Səyahət və turizm
Qədim dövrlərdə iqlim dəyişmələri, ovçuluq və təbii fəlakətlər əhalinin kütləvi şəkildə öz yerlərini dəyişməsinə səbəb olurdu. Sonralar ticarət, müharibələr, din və ya öz bəxtini tapmaq həvəsi insanların öz yerlərindən getməyinə səbəb olurdu. Böyük ticarət karvanları, mallarla yüklənmiş gəmilər, qazanc əldə etmək üçün gedən ordular və müqəddəs yerləri ziyarət edən zəvvarlar dəhlizləri yarıb keçərək, dağları və səhraları fəth edərək, çayları ayaqyalın keçərək bir-birindən aralı yaşayış məntəqələri arasında marşrutlar çəkirdilər.
Bu gün insanlar istirahət etmək, dostlar və yaxınları ilə görüşmək, müxtəlif yerləri görmək və başqa mədəniyyətlərlə tanış olmaq üçün səyahət edirlər.
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır. Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir.
Yaxın keçmişdə mükəmməl istirahətin etalonu, əsasən, dənizə səyahət, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sayılırdı. Günəş, hava və su sağlamlığın möhkəmləndirilməsinin əvəzolunmaz amilləridir. Sağlamlığın möhkəmləndirilməsi ilə səciyyələnən və özündə bir neçə turizm növlərini cəmləşdirən kənd yaşıl turizm və idman turizmidir.
Bir çox adamlar məzuniyyət zamanı və ya ilin istənilən vaxtında istirahət etmək, maraqlı yerləri, abidələri və muzeyləri görmək üçün səyahətə yollanırlar. Turizm bəzi ölkələrdə iqtisadiyyatın əsasını təşkil edir. Turizm ölkənin iqtisadiyyatı və inkişafı üçün çox sərfəlidir. Mehmanxana və restoranlar tikilir, daha müasir və sürətli şose yolları çəkilir, yeni aeroportlar, dəniz və dəmiryol vağzalları quraşdırılır, abidələr, tarixi əhəmiyyətli binalar, incəsənət əsərləri bərpa olunur, turizmə xidmət sahəsində yeni iş yerləri yaradılır. Bundan əlavə, xidmət sahəsi, xəstəxana, tibb mərkəzləri və ümumiyyətlə dövlət bütövlükdə müasirləşir.