Əyyub Türkay. Ana Vətən
Bir sual var ki, tez-tez
Düşündürürdü məni.
Anaya bənzədirlər
Axı niyə Vətəni?
Bu sualın ən gözəl
Cavabın anam verdi.
Dedi: -Vətən bizlərə
Candan əziz bir yerdi.
Bu eldə, bu obada
Yaşamışıq əzəldən.
Bizə mirasdır torpaq,
Verə bilmərik əldən.
Sevməlisən yurdunu,
Doğmaca anan qədər.
"Ana", "Vətən" sözünü
Tutmalısan bərabər.