Zahid Xəlil. Qış nağılı
Bu əhvalat qışda olmuşdu. Gün batmış, ay doğmuşdu. Hər tərəfə sərilmiş qar ayın şüası altında yazılmamış vərəq kimi ağarırdı. Kollar qar altından başını qaldırmaq istəyən ayılara oxşayırdı.
Meşənin lap dərinliyində qoca bir tülkü yaşayırdı. Neçə gün idi ki, dişinə heç nə keçmirdi.
—Hmmm. — deyə tülkü tünd şabalıdı tüklərini pırpızladı.
—Kəndə getsəm yaxşıdır. Bəlkə toyuqdan-cücədən bir şey tapdım.
O, quyruğunu şeşlədi. Bir cüt yetişmiş zoğal dənələrinə oxşayan gözlərini oynatdı. Yəni, "qərar qətidir".
Tülkü kəndə çatanda hamı şirin yuxuda idi. Evlər sahildə lövbər salmış nəhəng gəmilərə oxşayırdı.
Qoca tülkü kəndin aşağı başındakı evin qaratikanla hörülmüş hasarına yaxınlaşdı. Su yolundan sürüşüb həyətə keçdi. Tüklərinin qaratikan kollarına ilişib didilməsinə o qədər də fikir vermədi.
Boz köpək zirzəmidə yatmışdı. Onun qulağına şıqqıltı dəydi. Yekə, qara ağzını göyə qaldırıb bir-iki ağız tənbəl-tənbəl hürdü:
—Huv, huv, huv... Səsinə səs verilmədiyini görüb sakitləşdi. Qırmızımtıl burnunu tüklü qoltuğuna soxub büzüşdü və gözlərini yumdu. Tülkü həyəti nəzərdən keçirdi, hinin qapısının dalına yekə bir paya söykəndiyini gördü. O, payanı yuxarı tərəfdən qaldırıb ehmalca yerə qoydu. Qapı açılan kimi sıçrayıb qırmızıpipik xoruzun boğazından yapışdı və sürətlə geri qayıdıb hasarın üstündən tullandı.
Toyuqların qaqqıltısı bir-birinə qarışdı. Boz köpək tez hinin yanına cumdu.
—Hav, hav, hav! Qonşu itlər ona səs verdilər.
—Hav, hav, hav!
—Huv, huv!
Ham, ham, ham! İtlər küçəyə çıxdılar. Qarın üstü ilə uzaqlaşmaqda olan tülkünü gördülər.
—Hav, hav, gedək tülkünü tutaq!
—Huv, huv, gedək.
—Ham, ham, izi itirməyin, bu izlə lap meşəyə gedək, yuvasından çıxaraq.
—Ham, ham, doğrudur, doğrudur. İtlər tülkünün dalınca düşdülər. Tülkü quyruğunu kürəyinə qısmışdı ki, ayaqlarına dolaşmasın. Xoruzun boğazından yapışıb qaçır, hərdənbir çevrilib arxaya baxırdı. Qarın üstündə tülkünün ayaqlarından "Ş" hərfınə oxşayan izlər qalırdı. İtlər həmin izləri iyləyə-iyləyə onun ardınca düşmüşdülər.
Tülkü arxasınca gələn itləri görüb özünü itirdi: "Evim yıxıldı. Onlar məni tapacaq, özümü də, balalarımı da öldürəcəklər". O, lap qabaqda gələn boz köpəyin vahiməli səsindən daha da qorxuya düşdü. Xoruzu buraxdı ki, bəlkə itlər geri qayıdalar. Xoruz rəngbərəng qanadlarını şaqqıldatdı, qanadlarını ayaqlarına qədər uzadıb qaqqıldadı və taqətsiz halda qarın üstünə sərildi. Lakin itlər tülküdən əl çəkmək fıkrində deyildilər.
—Necə edim ki, onları azdırım. İzimi itirsinlər. Bəlkə quyruğumla izimi süpürüm? Eh, bu uzun çəkər, onlar məni boğazlayarlar.
Sonra belə oldu: tülkü meşəyə çatar-çatmaz qara bir ayıya rast gəldi. İtlər bir az uzaqda idi. Amma iz ilə gəlib tapa bilərdilər. Tülkü nə fıkirləşdisə gözləri sevincdən parıldadı.
Ayıya yaxınlaşdı.
—Salam, ayı qağa.
—Hm, salam!
—Yaxşı pətək yeri bilirəm. Amma demərəm dedi:
Ayı pətək adı eşidən kimi dili ilə dodaqlarını yaladı və hə, tez ol de. Çoxdandı bal yemirəm. Tez ol.
Onun qara gavalıya oxşayan gözləri tülkünün pırpızlanmış tüklərinə və hiyləgər sifətinə dikildi.
—Yaxşı deyərəm. Amma uşaqlığım yadıma düşüb, məni bir az dalında apar, bərk yorulmuşam.
Ayı donquldandı. Tülkünü dalına alıb meşənin içində gözdən itdi.
Tülkünün ayıya pətəklərin yerini deyib-demədiyini bilmirəm. Ancaq onu bilirəm ki, o, ayının dalına mindiyi üçün itlər tülkünün izini itirdilər və hürə-hürə kəndə qayıtdılar.