Mark Tven . Tom Soyyerin Macəraları. III fəsil
TOMUN TANIMADIĞI GÖZƏL QIZ
Tom eyni zamanda həm yataq otağı, həm qonaq otağı, həm yemək otağı, həm də kitabxananı əvəz edən çox səliqəli bir otağın pəncərəsi qabağında oturmuş Polli xalanın yanına gəldi. Mülayim yay havası, sakitlik, çiçəklərin gözəl qoxusu və adama layla çalan anların vızıltısı ona öz təsirini göstərmişdi, xala əlində hörmə olduğu halda mürgüləyirdi, çünki evdə pişikdən başqa danışmağa bir kəs yox idi, o da ki, xalanın dizi üstündə şirin yuxuya getmişdi. Eynəyini ehtiyat üçün alnından yuxarıya qaldırmışdı. O, elə güman edirdi ki, Tom çoxdan qaçmışdır, ona görə də indi Tom heç bir şeydən çəkinmədən onun yanına gəldikdə xala təəccübləndi.
Tom dedi:
- Xala, mən indi oynamağa gedə bilmərəmmi?
- Necə? İşini qurtarmısan? Nə qədər ağartmısan ki?
- Hamısını, xala.
- Tom, özündən söz düzəltmə, - bilirsən ki, mən belə şeyləri xoşlamıram.
- Mən söz düzəltmirəm, xala, hamısını qurtarmışam.
Hər deyilən sözə inanmaq Polli xalanın adəti deyildi. O getdi ki, işi öz gözü ilə yoxlasın. Tomun dediyinın heç olmasa iyirmi faizi düz olsaydı, o çox razı qalardı. Barının başdan-başa dönə-dönə ağardıldığını, üstəlik barının dibi ilə yerə ağ bir zolaq da çəkildiyini gördükdə Polli xalanı təsvirəgəlməz heyrət bürüdü.
Dedi:
- Belə ha! Buna heç söz ola bilməz, sən istəyəndə işləməyi bacarırsan, Tom. - Burada tərifi bir qədər yumşaltdı: - Ancaq heyif ki, belə vaxtlar çox az-az olur... Yaxşı, get oyna, ancaq evə vaxtında gəl, yoxsa işin şuluq olar.
Tomun parlaq müvəffəqiyyəti Polli xalanı elə heyrətləndirmişdi ki, uşağın qolundan yapışıb düz anbara apardı, iri bir alma seçib ona bağışladı və uzunuzadı ibrətamiz bir nitq söylədi ki, vicdanla və səylə işləmək nəticəsində, düzlüklə alınmış mükafat daha qiymətli və daha xoş olur. O öz nitqini müqəddəs kitablardan götürülmüş yaxşı bir kəlamla tamamladıqda Tom fürsət tapıb bir qoğal çırpışdırdı.
Tom hoppana-hoppana qaçaraq otaqdan çıxdıqda, həyətdən ikinci mərtəbəyə qalxan pilləkəndə Sidi gördü. Tomun yerdən gotürdüyü kəsəklər havada vıyıldayaraq dolu kimi Sidin ətrafına səpələndi. Polli xala heyrətdən özünə gəlib Sidin köməyinə çatana qədər altı-yeddi kəsək hədəfə dəydi. Tom isə barını aşaraq birca anda gözdən itdi. Həyətdən çıxmaq üçün qapı vardı, lakin Tomun bir qayda olaraq belə şeylərə vaxtı çatmazdı - indi qapıdan çıxmaq hayına qalan kim idi! Daha onun ürəyi sakit olmuşdu: Polli xalanın diqqətini qara sapa cəlb edərək onu pis vəziyyətə qoymuş Siddən hayıfını çıxmışdı.
Tom öz məhəllələrinin səmtindən keçdi, Polli xalanın inək saxladığı pəyənin yanından ötüb zir-zibilli bir döngəyə buruldu. Əsir düşmək və edam olunmaqdan yaxasını müvəffəqiyyətlə qurtarıb, şəhər meydançasına tərəf yollandı. Burada qabaqcadan olan danışığa əsasən ikİ ordu döyüşə hazır bir vəziyyətdə düzlənib durmuşdu. Bunlardan birinə Tom, o birisinə isə onun ayrılmaz dostu Co Qarper komandanlıq edirdi. Hər iki böyük sərkərdə özlərini o qədər də alçaq tutmurdular ki, gedib döyüşəydilər - bu, xırda-mırdaların işi idi, - onlar hündür bir yerdə yanaşı oturaraq hərbi əməliyyata rəhbərlik edir və öz yavərləri vasitəsilə müxtəlif əmrlər yağdırırdılar.
Uzun və şiddətli vuruşmalardan sonra Tomun ordusu böyük qələbə qazandı.
Ölənləri hesaba aldılar, əsirləri dəyişdilər, gələn dəfə nə vaxt müharibə elan etmək və nə üstündə vuruşmaq haqqında razılığa gəlib qəti döyüş gününü təyin etdilər. Sonra hər iki ordu sıraya düzülüb yola düşdü. Tom isə tək-tənha evlərinə tərəf yollandı.
O, Cef Tetçerin yaşadığı evin yanından keçərkən bağda, tanımadığı bir qız gördü. Bu, iki uzun sarışın hörüyü olan, göy gözlü qəşəng bir qız idi. Əynində ağ parçadan yay donu, balaqları tikməli pantalon var idi. Bir az bundan əvvəl böyük döyüş qələbələri qazanmış qəhrəman, bircə atəş belə açılmadan qızın əsiri oldu.
Əvvəllər məftun olduğu Emi Lourens adlı qız özü haqqında kiçik xatirə belə buraxmadan bir dəqiqənin ərzində onun qəlbindən çıxıb yox oldu. Tom elə bilirdi ki, onu dəlicəsinə sevir, bu məhəbbət ömrü boyu onun qəlbindən çıxmayacaqdır; lakin indi məlum oldu ki, bu yalnız ötərgi bir maraq imiş. O, məhəbbətinin qarşılıqlı olması üçün bir neçə ay əzab çəkmişdi, lakin cəmisi bircə həftə bundan əvvəl qız qəlbini Toma açıb, onu sevdiyini bildirmişdi: bircə həftə, yalnız bircə həftə Tom bəxtiyar olmuş, öz qələbəsi ilə fərəhlənmişdi. Budur, indi bircə anın içində, qonaq gəlib, tez də gedən kənar bir adam kimi qız onun qəlbini tərk etmişdi.
Necə ki, qız görmürdü, Tom uzaqdan-uzağa bu yeni məlakəyə pərəstiş etdi.
Bundan sonra guya qızın orada olduğundan xəbərsizmiş kimi, qızın xoşuna gəlmək, onu heyran etmək istəyən oğlanların adəti üzrə o da cürbəcür oyunlar çıxartmağa, özünü göstərməyə başladı. Uzun müddət müxtəlif sarsaq oyunlardan çıxdı, sonra çətin bir fokus göstərirkən təsadüfən qıza baxdıqda onun evlərinə tərəf getdiyini gördü. Tom kədərlənərək gedib hasara söykəndi; o ümid edirdi ki, qız bəlkə bir müddət bağda qalacaqdır. Qız artırmada bir dəqiqəliyə ayaq saxlayaraq qapıya sarı yönəldi, o, addımını kandardan içəri qoyanda Tom dərindən köks ötürdü. Lakin elə o saatca da onun üzü güldü; qız gözdən itməzdən əvvəl çönüb barının üstündən Toma bir çiçək atdı.
O, çiçəyə tərəf qaçıb, onun iki addımlığında dayandı, əlini gözünün üstünə tutaraq, sanki küçənin axırında nə isə çox maraqlı bir şey görürmüş kimi baxmağa başladı. Sonra yerdən bir saman çöpü götürdü, başını dala əyərək onu burnunun üstünə qoydu; yanı-yanı irəliləyərək çiçəyə yaxınlaşdı və nəhayət, yalın ayağını onun üstünə basdı, elastiki barmaqları çiçəyi yerdən götürdü. Tom bir ayağının üstündə hoppana-hoppana küçənin tinində gözdən itdi. Lakin bu çox çəkmədi, Tom bir dəqiqəliyə özünü xəlvətə vermişdi ki, çiçəyi gödəkcəsinin altında ürəyinə və bəlkə mədəsinə yaxın bir yerdə gizlətsin, o, anatomiyanı o qədər də yaxşı bilmirdi və belə şeylərdən başı çıxmazdı.
Bundan sonra o, qayıdıb barının yanına gəldi, axşam qaranlıq düşənədək orada qalaraq cürbəcür oyunlardan çıxdı; lakin qız bir daha görünmədi. Tom isə öz-özünə toxtaqlıq verirdi ki, qız bəlkə pəncərədən onun bu canfəşanlığını görüb.
Nəhayət o, könülsüz-könülsüz, tamamilə xəyala dalmış halda evlərinə tərəf getdi.Axşam yeməyi zamanı Tom o qədər həyəcanlı idi ki, xalası heyrətə gəldi:
"Görəsən bu uşağa nə dərd dəyib?" Sidin üstünə kəsək yağdırdığına görə onu möhkəmcə danladılar, lakin heç vecinə də almadı; bu qulağından aldı, o qulağından ötürdü. O, xalasının gözünün qabağında bir parça qənd çırpışdırmaq istərkən əlinin üstündən möhkəm bir şillə dəydi. Tom dedi:
- Xala, Sid qəndi yeyəndə siz heç onu döymürsünüz.
- Sid heç vaxt sənin kimi adamı hövsələdən çıxartmır. Gözüm üstündə olmasa, sən əlini qənddandan çəkməzsən.
Bir azdan xala çıxıb mətbəxə getdi. Sid cəzalanmadığından istifadə edərək qənddanı götürüb öz qabağına qoymaq istədi. Onun Tomun qarşısında belə lovğalamnasına heç cürə dözmək olmazdı. Lakin Sidin barmaqları qənddanı saxlaya bilmədi, o sürüşüb yerə düşərək çilikləndi. Tom bərk sevindi. Elə sevindi ki, ağzından bircə kəlmə belə söz çıxarmayıb susdu. O belə qərara gəldi ki, heç xalası içəri girəndə də bir söz deməsin, dinməzcə otursun. Polli xala qənddanı kim sındırdığım soruşduqdan sonra məsələni açıb desin. Bunu dedikdən sonra xalanın öz "sevimlisinin" başına nə oyun açdığına tamaşa etməyin ayrı ləzzəti vardı! Tom şadlığından elə şaşırmışdı ki, xalası mətbəxdən qayıdıb şüşə qırıqlarının yanında dayandıqda və eynəyinin üstündən onlara iti bir nəzər saldıqda özünü güclə saxlaya bildi. O, nəfəsini içəri çəkərək öz-özünə fikirləşirdi: "Bax, indi bu saatca başlanacaqdır!" Lakin bir an keçməmiş Tom yerə sərələndi! Xalanın qüdrətli əli onun üzərində yeniden yuxarı qalxmışdır ki, Tom bərkdən qaraqışqırıq qopartdı:
-Dayanın! Əlinizi saxlayın! Axı siz məni niyə döyürsünüz? Qabı mən sındırmamışam ki, Sid sındırıb!
Polli xala bu gozlənilməz sözdən donub qaldı. Tom gözləyirdi ki, xalası indicə peşman olacaq, onun halına acıyacaq. Lakin dili söz tutan kimi xalası dedi:
- Hə!.. Ancaq mən güman edirəm ki, sən bu zərbələri nahaq yerə almadın! Mən burada olmadığım müddətdə bir hoqqa çıxarmamış olmazsan!
Sonra vicdanı ona əzab verdi, uşağa bir neçə mehriban söz deyib, könlünü almaq istədi, lakin bunu etmədi, o bir söz desəydi, özünün təqsirkar olduğunu büruzə vermiş olacaqdı ki, bu da tərbiyə qayda-qanununa zidd idi. Ürəyində həyəcan keçirsə də, susub öz işləri ilə məşğul olmağa başladı.
Tom mısmırığını sallayaraq bir küncdə oturub fikirləşirdi. O bilirdi ki, Polli xala indi ürəyində onun qarşısında diz çökməyə hazırdır, bu hissdən Tom həzz alırdı, lakin özünü elə göstərirdi ki, guya heç bir şey hiss etmir. O, xalanın göz yaşları içərisində hərdən ona bikef-bikef nəzər yetirdiyini gorür, ancaq heç nəyi büruzə vermək istəmirdi. O, təsəvvürünə gətirirdi ki, ölüm yatağındadır, Polli xala isə onun üzərinə əyilərək özünün bağışlanmasını xahiş edir. Lakin Tom bunu etməyəcəkdir, o üzünü divara tərəf çevirərək öləcək, bircə kəlmə də söz deməyəcəkdir. Onda görəsən Polli xalanın halı necə olacaqdır? Gah da o, öz meyitinin çaydan çıxarılıb evə gətirildiyini təsəvvür edirdi; onun qıvrım saçları islanıb alnına yapışmış, əzab çəkmiş ürəyi əbədi olaraq dayanmışdır. Bu zaman xala özünü cəsədin üstünə atacaq, gözlərindən sel kimi qanlı yaşlar axacaqdır. O, Allaha üz tutub yalvaracaq ki, balasını əlindən almasın; onu heç bir zaman incitməyəcəyinə söz verəcəkdir! Qısa ömründə dünyanın hər əzab-əziyyətini çəkmiş yazıq Tom isə sifəti ağarmış, bədəni soyumuş, hərəkətsiz və hissiz uzanıb qalacaqdır...
Tom bütün bu xəyallardan o qədər mütəəssir olmuşdu ki, heç bir şey görmədən göz yaşları içərisində boğulurdu, o gözünü qırpanda kirpiklərindəki yaş yanağına süzülür, burnunun ucundan yerə damcılayırdı. O öz kədərindən elə böyük həzz alırdı ki, hər hansı bir sevinci qəlbinə yaxın qoymağı və ya sirayətedici şənliyə uymağı bu an ağlına belə gətirməzdi. O, öz kədərini müqəddəs bir şey kimi mühafizə edirdi. Odur ki, şəhərdən kənarda yaşayan tanışlarıgildə bir həftəni darıxa-darıxa başa vurmuş xalası qızı Meri evlərinə
qayıtdığı üçün sevinə-sevinə içəri girdikdə, özü ilə şənlik və günəş işığı gətirdikdə, Tom tutqun halda yerindən qalxaraq başqa qapıdan otaqdan çıxdı.
O, uşaqların adətən oynadıği küçələrdən uzaqlarda dolaşıb, öz əhvalına uyğun, kədərli və kimsəsiz yerlər axtarırdı. Çayda sahilə bağlanmış salın üstü Toma ən əlverişli bir yer kimi göründü, o lap qıraqda oturdu. Tom çayın tutqun səthini seyr edir və yalnız bircə şey arzulayırdı: təbiət iərəfindən qoyulmuş üzücü qayda-qanuna riayət etmədən birdən-birə, asanlıqla boğulub məhv olmaq istəyirdi. Bu zaman çiçəyi xatırlayıb, öz cibindən çıxartdı, çiçək solmuş və ölüşkəmişdi; bu Tomun kədərli xülyalarını daha da artırdı. Tom fikirləşirdi ki, qız bütün bunlardan xəbər tutsaydı, görəsən onun halına acıyardımı? Kim bilir, bəlkə ağlayar, onu qucaqlamaq, ürək-dirək vermək istərdi. Bəlkə də bütün bu soyuq aləm kimi o da laqeydcəsinə üz döndərib gedərdi. Bizim əzab çəkməkdə olan yazıq Tom bu mənzərəni gözünün qabağına gətirdikcə, özündə xoş bir süstlük hiss edirdi. O, bütün bunları müxtəlif şəkillərdə uzun zaman təsəvvüründə canlandırdı. Nəhayət, xəyali mənzərə solub parlaqlığını itirdi. Tom köksünü ötürərək yerindon qalxdı və qaranlıqda gözdən itdi.
Axşam saat onun yarısına yaxın Tom gediş-gəlişsiz küçə ilə tanış olmadığı Gözəl Qızın yaşadığı evə tərəf gedirdi. O, evə çatdıqda bir dəqiqəliyə ayaq saxladı. Diqqətlə qulaq asdısa da, heç bir səs-səmir eşidə bilmədi. İkinci mərtəbənin pəncərəsindəki pərdəyə şamın tutqun işığı düşmüşdü. Gözə görünməyən Gözəl Qız görəsən o otaqdadırmı? Tom barıdan aşıb, çiçək ləklərinin arası ilə yavaş-yavaş pəncərənin altına gəldi, başını yuxarı qaldıraraq uzun müddət həyəcanla pəncərəyə baxdı, sonra oradaca arxası üstə yerə uzanaraq, əlini sinəsinə qoydu və solmuş çiçəyi ürəyinə sıxdı. Bax, o, burada beləcə də ötəcəkdi. Tək-tənha, yurdsuz-yuvasız, nə alnındakı soyuq ölüm tərini siləcək bir nəvazişkar əl ona toxunacaq, nə də ömrünün son dəqiqəsində, ürəyi yanan sevimli bir məxluq onun halına acıyaraq sinəsi üstə əyiləcəkdir!
İnsanın qəlbinə sevinc gətirən səhər açılacaq, qız isə gəlib onun cansız cəsədini görəcəkdir. Ah, heç olmazsa, onun cəsədi üzərində bircə damcı göz yaşı axıdacaqmı? Yenicə çiçəklənməkdə olan gənc həyatın amansız əl tərəfindən söndürüldüyünə kədərlənib heç olmasa bircə dəfə köksünü ötürəcəkmi?
Pəncərə açıldı, xidmətçi qadının kəskin səsi bu müqəddəs sükutu pozdu -yerdə sərələnib əzab çəkən Tomun üstünə şırıltı ilə böyük bir qab su əndərildi. Bizim qəhrəman az qaldı boğula, o, fınxıra-finxıra tez sıçrayıb ayağa qalxdı.
Anlaşılmaz söyüşlə bir daş havada vıyıldadı, şüşə çilik-çilik olub ətrafa səpələndi, balaca, güclə seçilən bir fiqur sıçrayıb barıdan aşaraq qaranlıqda yox oldu.
Tək cumculuq islanmış paltarını soyunub şamın işığında gözdən keçirərkən Sid yuxudan oyandı. Tomu danlamaq və ya ona işarə ilə bir söz toxumaq fikrində olsa da Sid bunu etmədi, Tomun baxışlarından anladı ki, bu təhlükəlidir.
Tom bir də dua etməklə özünü əlavə zəhməyə salmağı lazım bilməyib yatağına uzandı, lakin onun bu səhvi Sidin gözündən yayınmadı, Sid bunu ürəyində saxladı.