Nağıllar, hekayələr

Zahid Xəlil. Hamıya nağıl danışmaq istəyən qız

Bəli, bəli qətiyyən təəccüblənməyin. Bu qız eşitdiyi bir nağılı hamıya danışmaq istəyirdi.
—Bəs necə, — deyirdi, — qoy hamı görsün ki, qəşəng nağıllar bilirəm.
—Nağılı gecə danışarlar, hamı bir yerə yığışanda, amma sən elə günün günorta çağı da danışırsan. Camaatın işigücü var axı.
—Bilirsiniz, mənim nağıllarım, onların işləməyinə qətiyyən mane olmur.


Daha neynəmək olardı?! Gərək harda gəldi bu qəşəng qızın nağıllarına qulaq asaydılar, yoxsa inciyə bilərdi.


Bir dəfə dörd yol ayrıcının tən ortasında dayanıb maşınlara yol göstərən polis işçisi gördü ki, ağ bantlı qız ona yaxınlaşır. Polis fıkirləşdi ki, yəqin uşaq yolu azıb, ondan söz soruşmaq istəyir. Qız ona yaxınlaşanda əlini papağının günlüyünə aparıb farağat dayandı. Qız günəşdən qamaşan gözlərini qırpa-qırpa dedi:
—Biri varmış, biri yoxmuş bir polis varmış. Polis işçisi fıt çaldı. Polis dilində bu o demək idi ki, danışma. Amma qız heç elə bil polisin fitini eşitmədi. Nağılını davam etdirdi.
—İstəyirsiniz sizə maşın yeyən qızın nağılını danışım?


Bax bu doğrudan da maraqlı idi. Doğrudur, polis bu saat iş başındaydı, maşınlara yol göstərirdi. Amma maşın yeyən qızın haqqında eşitmək də pis olmazdı.
—Yaxşı, danış, qulağım səndədir, — deyə farağat vəziyyətində dayandı.

—Hə, bu qız maşın yeməyə onun təkərlərindən başlayır. Əvvəlcə təkərin birini ağzına soxur, sonra bütün maşını udmağa çalışır. Amma siz narahat olmaym, qız nə qədər əlləşirsə maşından bir tikə də qoparda bilmir.
—Niyə? — deyə polis təəccüblə soruşdu.
—Axı onun dişləri yoxdu.


Başa düşdüm. O qədər maşın yeyib ki, dişləri tökülüb.
—Yox canım, dişləri hələ çıxmayıb. Buna görə də hələlik maşınlardan heç nə qopara bilmir. Dişləri çıxandan sonra yəqin ki, sağ maşın qoymayacaq. Polis əmi nədənsə fıt çaldı və maşınlara yol göstərdi. Sonra çevrilib baxdı ki, qız süd mağazasının satıcısına şirin bir nağıl danışır.