Mark Tven . Tom Soyyerin Macəraları. V fəsil
KÜÇÜK VƏ "DİŞLƏYƏN" BÖCƏK
Saat on birin yarısına yaxın balaca kilsənin çatlamış zəngi səsləndi və bir az keçmədən camaat səhər ibadətinə yığışmağa başladı. Bazargünü məktəbinin bütün şagirdləri kilsənin hər tərəfinə yayıldılar və öz ata-anaları eyləşən skamyalarda oturdular ki, həmişə onların gözü qabağında olsunlar. Polli xala da gəlib çıxdı. Sidlə Meri də onunla yanaşı oturdular. Tom isə açıq pəncərədən və cəzbedici yay mənzərələrindən mümkün qədər uzaqda çıxış yoluna yaxın bir yolda oturdular.
Kilsə zalının hər iki tərəfi yavaş-yavaş adamlarla doldu; vaxtilə yaxşı günlər görmüş, indisə yoxsul və olduqca qoca poçt məmuru; mer öz arvadilə (şəhərdə başqa lazımsız şeylərlə birlikdə mer də mövcud idi) hakim, yaraşıqlı geyinmiş qırx yaşlı dul qadın Duqlas (var-dövləti, səxavəti ilə hər yerdə məşhur olan mehriban və xoşsifət xanım Duqlas şəhərdə yeganə ağa malikanəsinin sahibəsi idi; bütün Sent-Pitersburqun iftixar etdiyi ən şən və dəbdəbəli qonaqlıqlar bu qonaqsevər qadının evində düzəldilərdi; beli ikiqat əyilmiş, hörmətli mayor Uord öz arvadı ilə; haradansa uzaqlarda gəlib çıxmış, yeni məşhur sima - vəkil Riverson, şəhərin ən gözəl qadını batist və lentlərlə bəzənmiş, qəlbləri məflun edən gənc qız müşayiətçiləri ilə içəri daxil oldu.
Qızların ardınca kiçik şəhər xidmətçiləri olan bir dəstə cavan oğlan kilsənin eyvanına doluşaraq qapının o tərəf-bu tərəfinə düzüldülər və həsrət çəkərək çəlikiərinin dəstəyini sora-sora, qızlar kilsəyə girib yerbəyer olana qədər oranı kəsdirib durdular. Nəhayət, ən nümunəvi Uşaq - Villi Mafferson da öz anası ilə göründü; o anası ilə elə rəftar edirdi ki, elə bil anası büllurdan düzəldilmişdi. O, həmişə anasını müşayiət edərək kilsəyə gələr və bütün şəhər qadınlarının sevimlisi hesab olunardı. Ancaq oğlan uşaqlarının onu görməyə gözü yox idi, ona görə ki, Villi yaxşı idi, həmişə onu uşaqlara nümunə göstərirdilər. Bütün bazar günlərində olduğu kimi indi də guya təsadüfən olaraq qar kimi ağappaq cib yaylığının ucu dal cibindən görünürdü. Tomun ömründə cib yaylığı olmazdı, ona
görə də cib yaylığı gəzdirən uşaqların hamısını ədabaz hesab edərdi.
Bütün dindarlar toplaşıb qurtardıqdan sonra kilsə zəngi bir də çalındı ki, tənbəllər və veyllər də gəlib çıxsınlar, bu zaman kilsədə təntənəli sükunət hökm sürür, yalnız xor oxuyanların pıçıltısı və pıqqıldaşması bu sükutu pozurdu.
Oxuyanlar ibadət zamanı həmişə pıçıldaşır və pıqqıldaşırdılar. Ancaq haradasa bir kilsə xoru var idi ki, onun iştirakçıları özlərini ləyaqətlə aparırdılar, onun harada olduğu indi mənim yadımda deyil. Bu, deyəsən çox keçmişlərdə olmuşdur, demək olar ki, heç nə yadımda qalmamışdır, amma mənə elə gəlir ki, bu, bizdə deyil, haradasa xarici ölkələrdən birində olmuşdur.
Keşiş böyük hisslə duanı başdan-ayağadək oxudu - bizim yerlərin adətinə görə belə də oxunmalı idi. O, astadan oxumağa başlayaraq yavaş-yavaş səsini ucaltdı, sonra naməlum bir yerə çatdıqda axırıncı sözü qüvvətli bir vurğu ilə ifadə edərək elə bil ki, yuxarıdan aşağıya hoppandı:
Din qardaşım qan içində üzürkən, Cənnət çiçəkləri qoxlarammı mən?
Keşiş öz oxumaq məharətilə böyük şöhrət qazanmışdır. Kilsə yığıncaqlarında həmişə ondan şeir oxumağı xahiş edirdilər. O susan kimi arvadların hamısı əllərini yuxarı qaldıraraq sanki gücdən düşmüş kimi dizlərinin üstünə salır, gözlərini süzdürərək başlarını bulayır və elə bil ki, deyirdilər: "Bunu sözlə ifadə etmək olmaz,bu, çox gözəldir, çox gözəldir, Allahın bizim kimi günahkar bəndələri üçün çox gözəldir!"
Ümumi duanı oxuyub qurtardıqdan sonra mister Spreq elanlar lövhəsinə tərəf çevrildi, yığıncaqlar, növbəti toplanışlar və s. haqqında məlumatlar oxumağa başladı; bu oxunuş o qədər uzandı ki, adam onun qurtaracağına inana bitmirdi.
Bundan sonra isə, keşiş özü dua etməyə başladı. Bu çox yaxşı və uzun bir dua idi; orada heç bir şey unudulmamışdı; axırda Allahdan istixarə etdi ki, keşişin sözü eşidilsin, səpdiyi toxumlar yaxşı zəmin tapıb tez cücərsin, bol bəhrə versin.
Amin!
Tumanlar xışıldadı, yerlərindən qalxmış dindarlar yenə də oturdular.
Bu kitabda haqqında bəhs edilən oğların duadan heç xoşu gəlməzdi, o axıra qədər güclə otura bilirdi. Bütun dua müddəti yerində qurcalanır və yalnız nəyin haqqında artıq dua etmiş olduqlarını hesablayırdı. Qulaq asmağına asmırdı, lakin işin əsl mahiyyətini o lap çoxdan əzbər bilirdi; hətta nədən sonra nəyin deyiləcəyi də ona məlum idi. Keşiş özündən yeni bir söz işlətdikdə Tomun qulağı tanış olmayan sözü o saatca alır, uşaq dilxor olurdu; belə əlavələri Tom vicdansızlıq və xəspuşluq hesab edirdi. Duanın ortasında Tomun diqqətini qarşıdakı skamyanın söykənəcəyinə qonmuş bir milçək cəlb etdi və uzun müddət ona rahatlıq vermədi; milçək gah pəncələrini qoşalaşdıraraq bir-birinə sürtür, gah da onlarla başını tutub elə qüvvətlə qaşıyırdı ki, az qalırdı, başı bədənindən ayrılsın, bu zaman onun sap kimi nazik boynu görsənirdi; bəzən də dal ayaqları ilə qanadlarını sığallayır və frak ətəyi imiş kimi onları çəkib düzəldirdi; ümumiyyətlə, öz tualeti ilə elə arxayın və səylə məşğul idi ki, elə bil onu heç bir qorxu gözləmədiyini bilmirdi. Bu, elə doğrudan da belə idi: onu tutmaq üçün Tomun əli nə qədər gicişsə də, dua zamanı o buna cəsarət etmirdi.
Tom bilirdi ki, dua zamanı belə bir həngamə çıxarsa, işi bitmiş olacaqdır.
Bununla belə, keşİş duanın axırıncı sozlərini deyərkən Tomun əli tərpəndi, irəli sürüşdü və elə "amin" sozü deyilən kimi milçək əsir düşdü. Polli xala Tomu cinayət işi üstundə tutaraq milçəyi buraxmağa onu məcbur etdi.
Keşiş Tövratdan bir dua oxuduqdan sonra nə barədəsə cansıxıcı səslə rnühakimə yürütməyə başladı. Bu o qədər maraqsız bir moizə idi ki, kilsə xidmətinə gələnlərin çoxusu mürgü döyməyə başladı. Halbuki, keşİş günahkarlara necə divan tutulacağından, onlara necə əzab veriləcəyindən danışır, xilas olacaq günahsız, pak adamların isə sayını ele xırdaca bir rəqəmə gətirib çatdınrdı ki, onları heç xilas etməyə dəyməzdi.
Tom moizənin səhifəsini hesabladı; kilsədən çıxanda o neçə səhifə oxunduğunu həmişə bilərdi, ancaq nə haqda oxunduğunu ömründə bilməzdi.
Lakin bu dəfə uzun müddətə olmasa da, o, moizə ilə maraqlandı. Vaiz, Allahın əmri ilə yer üzünün cənnətə dönəcəyini, bütün insanların toplanacağını, qurdla quzunun yanaşı gəzəcəyini və körpə bir uşağın onları çəkib aparacağını elə əzəmətli və təsirli sözlərlə təsvir etdi ki, Tom istər-istəməz bu mənzərəni gözləri qarşısında canlandırdı. Lakin bu əzəmətli mənzərənin yüksək, ibrətamiz mahiyyəti Tom üçün hədər getdi. O, yalnız hamının gözü qabağında bu səhnənin əsas iştirakçısı rolunu oynamağın nə qədər əlverişli olduğunu düşünür, həmin körpə uşağın yerində olmağı arzulayırdı, ancaq bu şərtlə ki, qurd ələ öyrənmiş olsun.
Bundan sonra Tomun iztirabları yenə başlandı, çünki keşiş yenə də müxtəlif cansıxıcı mühakimələr yürüdürdü. Birdən Tom öz cibində nə qədər qiymətli bir şey olduğunu xatırlayir, tez onu çıxartdı. Bu, qorxunc çənəsi olan iri, qara bir böcək idi. Tom ona "dişləyən" adı vermişdi. O, boş piston qutusunun içərisində saxlanılırdı. Qutunu açan kimi, böcək əvvəl-əvvəl Tomun barmağını dişlədi. Tom barmağını çəkdi, böcək dalı üstə skamyaların arasındakı keçidə düşdü. Tom isə barmağına ağzına soxdu. Böcək arxası üstə çapalaya-çapalaya qalmışdı. Nə qədər çalışırdısa da, çevrilə bilmirdi. Tom gözünün ucu ilə ona baxır, birtəhər yerdən götürmək istəyirdi, lakin böcək çox uzağa düşmüşdü, əli ona çatmazdı.
Moizəyə maraq göstərməyən başqaları da böcəyə çəpəki tamaşa etməklə əylənməyə başladılar. Kiminsə istidən və sakitlikdən yorulub usanmış pudeli skamyaların arasını gəzirdi. O, bağlı yerdə oturmaqdan yorularaq, özü üçün bir əyləncə axtarırdı. Böcəyi görən kimi kefi kökəldi, quyruğunu bulamağa başladı.
O öz ovuna diqqət yetirdi, onun ətrafında dolandı, uzaqdan qoxuladı, yenə də ətrafında fırlandı, sonra isə ürəklənib yaxına gəldi və yenə də qoxuladı, dişlərini qıcayaraq böcəyi yaxalamaq istədi, lakin işi baş tutmadı, bunu bir daha, bir daha təkrar etdi; Bu məşğələ onun ürəyinə yatırdı, qarnı üstə yerə uzanıb, böcəyi qabaq pəncələrinin arasına aldı və bu qayda ilə oyununu davam etdirməyə başladı. Nəhayət, pudel böcəklə oynamaqdan yorularaq, laqeyd və diqqətsiz oldu. Mürgüləməyə başladı, başı aşağı əyildi, sifəti böcəyə toxunduqda o dəqiqə böcək onun dodağına yapışdı. Bərk zingilti eşidildi, pudel başını tərpətdi, böcək iki addım kənara atılıb, yenə də şaqqıltı ilə arxası üstə yerə düşdü. Qonşuluqdakı tamaşaçılar gülməkdən uğunub getdilər, qadınlar üzlərini yelpiklə gizlətdilər.
Tom isə tamamilə xoşbəxt idi. Küçüyün sarsaq görünüşü vardı, görünür, o elə özü də özünün sarsaqlığını hiss edirdı, lakin ürəyində acıqlanır və intiqam hissi ilə alışıb-yanırdı. O, böcəyə yaxınlaşıb, yenidən ehtiyatla hücum etməyə başladı.
Küçük böcəyin ətrafında fırlanıb, hər tərəfdən üstünə atılır, qabaq pəncələri ilə böcəyin lap yaxınlığında döşəməni cırmaqlayır, dişlərini şaqqıldadır, başını tərpədirdi. O, başını elə şiddətlə tərpədirdi ki, qulaqları şaqqıldayırdı. Bununla belə, bir qədər sonra böcəklə oynamaq yenə də küçüyü bezikdirdi. O, milçək dalınca qaçmağa başladı, lakin bunda da maraqlı bir şey görmədi, burnunu az qala döşəməyə sürtərək, atlı qarışqanın dalınca getdi, ancaq bu iş də tezliklə onu darıxdırdı. Əsnədi, dərindən nəfəs aldı, sonra böcəyi yadından çıxarıb, onun üstündə oturdu. Ağrı bildirən dəhşətli bir zingilti eşidildi, pudel yerindən qopub skamyaların arası ilə qaçmağa başladı. O, var gücü ilə ulayaraq, mehrabın qarşısından ötdü, keçid yolunun bu tərəfindən o biri tərəfinə sıçradı; qapının ağzında bir qədər vurnuxub, ulaya-ulaya yenə də skamyaların arası ilə geriyə qaçdı. O, ağrıdan tamam özünü itirmişdi, sürətlə qaçıb dairə cızır, tük basmış quyruqlu ulduzu xatırladırdı. Nəhayət, ağrının şiddətindən ağlı başından çıxmış bədbəxt heyvan sahibinin dizi üstünə sıçradı. Sahibi də onu götürüb pəncərədən bayıra atdı, onun yanıqlı zingiltisi get-gedə zəifləyərək, nəhayət, uzaqlarda eşidilməz oldu.
Bu zaman kilsədəkilərin hamısı gülməkdən özlərini güclə saxlayaraq, qıpqırmızı qızarmış halda oturmuşdular, moizə də bir nöqtədə donub qalmışdı.
Tezliklə vaiz danışığını davam etdirməyə başladısa da, nitqi əvvəlki kimi rəvan getmədi. Çünki dindarların diqqətini moizənin əsl mahiyyətinə cəlb etmək heç cür mümkün deyildi; əyləşənlər üzlərini skamyaların uca söykənəcəyi arxasında gizlədərək, vaizin ən kədərli, təsirli sözünü belə şən qəhqəhələrlə qarşılayırdılar, sanki yazıq vaiz ağzından gülməli bir söz çıxarmışdı. Bu işgəncə qurtardığı zaman hamı yüngüllüklə nəfəs aldı və keşiş kilsəyə toplaşanlara xeyir-dua verdi.
Tom Soyyer evlərinə kefi kök qayıdırdı, düşünürdü ki, kilsə ibadətinə bir qədər rəngarənglik əlavə edilərsə, o bəzən heç də pis olmur. Onu kədərləndirən yalnız bir şey idi; pudel onun böcəyi ilə nə qədər istəyirdi oynayaydı, daha onu özü ilə götürüb aparmağa pudelin nə ixtiyarı var idi!