Təbiət

Əvəlik

Əvəlik kosmopolit bitki olub. Yer kürəsinin hər yerində yayılmışdır. Əvəlik cinsinin dünya florasının tərkibində 150-ə qədər növünə rast gəlmək olar. Bu növlərin əksəriyyətinə şimal yarımkürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Əvəliyin Qafqazda 25,  Azərbaycanda isə 17 növü yayılmışdır.


Əvəlik növlərinin əksəriyyəti mal-qara üçün qüvvətli yem, gön-dəri sənayesi üçün aşı əhəmiyyətli, dərman xüsusiyyətli, boyaq təbiətli olmaqla yanaşı, həm də qiymətli qida və ədviyyat bitkisi sayılır.


Turştəhər əvəlik — Rumex acetosella. Bu çoxillik, çılpaq ot bitkisidir. Kök hissəsindən sıx gövdələri, düz və qalxanvarı, şırımlı, sadə budaqlanan, əksərən qırmızımtıl rəngdə olub, 15-55 sm hiindürlüyündədir. 


Turştəhər əvəlik Azərbaycanın (Böyük Qafqazın Quba sahəsində) şərq və qərb rayonlarında, Kiçik Qafqazın şimal və cənub sahələrində yayılmışdır. Buna Naxçıvan Muxtar Respublikasının düzən, dağlıq sahələrində də rast gəlmək olar. Ümumiyyətlə, bu bitki orta və yuxarı dağlıq zonalardan tutmuş qayalıq və subalp çəmənlərə qədər yayılmışdır. Bunun kökünün tərkibində 10-14%-ə qədər aşı maddəsi, xrizofanol, aloe-emodin, emodin, fission antıaxinonları, yerüstü hissəsində üzvü turşular, 3,2-8% aşı maddəsi, hiperin, rutin, xrizofanol, emodin, sianidin, delfinidin vardır. 

 

Adi əvəlik —Hündürlüyü 30-100 sm olan iri kökümsovlu çoxillik ot bitkisidir. Yarpaqları oxvari, şirəli turşməzə, tamlı, gövdə üzərində növbəli düzüləndir. Çiçəkləri xırda, yaşımtıl-qəhvəvi rəngdə olub, süpürgə formasında gövdənin qurtaracağında yerləşmişdir. Meyvəsi toxumcadır. 

 

Adi əvəliyin yerüstü hissəsindən hazırlanan dəmləməsinin köməyi ilə daxili qanaxmalarda, yaş sarğı kimi dəri xəstəliklərində, sidik tutulmalarında, bəd xəssəli şişlərin müalicəsində, keçmiş SSRİ-də, o cümlədən bir sıra Qərbi Avropa ölkələrinin elmi təbabətində ödqovucu, işlədici dərman kimi, habelə dəridə əmələ gələn göbələk xəstəliklərini, irinli çibanların müalicəsində, yaşıl hissəsinin şirəsindən isə qızdırma, sinqa, qaşınma, revmatizm və bəd xəssəli xərçəngdə istifadə edilir. Yarpaqlarından vitamin «iksirləri» hazırlanır. Əvəlik Abşeronda, Qubada, Gəncədə, Qarabağda və s. yerlərdə, həyatyanı sahələrdə mədəni halda az da olsa becərilir.

 

Əvəlik toxum vasitəsilə çoxaldılır. Yazda əkilmiş əvəlik elə həmin ildə də, yəni 30-40 gündən sonra məhsul verməyə başlayır və bir ildən sonra məhsuldarlığı artır. Üç-dörd ildən sonra tədricən azalmağa başlayır. Buna görə də hər 3-4 ildən bir əvəlik əkin sahələri yenidən şumlanmalı, mineral və üzvi gübrələr verilməlidir. Mülayim keçən iqlim şəraitində 4-5 dəfə yaşıl yarpaq toplamaq mümkündür. Hər hektar sahədən 14-16 ton, iriyarpaqlı sortdan isə 20-30 ton yaşıl tərəvəz toplamaq olar. Əvəlikdə birinci ili 5-7 gövdə, ikinci ili 8-12, o biri illərdə isə 15-22 və daha çox gövdə əmələ gəlir.


Əvəliyin sort və hibrid növləri bir-birindən 1 yaxud 2 kilometr aralı əkilməlidir. Bu məsafə pozularsa, onda növlərin tozlanması qarışar və məhsuldarlıq aşağı düşər.

 

Əvəlik aprel-may aylarında toplanır və saç kimi hörülərək qurudulur. Quru əvəlikdən müxtəlif xörəklər hazırlanır.