xanım cibindən naməni çıxardıb verdi. Qız əhvalatdan xəbərdar olub onu zirzəmidə gizlətdi. Elə ki, əri gəldi evə, ondan soruşdu ki:
- Bəs, ay filankəs, Qəndahar padşahının oğlu Məlik Məmməddən sənin xəbərin yoxdu?
Div qızı çox istəyirdi. Əvvəl demək istəmədi. Ancaq qız bir az üz-gözün turşudcaq ürəyi tab gətirməyib dedi ki:
- Onu mənim böyük qardaşım oğurlayıb bir dağda tilsimbənd eləyib.


Qız nə qədər elədi ki, hansı dağdı, div deməyib and içdi ki, o bilmir. Qız əhvalatı sabahısı Gülnar xanıma xəbər verdi, bir namə də o biri bacısına yazıb Gülnarı yola saldı.


Bəli Gülnar gəlib çıxdı üçüncü bacının qalaçasına. Görüşdülər, danışdılar, bu bacı dedi ki:
- Allah mənim ərimin başın batırsın, ondan söz qoparmaq mahal işdi. Amma yenə də onu zirzəmidə pünhan eləyib ərinin yolun gözləməyə başladı. Gecə div gəldi, gördü ki, qız bikeyf oturub.
Soruşdu:
- Ay qız, nə var, yenə burnunu sallamısan?


Qız yalvara-yalvara ona dedi:
- Keçən uğur atamın yanına gedəndə Qəndahardan keçdik. Bütün camaat qara geymişdi. Soruşduq nə var, dedilər ki, padşahın 14 yaşında bir oğlu itib. İndi elə birdən yadıma düşdü. Sən bu barədə heç bir şey bilmirsən? Div elə bunu eşitcək qızın ağzının üstündən bir sillə vurdu. Qərəz, nə başını ağrıdım, div nə qədər söydü, döydüsə, qız əl çəkmədi ki, çəkmədi.


Axirüləmr div boynuna aldı ki, Məlik Məmmədi o oğurlayıb, özün də yeddi təpə qalasında tilsimə salıb.


Qız səhər əhvalatı Gülnar xanıma xəbər verdi. Gülnar xanım ona tapşırdı ki, indi də öyrənsin o tilsimi necə sındırmaq olar. Bir də ki, öyrənsin görsün divin canı nədədi. Div qıza dedi ki:
- Bu qalanın qapısında qırx dildə yazılmış daşlar var. Gərək onu sındırmaq istəyən bu daşların hamısın oxuya.


Amma qız nə qədər elədisə div öz canının yerin demədi ki, demədi. Bir-iki gün belə qaldı. Axırda div gördü ki, qız əl çəkməyəcəq dedi, evdə bir əl ağacı var, mənim canım o əl ağacındadı.


Qız əhvalatı Gülnara xəbər verdi. Gülnar bildi ki, div yalan danışıb, onun canı əl ağacında olmaz. Odu ki, ona dedi: - O əl ağacını təmizlə, yaxşı-yaxşı bəzə!


Qız gəlib əl ağacını qırmızı ipəyə tutdu, qoydu evdə lap yaxşı bir yerə. Div gəlib işi belə görəndə səbəbin qızdan soruşdu.


Qız dedi:
- Bəs, sənin canın ordadı, onun üçün elə eləmişəm.


Div gördü ki, qız onun canına belə hörmət eləyib, açıb doğrusun dedi ki, onun canı həmin qalaçada bir çarhovuz var onun içində üç dənə ağ balıq var, o ağ balıqların birindədi. Gülnar xanım əhvalatın hamısın öyrənib üz qoydu haman qalaçaya tərəf getməyə. Gethaget, gethaget, gəlib-çatdı yeddi təpə qalaçasına. Gördü bir dar mağara var. Girdi mağaraya, bir qədər getmişdi qabağına bir yekə pələt kimi bir qalaça qapısı çıxdı. Baxdı ki, buradan içəriyə girməyə heç bir yol yoxdu. Paltarının altına bağladığı qılıncını çıxardıb qapının qıfılın sındırdı, girdi içəriyə. Baxdı ki, böyük bir məhlədi, düz ortada bir çarhovuz var. Gəldi gördü doğrudan da burada üç dənə yaxşı, gözəl ağ balıq var. Hər nə qədər əlləşdisə, bunları tuta bilmədi. Axırda hovuzun ayağın açıb başladı suyu buraxmağa. Beləliklə balıqların ikisini tutub öldürdü, elə üçüncü balığı tutmaq istəyirdi ki, bir də gördü göy titrədi, yer titrədi, budu div anqıra anqıra gəlir. Tez balığı atdı torpağa, qılıncı çəkib onu iki böldü. Div yarı yolda yıxılıb cəhənnəmə vasil oldu. Gəldi bu yana, gördü dağın ətəyində barı kimi bir yerdə qırx dildə yazılmış daşlar asılıb. Gülnar xanım dünyanın bütün elmlərindən baxəbər idi. Başladı bunları bir-bir oxumağa. Axırıncı daşı oxuyub qurtaranda elə bil ki, dağ hərəkətə gəldi. Barı yarıldı, girdi içəriyə, gördü Məlik Məmməd bir qızıl taxtın üstündə yatıb, amma yarımcandı. cibindən quranı çıxardıb oxumaq istədi. Amma baxdı ki, oxuyub tamamlaya bilməyəcək. Çünki bilirdi ki, belə adamları tilsimdən oyatmaq üçün tamam qırx gün arasını kəsmədən qur`an oxumaq lazımdı. Ona görə də qapını yenə də əvvəlki kimi bərkidib çıxdı çölə. Elə bir az getmişdi ki, qabağına bir karvan çıxdı. Karvanda bir qız var idi, Gülnar üstündəki qızılları verib o qızı aldı, getdi qalaçaya. Qıza əhvalatı başdan-ayağa danışdı. Məlik Məmmədin taxtının yanında başladı quran oxumağa. O, özü yorulanda qız onun ağzından alıb dalısın oxuyurdu ki, arası kəsilməsin, çünki onda batil olardı. Bu minvalla düz otuz doqquz gün, otuz doqquz gecə oxudular. Lap qurtara qurtarda Gülnar xanım baxdı ki, yox ta heç saxlaya bilmir özün, elə gözləri yumulur ki, yumulur. Axırda qorxdu ki, birdən yuxu tutar batil olar, qalıb naçar qızı oyatdı, qur`anı ona verib, özü başın yerə qoydu ki, bir çimir yatsın ki, bəlkə bir gözünün acısın ala. Bu yatmağında olsun qırx günün tamam olduğu dəqiqədə Məlik Məmməd asqırıb durdu. Gözün açıb gördü yanında bir qız oturub qur`an oxuyur. Soruşdu:
- Sən kimsən?


Namərd qız cavabında dedi:
- Mən burada düz qırx gündü ki, səni ayıltmaq üçün gecə-gündüz quran oxuyub xətm tuturam.


Məlik Məmməd ətrafına baxıb yerdə yatan bir adam gördü. Bu Gülnar xanımdı, başın örtüb yatmışdı. Məlik Məmməd soruşdu:
- Bəs bu kimdi, burda yatıb?
Qız dedi:
- O səni bu günə salan adamdı. Düz qırx gündü ki, mən onunla çarpışıram. Axırda mən ismi-əzəm oxuyub onu yatırtmışam.


Qız dil ilə Məlik Məmmədi aldadıb götürüb qaçdı. Bunlar qaçmaqda olsunlar, sənə kimdən xəbər verim Gülnar xanımdan.


Gülnar xanım bir vaxt ayıldı, baxıb gördü ki, ay dadi-bidad, heç kəs yoxdu. Elə o saat bildi ki, qız namərd çıxıb. Durub tez çıxdı ki, çatıb əhvalatı Məlik Məmmədə danışsın, gördü ki, xeyir, onlar bir səs mənzilində gedirlər. Daldan çağırdı, onlar dönüb baxdılar. Məlik Məmməd qızdan soruşdu:
- O kimdi?


Qız dedi:
- Amanın bir günüdü ki, gəl qaçaq! O, həmin səni oğurlayıb gətirən divdi. İndi də bu qiyafətə özün salıb.


Yazıq Məlik Məmməd də buna inanıb başladı qaçmağa.


Gülnar qovdu, bunlar qaçdı, axırda Gülnar o vaxt çatdı ki, bunlar miniblər Qəndahar tərəfə gedən bir gəmiyə, gəmi də elə handa-handadı ki, yola düşsün. Gülnar nə qədər yalvardı kapitan bunu gəmiyə götürmədi ki, götürmədi. Namərd qız Gülnarı bu çöllü-biyabanda qoyub, onun yarı ilə qol-boyun çıxıb getdilər.


Gülnar xanım qaldı burda. Bura gəmi ayağı idi. Bir necə vaxt burda qalandan sonra bir təhər bir kapitana yalvar-yapış eləyib gəmiyə mindi ki, ta Qəndahara kimi gəminin nökərçiliyin eləsin. Bu minvalla gəlib çıxdı Qəndahara. Girdi şəhərə, yolla gedirdi, gördü ki, bir dəyirmançı at yerinə özün qoşub daşa fırladır. Gəldi bu dəyirmançının yanına, dedi:
- Dəyirmançı qardaş, məni qızlığa götürərsən?


Dəyirmançı dedi:
- Ay bala, bir arvadım var, yeddi qızım, heç onların çörəyin çıxarda bilmirəm. Səni neynəyəcəyəm?


Gülnar dedi:
Çox danışdıqdan sonra dəyirmançı Gülnarı götürüb apardı evlərinə. Bunlar burada qalmaqda olsunlar, sənə kimdən xəbər deyim, Məlik Məmmədlə qızdan.
- Dəyirmançı qardaş, sən gəl məni götür qızlığa. Mən sənə yaxşı xeyir verərəm. Mən çox yaxşı xəli, xəlçə toxuyanam. Mənim xəlçələrim çox baha gedir.


Çox danışdıqdan sonra dəyirmançı Gülnarı götürüb apardı evlərinə. Bunlar burada qalmaqda olsunlar, sənə kimdən xəbər deyim, Məlik Məmmədlə qızdan.


Bəli xəbər çıxdı ki, Məlik Məmməd gəlir. Ta padşahın gözü dünyanı görmədi. Şəhər bəzəndi, qoşun atlandı, çıxar pişvaza. Məlik Məmmədlə qızı gətirdilər şəhərə.


Məlik Məmməd əhvalatı atasına danışdı. Atası gördü ki, oğlunu qurtaran bu qızdı. Üzün qıza tutub dedi:
- Ay qız, mənim balamın tapılmağına sən səbəb olmusan, istə görüm məndən nə istəyirsən.
Qız dedi:
- Mənə dünya malı lazım deyil. Mən yuxuda Məlik Məmmədin şərbətin içmişəm. Məni bir nurani şəxs ona ürcah eləyib. Mən gərək ona gedəm.
Hərçənd qız Məlik Məmmədə layiq deyildi, amma qalıb məəttəl qırx gün, qırx gecə toy eləyib bunları evləndirdilər.
Gülnar xanım dəyirmançının evində bu əhvalatın hamısını öyrəndi. Bir gün ona dedi ki:
- Ay ata, dəyirman işlətməkdən bir şey çıxmaz. Sən mənə bir az yun al, mən bir xəli toxuyum, apar sat.


Dəyirmançı gedib bir az yun aldı, bir də həcət-məcət aldı gətirdi, verdi Gülnar xanıma. Gülnar xanım başladı bir xəli toxumağa. Özü də ta lələ İstanbula gələn gündən belə başına gələn qəza-qədəri başladı naxış ilə yazmağa bu xəlçənin üstünə. Bu burada toxumağında olsun, bir tərəfdən Məlik Məmməd tapılıb, bir də ki, toy eləyib deyə, şəhərin böyüyü, kiçiyi, hərə-özünə görə xələt alıb gündə gedirdilər mübarəkbad eləməyə. Bu şəhərdə Abbas adında bir dəllək var idi. Bunun lotuluğunu hamı bilirdi. Özü də həmişə böyük-böyük adamlarla oturub durardı. Məlik Məmmədlə də amədi-rəfti var idi.


Bir gün günorta çağı birdən bunun beyninə düşdü ki, gəl bir get Məlik Məmmədin keyfin xəbər al. Çıxdı meydana ki, bir xələt alsın. Gördü ki, bir qoca kişi bazarda yaxşı bir xəli satır. Amma xəli də doğrudan qəşəng şeydi. Elə iki göz istəyir ki, oturub ona tamaşa eləsin. Amma kişi xəlini çox baha deyirdi. Odur ki, heç kəs almırdı. Lotu Abbas fikirləşdi ki, sən öləsən, elə bu Məlik Məmmədə layiq şeydi, salar öz arvadının otağına. Ta nə bilsin ki, arvadı qotur xortdanın biridi. Qərəz pulun verib bu xəlini aldı. Düzəldi yola. Birbaş padşahın qonaq daşının üstünə. Gəlib xəbər verdilər Məlik Məmmədə ki, bəs lotu Abbas, oturub qonaq daşının üstündə.


Bəli pələt qapısın açdılar, lotu Abbas da buyurdu içəri. Gəldi Məlik Məmmədlə görüşdü, xəlini elə orada qoyub bir az söhbət edəndən sonra çıxıb getdi. Sabahısı dükanda müştərilərin yanında basıb bağlayırdı ki, ay belə getdim Məlik Məmmədin yanına, ay belə əlli tümənə bir xəli alıb apardım, nə bilim belə Məlik Məmməd mənə dedi ki, sənin ənamın hamısınkından yaxşıdı.


Elə bu sözdə iki yasovul girdi dükana ki:
- Lotu Abbas, sənsən?
- Bəli mənəm.
- Dünən o xəlini şahzadəyə sən gətirmisən?
Lotu Abbasın dili tutuldu:
- Bəli, mən gətirmişdim.
- Şahzadə bu saat səni istəyir.
Abbas lap əl-ayağın itirdi, dedi:
- Yəqin xəli oğurluqmuş; üstü açılıb. İndi mən o qocanı haradan tapacağam.


Yasovullar onu götürüb gəldilər Məlik Məmmədin hüzuruna. Məlik Məmməd dedi:
- Abbas, bu xəlinin bir tayı də var, yerdə də olsa, göydə də olsa gərək onu tapasan mənə.


Lotu Abbas bunu eşitcək toxdadı; bəçeşm, - deyib çıxdı.
Birbaş özün saldı meydana. Gördü həmin qoca buradadı yun alır. Tutdu yaxasından ki:
- Gərək bu saat xəlinin tayın tapasan.
Qoca dedi:
- Xəlinin tayı var, amma uzaq yerdədi, gərək bir neçə gün gözləyəsən.


Qoca gedib əhvalatı Gülnara dedi. Gülnar da elə o günü ikinci xəlini kəsmişdi. Ancaq hekayəti qəsdən qurtarmamışdı. O yerində saxlamışdı ki, qırxıncı gün, yuxu ona əsər eləyir, o yatır, qız başlayır quranı oxumağa.
Qız dedi:
- Bu xəlini beş yüz tüməndən əskiyə verməzsən.
Qoca da eləcə elədi. Lotu Abbas bir az həndə-məndə eləmək istədi ki, ucuzlaşdıra, qoca dedi:
- Çox o yan bu yan eləyirsən, heç satmıram.
Lotu Abbas məəttəl qalıb xəlini beş yüz tümənə aldı, apardı, verdi Məlik Məmmədə. Məlik Məmməd oxuyub dedi:
- Abbas, biri də var, gərək onu da tapasan.


Gülnar xanım gecəni-gündüzə, gündüzü-gecəyə salmışdı. Bu üçüncü xəlidə hekayət qurtarırdı. Özü də orada yazmışdı ki, bu saat qoca dəyirmançının evində qalır.


Məlik Məmməd bu xəlini də oxuyandan sonra əhvalatı atasına ərz elədi. Qoşun atlandı, getdilər qızı gətirməyə.


Lotu Abbas da qabaqda gedirdi. Amma ki, nə qədər elədilər, dəyirmançı dedi:
- Vermərəm ki, vermərəm.
Axırda dəyirmançını da gətirdilər qəsrə.


Namərd qızı bağladılar bir dəli qatırın quyruğuna. Bəli, tədarük başlandı toya. Gülnar xanım dedi:
- Yox, sənin lələn orda mənim atamın girovundadı. Gərək qabaqca oraya gedək.


Bəli, qoşun adlandı, böyük cəlal-dəsgahla bunlar düşdülər yola, İstanbula tərəf getməyə.


Bunlar getməkdə olsunlar, sənə kimdən deyim, İstanbul padşahından.
Onlar axı iki ilə şərt kəsmişdilər ki, Gülnar gəlməsə lələni öldürsünlər. İki il tamam oldu, padşah gördü, yox Gülnar gəlmədi. Əmr elədi ki, lələni assınlar.


Vəzir bir dünyagörmüş qoca, ağıllı kişi idi. Zəmin-ədəb öpüb xahiş elədi, bir az da gözləsinlər. Bu gözləməklə düz iki il də gözlədilər.


Dörd ilin tamamında padşah dedi:
- Yox, ta asdıracağam.


Vəzir hər nə qədər xahiş elədi, padşah qulaq vermədi. Meydan quruldu, padşah qəzəb paltarın geyib çıxdı meydana. Lələni gətirdilər. Elə ipi boğazına keçirirdilər ki, məşriq tərəfdən başdan dırnağacan toza bulanmış bir qasid gəldi. Bu Məlik Məmmədlə Gülnar xanımın göndərdiyi qasid idi. Gülnar xanımdan namə gətirmişdi. Qoşun atlandı, çıxdılar pişvaza. Ta ata ilə qızın, lələ ilə Məlik Məmmədin görüşmələrini özünüz hesablayın. Padşah başladı ki, mən gərək qızımın toyun burada eləyəm. Lələ də başladı ki:
- Yox, gərək öz vilayətimdə ola.
Axirüləmr vəzir zəmin-ədəb öpüb dedi:
- İndi ki, belədi, qırx gün burada eləyək, qırx gün orada.


Eləcə də oldu.
Onlar yedilər, içdilər, qarıdılar. Siz də yeyin, için, qarıyın. Siz də sağ olun, mən də. Siz yüz yaşayın, mən iki əlli. Hansı çoxdu, siz götürün, hansı azdı mənə qalsın.