Göyərçin idmanı
Göyərçin idmanı növü, yəqin ki, göyərçin poçt xidmətinin məntiqi davamı kimi yaranıb. Hələ orta əsrlərdə insan göyərçinlərin xidmətindən istifadə etməyə başlayıb. Məktub yazıb və bağlayıb göyərçinin ayağına. Buraxıb havaya...
Müharibə illərində də poçt göyərçinləri ən sürətli poçt xidməti göstərirdi. Onların çatdıracağı məktub müharibədə dönüş və qalibiyyət yaradırdı.
Günlərin bir günü sahildən 800 mil aralıda qəzaya düşmüş ingilis sualtı gəmisi zərif bir poçt göyərçinin nəzərindən qaçmadı:
- Ayyy... Bu nədir? Gəmi batır. İnsanlarrrrr...
Göyərçin batan gəminin suyun üzündə görünən burnuna qondu. Batanlardan kimsə özünə gəlib, çıxış yolu tapdı.
Qəza yerini və qəzaya düşən gəminin adını yazıb göyərçinin ayağına bağladı və göyərçin havaya qalxdı...
Gəminin batdığı yerdə əzəmətli bürünc göyərçin heykəli bu gün də var. Bu heykəl qəzaya düşənlərin qohumları tərəfindən xilaskar göyərçinə minnətdarlıq əlaməti kimi ucaldılıb.
İdman göyərçinləri digər göyərçinlərdən daha tez göyərçin damına qayıda bilir. Onların idmançı olduqları bədən quruluşlarından aydın nəzərə çarpır.
Daha əzələli, sinələri qabarıq, qanadları güclü... Rəngləri adi vəhşi şəhər göyərçinlərindən fərqlənmir. Ağ və parıltılı rəngli göyərçinlər idman göyərçini kimi yararsızdır. Onların rəngi daim təhlükə səsləyə bilər.
Evinə dönən zaman göyərçini çoxsaylı təhlükələr gözləyir. İlk növbədə lələkli yırtıcılar ‒ ley, şahin, quzğun, bayquş və nəhayət, adicə qarğa... Uzaq yolda yorulub əldən düşmüş qartal bir anlıq istirahət üçün bir kötüyün, daşın, məhəccərin üstünə qonur... Və yem axtaran pişik üçün vazkeçilməz nahara çevrilir... Bir də çox təəssüf, insan əli ilə yaradılan təhlükə. Kommunikasiya xətləri, yüksək gərginlikli elektrik naqilləri.
Onlardan gələn zərbənin gücü o qədər böyük olur ki, göyərçinin zərif bədəni onun qarşısında olduqca acizdir. Ən başlıca təhlükə isə yenə də insandır, yəni ki, ovçu. Ovçu gülləsinə tuş gəlməyin acı bir son olduğu danılmaz həqiqətdir.
Göyərçini idmançı etmək üçün məşqçiyə ən azı 3-4 il lazımdır. Bu illər ərzində sahib-məşqçi onu yedirdir, qulluq edir, təlim verir və nəhayət idmançıya çevirə bilir. Elə bu vaxt hansısa biri tərəfindən açılan güllə və hər şeyə son... Əfsus ki, idman göyərçinlərinin 60-70 faizi bu taleni yaşayır.
Hər bir göyərçinə həyatının ilk 7 günündən birində məlumat halqası taxılır. Bu halqa böyümüş göyərçinin pəncəsindən düşə və çıxardıla bilməz.
Çünki pəncənin ölçüsü artır və halqa kipləşir. Göyərçinin məlumat halqası onun şəxsiyyət vəsiqəsidir. Onun üzərində sıra sayı, doğum tarixi, ərazi və ölkə qeyd olunur. İdman klublarında bu məlumatlar sistemləşdirilir. İdman oyunları, adətən may-avqust aylarında
keçirilir. Oyun ərəfəsində hər sahibkar öz iştirakçı-idmançı-göyərçininin namizədliyini kluba təqdim edir. Klublardakı hakim kollegiyası iştirakçılar haqqında son nəticəni elan edir. Yarışlar klub iclasında təsdiq edilmiş qrafik əsasında keçirilir. Adətən, hər biri 250-
1000 km uzunluqda 10-13 distansiya nəzərdə tutulur.
Nəhayət, yarışa sayılı günlər qalır... Göyərçinlərə xüsusi ferrit halqalar geyindirilir. Bu halqalar əlavə qapalı məlumat daşıyıcısı olan maqnit çiplə təchiz edilir. Bu halqalardakı məlumat avtomatik kompüterə köçürülür və oyunların sonunadək orada qorunur.
Hər havaya buraxılan göyərçin ən tez zamanda öz yaşayış yerinə qayıtmalıdır. Onların yolu necə təyin etmələri hələ də sirr olaraq qalır.
Yerin maqnit sahəsinə, Günəşə nisbətə, Yerin cəzbetmə qüvvəsinə görə və s. ehtimallar mövcuddur. Bəzi alimlər hesab edirlər ki, quşların genetik yaddaşına “yaşayış yeri” və digər uçuş xəritələri irsi ötürülür.
Güclü idmançı-göyərçin uçuş sürətini sabit saxlaya bilir və mane olan faktorlara - əks küləyə və ciddi iqlim dəyişməsinə tab gətirir.
Nəhayət, doğma şəhərə 80-100 km qalmış göyərçinlər, hər biri öz damına çatmaq üçün sürəti artırırlar. Onların orta sürəti 80-90 km/saat olur.
Uçuş istiqamətində əsən külək isə yarış zamanı ən gözəl yol yoldaşıdır. Yarışlarda yüksək bal alan göyərçinlər ən tez çatan ilk 20 faizə daxil olanlardır.
Göy qurşağı uşaq jurnalı
16.06.2023