Nağıllar, hekayələr

Zahid Xəlil. Kölgələr

Sən öz kölgəni görmüsənmi? Əlbəttə, günəşli havalarda! Hə, bax elə ki, günəş batdı, kölgələr də qaranlıq bir yerə çəkilir. Gündüz gördüklərindən bir-birinə danışır, ya da başlayırlar oynamağa. 

 

Bir dəfə dovşanın kölgəsi tülkünün kölgəsinə dedi: 
—Bura bax, sənin sahibin elə həmişə mənim sahibimi qovur. Mən də ki, özün bilirsən, ondan ayrıla bilmərəm. İndi gəl belə edək, səni qovum, qaç. Görək səni tuta bilərəmmi! 
Tülkü kölgəsi başladı qaçmağa, dovşan kölgəsi də onun dalınca. Birdən tülkü kölgəsi dayanıb dedi: 
—Sss. 
—Nə olub? — deyə dovşan kölgəsi maraqlandı. 
—Qabaqda it kölgəsi var. Bilirsən necə vahiməlidir?! Tüklərini qabardıb bizə baxır. 
—Eh, bunun nəyindən qorxursan, qardaş? Mən də səni ürəkli hesab edirdim. Sən demə lap qorxaqsanmış. 


Onlar it kölgəsinin yanından sürüşüb qaçdılar. Birdən tülkü kölgəsi dayandı: 
—Sss. —Yenə nə oldu? Elə mən sənə çatmaq istəyəndə sən dayanırsan. Oyunun qaydasını pozursan axı. 
—Bura bax qabaqda iki kölgə söhbət edir. Özü də elə vahiməli kölgələrdi ki... 
Kölgələr isə belə danışırdı:
—Yazıq sahibim, indi yuvasında yatır. Heç bilirsiniz ovçulardan necə qorxur? Bir dəfə yanında iki tulası olan lopabığ bir ovçu bizi qovurdu. Biz də qaç ki, qaçasan. Xeyli qaçandan sonra sahibim dayandı. İri, qəşəng buynuzlarını bir ağaca sürtməyə başladı.

Aydındır ki, mən də onun hərəkətlərini təkrar etdim. Birdən ovçu lap mənim böyrümdə dayandı. Hətta buynuzlarım onun ayaqlarına toxundu. Amma o heç bunu başa düşmədi. Gözaltı sahibimə baxdım. O xeyli aralıda gizlənmişdi. Axı axşamüstü biz uzanırıq. Mən uzanıb lap uzaqlara getmişdim. Heç nədən də qorxub eləmirdim. Heç ovçunun yekə bığlarından da qorxmurdum. Ovçu xeyli ətrafa göz gəzdirib çıxıb getdi. Sahibim getdi yatmağa. Mən də ki bura gəldim. 


Kölgə nağılını qurtaranda onun yanındakı dedi: 
—Sənə bir sirr açım — indicə danışdığın ovçunun kölgəsi mənəm. Bilirsənmi, o yaman acgözdü. Dünən iki dovşan, beş kəklik, hətta bir canavar vurmuşdu. Yenə də gözləri doymurdu. Sizi itirəndən sonra bir ağac kölgəsində oturub xeyli fikrə getdi. Öz-özünə deyirdi: 
—Axı hara getdi bu! 


Doğrusu mən də sizi görürdüm. Amma sahibimin acığına demədim. Əlində ixtiyarı olsa bütün heyvanları öldürər. 
Dovşan kölgəsi ilə tülkü kölgəsi kolun dibindən çıxıb salam verdilər. 
—Bağışlayın ki, söhbətinizə gizlincə qulaq asdıq. 
Bilirik ki, bu pis şeydir. Amma qorxduq ki, birdən pis kölgə olarsınız. Amma görürük ki, ürəyi yumşaq kölgələrsiniz. — deyə dovşan kölgəsi üyüdüb tökdü. Tülkü kölgəsi dedi: — Qardaş, bəlkə yadında qalmış ola, iki gün əvvəl bir tülkü qovurdunuz? 
—Lap yaxşı yadımdadı, şabalıd rəngli tülkü idi, amma quyruğu açıq sarıya çalırdı. 
—Ozüdür ki, var — deyə tülkü kölgəsi sevincək dilləndi. Mən bax həmin tülkünün kölgəsiyəm. Sahibim gördü ki, budu sinə-sinə gəlirsiniz. Mənə dedi: "İndi gör bunların başına nə oyun açacağam". Gizləndiyimiz kolun başına üç dəfə dolandıq. Sonra qonşu kolun da başına üç dəfə dolandıq. Soruşdum ki, neynirsən, bu saat çatıb dərini boğazından çıxaracaqlar. O mənə göz vurub dedi: "Mənim dərim o qədər ucuz deyil ki, hər yetən ovçu çıxarıb aparsın". Sonra lap sakit addımlarla gedirdi. Hərdən quyruğunu arxasınca sürüyürdü ki, ləpirlərini pozsun. Nəhayət, gəlib hündür bir yerdə gizləndik. Biz sizi lap aydınca görürdük. Amma siz bizi görə bilməzdiniz. 


Gördük ki, budur ha, sizin tula kolların başına fırlanmağa başlayır. Biz uğunub getmişdik. Sahibim dedi: "Bilirsən it niyə kolun başına elə fırlanır?" Dedim ki, yox, hardan bilim. Dedi "Mən izlərimi elə qarışdırmışam ki, it onun sonra hansı tərəfə getdiyini tapa bilməsin. Görürsən necə fırlanır, elə bil fırfıradır". Axırda ovçu təngə gəlib başqa tərəfə getdi. О gün ay gülmüşük ha. Ovçu kölgəsi dedi: 
—Əcəb eləmisiniz. Di gəlin qaçdı-tutdu oynayaq. Doğrusu mən sizi qovmaqdan yorulmuşam. Gəlin indi də siz məni qovun. 


Onlar ovçu kölgəsini qovmağa başladılar. Birdən kolların arasından nəhəng bir heyvan sıçrayıb çıxdı. 


Baxdılar ki, xallı pələngin kölgəsidir. Dişlərini qıcırtmışdı. Tükləri biz-biz durmuşdu. Hamı başa düşdü ki, pələng bərk hirslidir. O, ovçu kölgəsinin qabağını kəsib dedi: 
— Əlimdən qurtara bilməzsən. Beş gündür ki, sənin sahibin canımızı boğazımıza yığıb. Əslində mənim sahibim ovçudanzaddan qorxan deyil. Onun dişləri xəncər kimi itidir. Görürsən? 
— Pələng kölgəsi bu sözləri deyib dişlərini göstərdi. Doğrudan da dişləri adamı vahiməyə salırdı. 
—Ancaq məsələ burasındadır ki, sənin sahibinin tüfəngi var, bizi qorxudan budur. Ağzında tüfəng deyirsən. Bir dəfə buumbb elədi hər şey qurtardı.
—Elədir — deyə dovşan tələsik təsdiq etdi. Gözümün qabağında bir dovşanı vurub sərdi yerə. 


Pələng kölgəsi heç dovşan kölgəsinin söhbətinə qulaq da asmadı. Dedi: 
—İndi sahibimin qisasını səndən alaram. Pələng kölgəsi ovçu kölgəsinin üstünə tullandı, Ona bir pəncə ilişdirdi. Pəncəsi yerdə nəyəsə dəydi. Axı kölgələr cansız olur. Pələng kölgəsi nə qədər əlləşdisə ovçu kölgəsinə heç toxuna da bilmədi. Axırda yorulub əldən düşdü. Ovçu kölgəsi dedi: 
—Sən nahaq özünü yorursan. Bundan bir şey çıxmaz. O ki, qaldı sahibimin işlərinə, mən onu sevmirəm, vəssalam. Elə bil hamı yatmışdı birdən oyandı. Ceyran, tülkü və dovşan kölgələri bir ağızdan dedilər: 
—O yaxşı kölgədir. Lap yaxşı. Nə təqsiri var ki, gedib ovçu kölgəsi olub. Axı biz öz başımıza deyilik! Pələng kölgəsinin hirsi soyudu. —Yaxşı, gəlin onda oynayaq. Hələ səhərə çox var. Qoy sabah üzümüzə xoşluqla açılsın. 


Onlar oynamağa başladılar. Meşəyə bir səs-küy düşdü ki, gəl görəsən.