Nağıllar, hekayələr

Kirpi

Biri var idi, biri yox idi, bir kirpi var idi. Bütün günü yuvasından bayıra çıxmaz, ah-zar eyləyib ağlayardı. Tikanlarının olmasını özünə dərd eləmişdi. O, hesab edirdi ki, tikanları olmasa, daha gözəl görünər. Hərdən qalxıb güzgüyə baxır, yenidən hönkür-hönkür ağlayıb oturardı.

 

Daha buna dözmə bilmirdi. Qərara aldı ki, ayının yanına getsin. Dərdini ona deyib yalvarıb-yaxarsın ki, tikanları onun bədənindən çıxarsın. Bu məqsədlə yola düşdü. Ayının yuvasına çatdı. Qapını astaca döydü. Ayı kirpini çox mehriban qarşıladı:

– Xoş gəlmisən, ay kirpi, səndən nə əcəb?

– Səndən bir xahişim var. Nə olar, bu tikanları mənim əynimdən çıxart.

– Nə danışırsan? Bu tikanlar sənə çox yaraşır, həm də səni qoruyur. Peşman olarsan ha, gəl, bu fikrindən daşın.

– Yox, peşman olmayacam, çıxart bu tikanları.

 

Ayı çox dedi, kirpi az eşitdi. Gördü, onu fikrindən daşındıra bilməyəcək, odur ki razılaşdı. Kirpinin bütün tikanlarını dartıb çıxartdı. Kirpi, axır ki, arzusuna çatdı.

 

Elə sevinirdi ki, elə bil dünyanı ona bağışlamışdılar. Sevincinin həddi-hüdudu yox idi.

– Gör nə gözəl oldum, çox sağ ol, ayı qardaş, – deyib sağollaşdı. Elə bir az getmişdi ki, qabağına yekə bir ilan çıxdı.

 

İlan:

– Fıs, fıs... Nə yaxşı tikanları soyunmusan. Əvvəllər çox qorxurdum səndən, tikanlarından. İndi səni yeyəcəm, üstündən su içəcəm.

 

Kirpi qorxusundan bilmədi, nə desin. Bu yekəpər ilanın qarşısında dili tutuldu. İlan domba gözlərini oynadıb ağzı sulana-sulana kirpiyə baxırdı.

 

Kirpi çox peşman olmuşdu. Düşünürdü: “Gərək ayının məsləhətinə qulaq asardım. Kaş tikanlarımdan imtina etməyəydim. Əgər tikanlarım yerində olsaydı, ilan baxıb qorxardı”. Amma indi gec idi, bir yol tapıb bu vəziyyətdən çıxmaq lazım idi.

 

Kirpi birtəhər canını qurtarıb ayının yanına qaçdı. Çox həyəcanlı idi. Əlləri titrəyə-titrəyə qapını döydü. Ayı qapını açıb qorxudan rəngi sapsarı olan kirpiyə dedi:

– Nə olub? Deyəsən, bərk qorxmusan, rəngin solub...

– İlana rast gəlmişdim. Ayı qardaş, çox peşmanam. Gərək sənin məsləhətinə qulaq asardım. Nə olar, mənim tikanlarımı yenidən yerinə tax.

 

Ayı kirpinin tikanlarını yerinə taxdı. Kirpi çox sevindi. Sahib olduğunun nə qədər dəyərli, lazımlı olduğunu anladı. Ayıya sağ ol deyib evinə döndü.