Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. II fəsil

QİYAMƏT RƏNGSAZ  

Şənbə gününün səhəri gəlib çatdı, yay gününün təmiz havasında hər şey parpar parıldayır, həyat qaynayırdı. Hər bir kəsin qəlbində musiqi səslənirdi, əgər bu qəlb gəncdirsə, mahnı öz-özünə axırdı. Hər bir kəsin sifətində sevinc, yerişində bahar duyulurdu. Ağ akasiya çiçəklənmiş, onun xoş ətri havanı bürümüşdü. Hər tərəfdən görünən yamyaşıl Kardif dağı uzaqdan insanlara dinclik və rahatlıq vəd edən gözəl, cazibədar bir diyarı andırırdı.


Tom, əlində əhəng vedrəsi və uzun bir fırça səkidə göründü. O, barını gözdən keçirtdi, sifətindəki şən ifadə yox oldu, dərin bir kədər ruhunu bürüdü. Doqquz füt   hündürlüyündə, otuz yard uzunluğunda taxta barı!


Həyat ona boş, yaşayış isə ağır bir yük kimi göründü. O, köksünü ötürərək fırçanı vedrədəki əhəngə batırdı, barının taxtalarından birinə çəkdi, bu əməliyyatı bir neçə dəfə təkrar etdi və sonra ağartmış olduğu çox cüzi bir parça ilə hələ ağardılmamış hissəni müqayisə edərək qəmgin halda ağacın dibində oturdu.


Cim əlində dəmir vedrə, "Buffalolu qız" mahnısını oxuya-oxuya, atılıb düşədüşə darvazadan çıxdı. Şəhər quyusundan su daşımaq Toma həmişə cansıxıcı bir iş kimi görünürdü, lakin indi buna başqa cür baxdı. Yadına düşdü ki, quyunun başı həmişə adamla dolu olur. Ağların və zəncilərin uşaqları - oğlanlar, qızlar həmişə quyunun başına yığışır, öz növbələrini gözləyərək dincəlir, bir-birləri ilə oyuncaqlarını dəyişir, vuruşur və oynaşırdılar. Bir də yadına düşdü ki, quyu onların yüz əlli addımlığında olsa da Cim oradan ən azı bir saata qayıdır, o da ki, dalınca adam göndərildikdən sonra Tom dedi:
- Bura bax, Cim, mən sənin əvəzinə suya gedərəm, sən qal buranı bir az ağart.
- Yox, mister Tom, qoca xanım tapşırıb ki, tez gedim, su gətirim, yolda dayanıb heç kəslə söhbət etməyim. O mənə tapşırıb ki, Tom səni çağıracaq, deyəcək, gəl barını ağart, sən onun sözünə qulaq asma, öz işinin dalınca get. Xanım dedi ki, barı ilə özü məşğul olacaq.
- Sən onun sözünə qulaq asma, Cim. O çox şey deyə bilər! Vedrəni ver mənə, bircə dəqiqədə doldurub gətirərəm, onun heç xəbəri də olmaz.
- Yox, qorxuram, mister Tom, qoca xanımdan qorxuram. Başımı bədənimdən ayırar, vallah ayırar.
- Polli xala ha! O heç ümründə adamı döymür, olsa-olsa barmağındakı üskuklə başına bir-iki çırtma vurur, vəssalam. Nə böyük işdir! Düzdür, danlayır, deyinir, ancaq sözdən nə çıxar, axırda özü ağlayır... Cim, sənə kürəcik verəcəyəm! Sənə mərmər zolaqlı ağ kürəcik verəcəyəm.


Cim tərəddüd etməyə başladı.
- Ağ mərmər ey, Cim! Zarafat deyil...
- Ah, o necə də parıldayır! Mister Tom, ancaq qoca xanımdan bərk qorxuram...
- Hələ istəsən, yara olan barmağımı da sənə göstərərəm.


Cim necə olsa insandı, belə bir maraqlı şeydən imtina etməyə qüvvəsi çatmadı. O, vedrəni yerə qoyub, ağ kürəciyi aldı və böyuk maraqla əyilib, Tomun sanğını açmaqda olduğu yaralı barmağına baxmağa başladı. Bir dəqiqə keçməmiş o, kürəyini qaşıya-qaşıya və əlindəki vedrəni danqıldadadanqıldada küçə ilə bərk qaçırdı. Bu zaman Tom böyük səylə hasarı ağardır, Polli xala isə təntənəli bir vüqarla, əlində tuflisi, döyüş meydanını tərk edib gedirdi.


Lakin Tomun elə səylə işləməsi uzun sünnədi. O, bu günü necə şən keçirməyə hazırlaşdığını fikirləşdikcə qüssəsi daha da artdı. Bir azdan başqa uşaqlar evlərindən çıxıb müxtəlif maraqlı yerlərə gəzməyə gedəcəklər, Tomu isə işləməyə məcbur etdiklərini görüb, ona güləcək və lağ edəcəklər... Bunu fikirləşdikcə onun bədəni od tutub yanırdı. O, bütün var-dövlətini cibindən çıxarıb gözdən keçirməyə başladı: bunlar sınıq-sökük oyuncaqlar, kiçik kürəciklər və hər cür xırım-xırda idi; bunlar bəlkə də bir şeylə dəyişdirməyə
yarardı, lakin heç olmasa, bircə saat tam azadlıq satın almağa kifayət etməzdi.


Tom miskin əmlakını yenə də cibinə yığıb, uşaqları rüşvətlə yoldan çıxarmaq məqsədindən daşındı. Lakin bu ağır və ümidsiz dəqiqədə o, birdən-birə başınagələn parlaq fikirdən ruhlanaraq əsl ilhama gəldi.


Tom fırçanı əlinə götürüb sakitcə işini davam etdirməyə başladı. Bir az keçmiş Ben Roccrs küçənin tinindən göründü - Tom hamıdan artıq onun istehzalarında qorxurdu. Ben kefi kök, damağı çağ, hoppana-hoppana yeriyirdi.


Bu, onu göstərirdi ki, Benin qəlbi sakitdir, o həyatdan ən yaxşı şeylər gözləyir.
Ben alma yeyir və hərdənbir də uzun-uzadı ahəngdar bir fit verirdi, bunun ardınca isə ən aşağı notda "din-don-don", "din-don-don" səsləri eşidilirdi. Ona görə ki, Ben paroxodu yamsılayırdı. O, yaxınlaşdıqda sürəti azaltdi, küçənin ortasına tərəf döndü, sağ kənarı üstə əyilib, yavaş-yavaş sahilə yan almağa başladı. Onun çox ciddi, vüqarlı görünüşü var idi, çünki doqquz fut oturumlu, "Böyük Missuri" gəmisini təqlid edirdi. O, eyni zamanda həm gəmi, həm paroxod, həm də paroxod zəngi idi, ona görə də elə təsəvvür edirdi ki, kapitan körpüsündə dayanıb özü komanda verir, özü də öz komandasını yerinə yetirir.


-Maşın, dur, ser! Tin-lin-lin! - Maşın dayandı, gəmi yavaş-yavaş səkiyə yanaşdı. - Geriyə! - Ben qollarını aşağı salıb şax saxladı. - Sükanı sağa döndər!
Tin-lin-lin! Çu! Ç-çü-u! Çu! - Sağ əl havada təntənəli bir əda ilə dairə cızmağa başladı, bu qırx futluq çarx idi. - Sükanı sola döndər! Tin-lin-lin! Çu-ç-çu-çu! -İndi də sol əl havada dairə cızmağa başladı... - Sağ kənar! Tin-lin-lin! Dayan! Sol kənar! Sürəti azalt. Maşın, dur! Tin-lin-lin! Çu-ç-çu-u! Kəndiri tulla! Cəld ol!

Kəndiri neynəmisiniz! Orada nə eşələnirsən! Bağla! Belə, indi burax! Maşın durdu, ser! Tin-Hn-lin! Ş-ş-ş! (İndi gəmi buxar buraxırdı).


Tom gəmiyə qətiyyən məhəl qoymadan barını ağartmaqda davam edirdi. Ben gözlərini ona dikib soruşdu;
- Aha, deyəsən. yedəklənmisən! Yaxşıca ələ keçmisən!


Cavab çıxmadı. Tom fırça çəkdiyi yeri bir rəssam gözü ilə nəzərdən keçirib, sonra ehtiyatla fırçanı həmin yerə bir də çəkdi və azca kənara duraraq, öz işinə vüqarla tamaşa etdi. Ben yaxına gəlib onun yanında durdu. Tom almanı gördükdə ağzı sulandı, lakin udqunub yenə də səylə işini davam etdi. Ben dedi:


- Hə, dost, deyəsən işləmək lazım gəlir, hə?
Tom tez ona tərəf dönüb dedi:
- Bən, sənsən? Heç gəldiyini görmədim!
- Bura bax, Tom! Mən çimməyə gedirəm. Sən istəmirsən? Yox, əşi, sən yəqin ki, işləyəcəksən, hə? Bir də nə söz ola bilər? Əlbət ki, işləmək daha maraqlıdır!

Tom diqqətlə Benin üzünə baxıb soruşdu:
- Sən iş nəyə deyirsən?
- Səncə bəs bu iş deyil?
Tom yenə də işini davam etdirərək etinasız cavab verdi: -Nə bilim, bəlkə işdir, bəlkə də heç iş deyil! Ancaq bircə onu bilirəm ki, bu, Tom Soyyerin ürəyindəndir.
- Əşi, burax görək! Guya barı ağartmaqdan çox xoşun gəlir!
Fırça yenə də barının üzəri ilə müntəzəm surətdə enib-qalxırdı.
- Xoşuma gəlir? Niyə də gəlməsin, bizim kimilərinə barı ağartmaq həmişə qismət olmur.
Bundan sonra iş sanki Benin gözündə dəyişib başqa şəkil aldı. O, alma gəmirməyindən əl çəkdi. Tom fırçanı ehtiyatla irəliyə-geriyə aparır, arabir öz işinin nəticəsindən həzz almaq üçün dayanıb baxır, sonra yenə də fırçanı işə salırdı. Ben isə onun bütün hərəkətinə diqqət yetirir və get-gedə bu işə marağı artırdı. Birdən o dedi:
- Bura bax, Tom, ver bir az da mən ağardım!


Tom fıkirləşdi, əvvəlcə elə bil ki, razılaşacaqdı, lakin birdən fikrini dəyişdi.
- Yox, Ben, baş tutmaz. Polli xala bu barının üstündə yamanca əsir.
Bilirsən, bura barının küçə tərəfidir. Əgər həyət tərəfi olsa idi, o heç nə deməzdi, heç mən də deməzdim. Axır ki, bu barı üçün o yamanca əsir! Buranı bllirsən necə ağartmaq lazımdır? Məncə, min uşağın, hətta  iki min uşağın içində biri ancaq tapıla bilər ki, bu barın əməlli-başlı ağarda bilsin.


- Yox, canım! Qoy heç olmasa bir az ağardım, bas... Lap azca...
Tom, əgər mən sənin yerinə olsaydım, qoyardım!
- Ben, mən böyük sevinclə razı olardım, sənə hindi kimi söz verirəm, ancaq bilmirəm Polli xala nə deyər? Cim də ağartmaq istəyirdi, amma o qoymadı. Sid də istəyirdi, o, heç Sidi də qoymadı. Məsələ belədir. Deyək ki, sən barını ağartmağa başladın, birdən bəlkə...
- Nə danışırsan, Tom, mən lap səylə ağardaram! Sən ver, bir sınaqdan keçirim. İstəyirsən, almanın yarısını sənə saxlayım?
- Nə deyirəm... Amma yox, Ben, yaxşısı budurki, əl vurmayasan. Mən qorxuram.
- Almanın hamısını sənə verərəm!
Tom üzdən könülsüz, lakin ürəyində bərk sevinərək fırçanı əlindən verdi.
Sabiq "Böyük Missuri" gəmisi isti günəş altında tər tökə-tökə zəhmət çəkirkən, işdən aralanmış rəssam kölgədə çəlləyin üstündə əyləşib, ayaqlarını yellədəyellədə alma gəmirir və sadəlövh adamları tora salmaq üçün yeni plan üzərində düşünürdü. Bu heç də çətin deyildi: küçə ilə onun yanından hər dəqiqə uşaqlar gəlib keçirdi, onlar Toma gülüb, lağ etmək üçün ayaq saxlayır, lakin qalıb barını ağartmalı olurdular.
Ben yorulub gücdən düşdükdə Tom ikinci növbəni, kağızdan düzəldilmiş köhnə bir çərpələngə Billi Fişera satdı. Fişer də yorulduqda onu Conni Miller əvəz edərək, bunun müqabilində Toma bir ölü siçovul və ip verdi ki, siçovulun quyruğundan yapışıb fırlatmaq asan olsun. Beləliklə, saatlar bir-birini əvəz edir, uşaqlar bir-birini dəyişirdi.


Yoxsul, əmlaksız Tom günortaya qədər tamamilə varlanıb cah-calal içində üzdü. Yuxarıda saydığımız qiymətli şeylərdən başqa onun on iki kürəciyi, sınıq mizqanı, gözə tutub baxmaq üçün göy şüşə sınığı, boş qarqarası, heç bir şeyi açmayan açarı, bir parça tabaşiri, büllur qrafin qapağı, qalay əsgərciyi, bir cüt çömçəquyruğu, altı taraqqası, bir gözü kor pişik balası, mis qapı dəstəyi, itsiz xaltası, bıçaq sapı, dörd parça portağal qabığı və köhnə pəncərə çərçivəsi var idi.
Tom heç bir iş görmədən vaxtını çox şən keçirtdi, barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis edəcəkdi.


Tom heç bir iş görmədən vaxtını çox şən keçirtdi, barıya üst-üstə üç dəfə əhəng çəkildi. Əgər onun əhəngi qurtarmasaydı, şəhərin bütün uşaqlarını müflis edəcəkdi.


Tom fikirləşdi ki, həyatda yaşamaq o qədər də pis deyildir. O, özünün belə xəbəri olmadan, insan hərəkətlərini idarə edən böyük bir qanun kəşf etdi; uşağın, istərsə də yaşlı adamın bir şeyi arzu etməsi üçün yalnız bir şərt lazımdır - gərək o, qabaqcadan bilsin ki, həmin şeyə nail olmaq asan deyil.


Tom vəziyyətdə baş vermiş əhəmiyyətli dəyişiklik ətrafinda bir müddət də fikirləşdikdən sonra, məlumat vermək üçün baş qərargaha yollandı.