Nağıllar, hekayələr

Zahid Xəlil. Qapılar

Qapılar qonşu idi. İkisi də köhnəlmişdi. İçəri evin qapısı şüşəliydi və bununla həmişə fəxr edirdi. Görünür sahibim məni daha çox istəyir deyə şirin xəyallara dalardı. Bir dəfə bu qapı cırıldamağa başladı. Qonşusu dedi:
—Nə yaman cırıldayırsan, yoxsa xəstələnmisən?


Şüşəli qapı demək olar ki, qonşusunun sözünə heç əhəmiyyət vermədi. Sadəcə olaraq dodaqlarının altında nəsə pıçıldayıb yenidən cırıldadı.


Şüşəsiz qapı başını buladı:
—Zəmanə xarab olub, heç kimə söz demək olmur.
Şüşəli qapı onun deyingənliyinə dözmədi:
— Bəs belə gözəl havada mən sakit dayana bilərəm?


Quşlar, böcəklər oxuyur, amma mən müqəvva kimi sənin üzünə baxmalıyam?


Şüşəsiz qapı yalnız indi başa düşdü ki, qonşusunun oxuduğu mahnı imiş.
—Ancaq nahaq yerə əsəbiləşirsən. Axı mən də dünyagörmüş qapıyam. Özüm də daim həyətə baxıram. Sən isə evdəsən, dünyanın necə dünya olduğunu bilmirsən.


—Dünya lap yaşamalı dünyadı, — şüşəli qapı onu yenə acıladı. Beləliklə qonşular küsüşdülər. Bir neçə gündən sonra onlar barışdılar və bir-birini tərifləməyə başladılar. Bir-birini təriflədilər, təriflədilər və axırda belə qərara gəldilər ki, hər ikisi olduqca ağıllıdır.
— Mən dünyagörmüş olsam da, sən daha ağıllısan, -deyə Şüşəsiz qapı şüşəlini tərifiəyirdi.
—Sən dünyagörmüş qapısan, məndən çox bilirsən, -deyə Şüşəli də borclu qalmırdı.


Şüşəsiz qapı dedi:
—Mən az qalıram deyəm ki, biz ağıl dünyasına açılan qapılarıq. Adamlar bizi açır və ağıllı bir dünyaya daxil olurlar.
Şüşəsiz qapının bu kəşfındən sonra onların tərif demək həvəsi bir az da artdı.


Sabahısı gün ev sahibi qapıları rəngləyib ağartdı.
—Görünür, biz ağıllı olduğumuz üçün bu qədər ağıq —deyə şüşəsiz qapı da həmin gündən cırıldamağa başladı. Axı belə bir vaxtda da mahnı oxumayıb daha nə zaman oxuyacaqdılar ki?!


Ev sahibi isə qapıların oxumağından təngə gəlib onların ikisini də dəyişmək qərarına gəldi.


Deyilənə görə indi qapılar bu evin zirzəmisində bir- birinə söykənib, şirin xəyallara dalırlar.
— Səncə bizi nəyə görə yerimizdən çıxardılar? —Şüşəsiz qapı soruşdu.
—Mənə elə gəlir ki, yaxşı oxuduğumuz üçün bizi daha böyük qulluqlar gözləyir. Hətta az qalıram deyəm ki, bəlkə bizi böyük bir elm ocağının qapısına asdılar.


Şüşəsiz qapı bu sözlərdən o qədər ləzzət aldı ki, gözlərini yumub yenidən xəyala daldı.
Qış düşən kimi ev sahibi qapıları doğrayıb ocaqda yandırdı. Şüşəsiz qapı ocaqda dili yana-yana dedi:
—Gör biz necə ağıllıyıq ki, ocağı alışdıra bildik.
—Mənə elə gəlir ki, bizim alovumuzun rəngi də xüsusidir, — deyə şüşəli qapının qırıqları onun sözünü təsdiq etdi.


Ocaq doğrudan da yaxşı yanırdı. Qapılar gələcək haqqında şirin xəyallara dala-dala yanıb kül oldular.