Fikariya
Fikariya cinsinin Aralıq dənizi ölkələrində 5-6 növü məlumdur. Bunlardan 4-ü Qafqazda, 3-ü isə Azərbaycanda yayılmışdır. Erkən yazda nəmli çəmənliklərdə dairəvi, yaxud ürəkşəkilli yarpaqları və parlaq sarı rəngli çiçəkləri adamı uzaqdan özünə cəlb edir. Yarpaqların saplağının uzunluğu 10-12 sm-dir. Saplağı yarpaqlarından 2-3 dəfə uzun olur. Çiçəkləri gövdənin sonunda tək halda yerləşib, 6-12 ləçəkdən ibarətdir. Çiçək saplağının hündürlüyü 10-30 sm-dir. Kök hissəsi çoxlu sayda ağ saçaqlardan ibarət olub, yoğun kələlə bənzəyir. Hər bir sapabənzər kök saçaqlarının ucunda ağımtıl-boz rəngli yumrular yerləşmişdir. Onlar bitkidə müxtəlif sayda, o cümlədən 10-30 ədəd olur. Fikariya Qafqaz, Orta Asiya, Sibir, Ural, Asiyada, Rusiyanın Avropa hissəsində geniş yayılmışdır. Ona rütubətli torpaqlar, çəmənliklər, otluqlar, meşə açıqlıqları, çay kənarları, yarğanlıqlar, kolların arasında və s. yerlərdə rast gəlmək olar. Respublikamızda fikariya növlərinə Samur-Dəvəçi, Kür-Araz düzənlikləri, Qobustan, Naxçıvan MR-in dağlıq sahələrində düzənliklərdən orta dağ qurşaqlarınadək rast gəlinir. Fikariya növlərinin kimyəvi tərkibləri az. öyrənilmişdir.
Xalq arasında bu bitkini qaymaqçiçək fikariya, dovşan salatı, keçiotu, məftunedici şirintum və s. adlandırırlar. Onun yarpaq və köklərindən hələ çox qədim zamanlardan dərman bitkisi kimi istifadə olunmuşdur. “Məftunedici şirintum” çörək qıtlığı illərində insanları aclıqdan və xəstəliklərdən xilas etmişdir.
Fikariyadan salat kimi duza və turşuya qoyulmuş, eləcə də qurudulmuş halda istifadə edirlər.
05.04.2023