Qılman İlkin
M.F. Axundov adına Dövlət mükafatı laureatı, tanınmış nasir Qılman İlkin Musayev 1914-cü ilin aprel ayında Mərdəkanda anadan olub. İbtidai məktəbi Mərdəkanda alan Qılman İlkin 1926-cı ildən 1929-cu ilədək Bakı şəhərindəki 18 nömrəli pedaqoji texnikumda tahsil almış, əmək fəaliyyətinə Xaçmazın Əhmədoba kəndində müəllim kimi başlamışdır. 1931-ci ildə Bakıya qayıdan Q.Musayev bir il "Gənc işçi" qəzetində ədəbi işçi kimi işləmiş, sonra indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 1936- cı ildə ali məktəbin dil-ədəbiyyat fakültəsini bitirən Q. İlkin müharibə başlanana qədər Uşaqgəncnəşrdə məsləhətçi, baş redaktor, müvəqqəti direktor vazifələrində işləmişdir. Müharibə vaxtı İranda hərbi müxbir kimi fəaliyyətini davam etdirmiş, Təbrizdə çıxan "Vətən yolunda" qəzetində əməkdaşlıq etmişdir. 1953-cü ildən 1963-cü ilədək müddətdə Nizami yubiley komitəsində elmi katib, Bakı Dövlət Universitetində müəllim, Azərnəşrdə baş redaktor olmuşdur. Sonra "Azərbaycan" jurnalında baş redaktor, Azərnəşrdə direktor iş ləmişdir.
Ədəbi yaradıcılığa "Yaralı şahin" adlı hekayəsi ilə başlayan Q. İlkin 1947-ci ildə "Həyat yollarında" adlı ilk kitabını nəşr etdirmişdir. Eyni adlı povestdə müəllif görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun uşaqlıq illərinin maraqlı, yaddaqalan lövhələrini yarada bilmişdir. 1949-cu ildə hekayələrdən ibarət ikinci kitabı nəşr edilmiş, sonra Q. İlkin daha məhsuldar çalışaraq Üçtape uşaqları", "Sahil küçəsində", "Yazılı daş". "Qalada üsyan" kitablarını yazmışdır. Axırıncı əsər daha çox şöhrət qazanmış, onun motivləri əsasında uşaqların və böyüklərin çox sevdiyi "Yenilməz batalyon" filmi çəkilmişdir. Qılman İlkin məhsuldar yazıçıdır. Onun qələmindən çıxan "Şah və qarışqa", "Şimal küləyi", "Tapşırıq", "Sərvinazım mənim", "Ömrün oğlan çağları", "Dağlı məhəlləsi", "Tayqa nağılı", "Dəniz qapısı" və s. kitabları oxucular maraqla qarşılamışlar.
Qara Namazov yazır: "Q. İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmişimiz və Vətəndaş müharibəsi deyil, dinc quruculuq illerində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin ve bu gününün öyrənilməsi və s. geniş və ətraflı təsvir və tərənnüm olunmuşdur". Mövzusu ve ideyası bugünkü baxımdan məqbul görünməsə də, Qılman İlkinin ən sənətkarlıqla qələmə alınmış əsəri "Şimal küləyi'dir. Burada xalqımızın keşməkeşli tarixinin müəyyən, hələ düzgün şərhi verilməyən illərinin bədii mənzərəsi vardır.
Q. İlkinin "Üçtəpə uşaqları", "Ömrün oğlan çağı" povestlərində də gənclərin, yeniyetmələrin arzu və düşüncələri, onların mübarizələrdə bərkiyən həyatı ön plana gətirilmişdir. Qılman İlkinin yaradıcılığında hekayə janrı mühüm yer tutur. O, yığcam bir süjetlə öz qəhrəmanlarının daxili aləmini açmağa nail olur.
Q. İlkinin "Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Baba və nəvə" televiziya pyeslərinin tamaşası maraqla qarşılanmışdır. Yazıçı "Təzə şagird" pyesinin, "Kölgələr sürünür" filminin ssenarisinin müəllifidir.
Q. İlkin həm də bir tərcüməçi kimi fəaliyyət göstərmişdir. Onun öz əsərləri də bir çox dillərə tərcümə olunmuşdur.
Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur.
19.04.2023