Şeirlər
Məmməd Aslan. Bahar həsrəti
Bu qış yaman uzandı,
Görən yazı gələrmi?!
Ayazımış çiçəklər
Qışdan razı gələrmi?..
Əsiriymiş gül-gülün;
İlləti var bu ilin...
Gül şaxında bülbülün
Xoş avazı gələrmi?
Gülər dağlar yaxası!
Dərə cənnət qoxası.
Çiçəklərin ən xası,
Sərvinazı gələrmi?