Naxçıvan şəhər buzxanası
Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir nümunələrindən sayılan buzxanaların xüsusi yeri vardır. Özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən XII-XIV əsrlərə aid buzxanadır.
“Naxçıvan Abidələri Ensiklopediyası”nda bildirilir ki, bu abidə öz profilinə görə ölkəmizdə qeydə alınan ən böyük tikilidir. Uzunluğu 20, eni isə 9 metr olan bu bina ilk baxışdan birmərtəbəli binanı xatırlatsa da, ümumi hündürlüyü 9,6 metrdir. Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan şəhər buzxanasının səciyyəvi cəhətlərindəndir.
Abidənin başlıca xüsusiyyəti heç də onun böyük ölçülərə malik olmasında deyil. Yüksək texniki səviyyədə kərpicdən qurulan örtük konstruksiyasının mükəmməl həlli, tikilmə forması, bina örtüyünün uzununa yüngül və dinamik konstruksiya sxemi üzərində yaradılması onun səciyyəvi cəhətlərindəndir.
Azərbaycan ərazisində ən böyük buzxanalardan biri olan abidə planda düzbucaqlı formada inşa olunmuşdur.
Buzxanalar qədim dövrlərdə havaların isti vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Naxçıvan buzxanası ötən əsrdə məişətdə soyuduculardan istifadənin genişlənməsi nəticəsində fəaliyyətini dayandırmışdır.
02.06.2023