Mark Tven . Tom Soyyerin Macəraları. XII fəsil
Toma yeni və daha mühüm bir dərd üz verdiyindən o öz həyəcanlı sirrini bir qədər unutmuşdu; Bekki Tetçer artıq məktəbə gəlmirdi. Tom öz məğrurluğuna üstün gəlmək üçün bir neçə gün öz-özü ilə mübarizə etdi Bekkini unutmaq istədi, nəhayət, dözə bilmədi.O, gecələri qızın yaşadığı evin ətrafını dolaşmağa başladı. Tom özünü çox bədbəxt hiss edirdi. Bekki xəstələnmişdi. Birdən o ölsə necə olacaqdır? Bu fikir onun bütün ümidlərini boşa çıxarırdı. O, artıq nə müharibə, nə də dəniz quldurları ilə maraqlanırdı. Həyat onunçün bütün gözəlliyini itirmiş, yalnız qüssə və ələm qalmışdı. O, diyircəyini və ağacını da bir tərəfə tulladı, artıq bu da Tomu əyləndirmirdi.
Polli xala təşvişə düşdü. O, bütün dərmanları dönə-dönə Tomda sınaqdan çıxartdı. O, hər cür yeni dərmanlarla və sağlamlığı möhkəmlədən üsullarla maraqlanan adamlardan idi. Bu sahədə yeni bir şey meydana çıxan kimi onu sınaqdan keçirmək arzusu ilə alışıb yanardı; əlbəttə, öz üzərində yox, çünki o heç bir zaman xəstələnməzdi. Ona görə də əlinə keçən adamın üzərində həmin dərmanları sınaqdan çıxarardı.
O zamanlar su ilə müalicə təzə-təzə dəb düşürdü, odur ki, Tomun belə əzgin vəziyyəti Polli xala üçün lap yerində oldu. O hər gün səhər sübhdən Tomu yuxudan durğuzub odun anbarına aparar və onun üstünə buz kimi soyuq su tökərdi; sonra da ağac kimi cod dəsmalla bədənini qıpqırmızı qızaranadək sürtərdi; bundan sonra isə onu yaş döşəkağıya bükərək, yorğanın altında möhkəm tərlədirdi, belə ki, Tomun dediyi kimi, "canı az qalardı boğazından çıxa".
Lakin bütün bu həngamələrə baxmayaraq, uşaq arıqlayır, sapsarı saralırdı, azacıq da eyni açılmırdı. Polli xala öz müalicələrinə isti vannanı, ayağı isti suya qoymağı və duş qəbul etməyi də əlavə etdi. Yazıq uşağın sir-sifətindən matəm qəmi yağırdı. Xala su müalicəsinin təsirini artırmaq üçün uşağa pəhriz saxlatdırır, sıyıq yulaf şirəsi yedizdirir, yara yetişdirici məlhəmlərdən də istifadə edirdi. Uşağın, bardaq kimi, su tutumunu nəzərə alıb səhərdən axşama qədər qarnını müxtəlif dərmanlarla doldururdu.
Tom bütün bu əziyyətlərə indi tamamilə laqeyd idi. Onun bu laqeydliyi Polli xalanı qorxuya saldı. Uşağı necə olursa olsun, həyata qaytarmaq lazım idi. Elə bu vaxt Polli xala həyatında ilk dəfə olaraq eşitdi ki, "ağrıkəsən" dərman var. O saatca həmin dərmandan bir xeyli aldırıb evə gətirtdi. Bir qədər dadına baxdıqda minnətdarlıq hissi onu bürüdü; bu, dərman deyil, duru bir od idi. O su müalicəsini və başqa bütün müalicələri bir tərəfə atıb, bütün ümidlərini bu "ağrıkəsən" dərmana bağladı. Polli xala darmandan bir çay qaşığı Toma verib, böyük həyəcan içərisində nəticəsini gözlədi. Axır ki, onun ürəyi sakit oldu. Tomun "laqeydliyi" tamamilə yox olub getmişdi. Uşaq, altında ocaq qalamış olsaydılar da, özünü belə diribaş apara bilməzdi.
Tom hiss edirdi ki, artıq bu yuxudan ayılmağın vaxtı çatmışdır. Elə əzgin və sıxıntılı vəziyyətdə olan bir adam üçün bu həyat bəlkə də yarayardı, lakin bu həyatda hiss üçün qida çatışmırdı, eyni zamanda olduqca yorucu rəngarəngliyə malik idi. O, bütün bu müalicə üsullarından canını qurtarmaq üçün bir neçə plan düşündü və nəhayət, özünü elə göstərdi ki, guya bu "ağrıkəsən" çox xoşuna gəlir. Tom bu o qədər tez-tez istəyirdi ki, axırda Polli xala təngə gəlib, şüşəni onun yanında qoydu və tapşırdı ki, istəyəndə özü götürüb içsin, ta onun zəhləsini tökməsin. Əgər bu, Sid olsaydı, Polli xalanın sevincini heç bir şey poza bilməzdi. Lakin, Toma bel bağlamaq olmazdı: xəlvətcə dərman şüşəsinə göz qoymağa başladı. Dərman, doğrudan da, get-gedə azalırdı, ancaq xalanın ağlına gəlmirdi ki, Tom "ağrıkəsən" dərmanla qonaq otağının döşəməsindəki deşiyi suvarır.
Bir dəfə Tom elə yenicə hazırlaşırdı ki, dərman dolu qaşığı deşiyə boşaltsın, xalasının san pişiyi xoruldaya-xoruldaya otağa girdi və acgözlüklə qaşığa tərəf baxmağa başladı; elə bil ki, dərmanın dadına baxmaq üçün yalvarırdı. Tom ona dedi;
- Əgər xoşun gəlmirsə, yaxşısı budur istəməyəsən, Piter. Piter özünü elə göstərdi ki, xoşu gəlir.
– Bax, sonra məndən görmə ha! Piter yanılmadığına əmin idi.
- İndi ki, belə xahiş edirsən, nə deyirəm, verərəm. Mən xəsis oğlan deyiləm. Ancaq xoşuna gəlməsə təqsir özündədir, məndən incimə. Piter razı idi. Tom onun ağzını açıb bir qaşıq dərman tökdü. Piter iki metr yüksəkliyə sıçrayaraq, dəhşətli bir bağırtı qopartdı, otağın içində o tərəf-bu tərəfə atılaraq özünü avadanlığa toxudu, gül dibçəklərini aşırıb saldı, otaqda bərk səsküy qaldırdı. Sonra dal pəncələri üstə qalxaraq başını yana əydi və şiddətli miyoltu ilə hədsiz sevincini ifadə edərək quduz bir şənliklə otağın içində fırlanmağa başladı. Sonra o, yolda rast gələn şeyləri uçurub dağıdaraq, aləmi birbirinə vura-vura bütün ev boyu qaçmağa başladı. Polli xala lap vaxtında içəri girərək, Piterin bir neçə dəfə kəlləmayallaq aşdığını, axırıncı dəfə möhkəm bir miyoltu qopararaq, açıq pəncərədən sıçradığını və hələ salamat qalmış gül dibçəyinin yerə saldığını gördü. Polli xala eynəyinin üstündən pişiyin bu hərəkətinə baxaraq heyrətindən yerində quruyub qalmışdı. Tonı yerə sərələnərək, gülməkdən ölürdü.
- Tom, Piterə nə olub?
- Bilmirəm, xala, - uşaq güclə dillənə bildi.
- Mən ömrümdə belə bir şey görməmişəm. Buna nə olub?
- Doğrusu, mən bilmirəm, Polli xala, pişiklərin kefi kök olanda həmişə belə edirlər.
- Doğrudan? Belə de!
- Tom onun səsində nə isə duyub təşvişə düşdü.
- Bəli, xala, yəni demək istəyirəm ki, mən belə düşünürəm.
- Sən belə düşünürsən?
- Bəli, xala. Polli xala yerə əyildi. Tom isə bərk narahat olaraq onun hərəkətlərinə diqqət yetirirdi. Lakin Tom Polli xalanın niyyətini çox gec başa düşdü. Andıra qalmış qaşığın qulpu çarpayının altından görünürdü. Polli xala onu yerdən götürüb Toma göstərdi. Uşaq gözlərini qırpıb üzünü yana çevirdi. Polli xala həmişəki adəti üzrə onun qulağından yapışıb üsküklə başına vurdu.
- Cənab, zəhmət çək məni başa sal görüm, bu dilsiz-ağızsız heyvana niyə belə əzab verirsən?
- Yazığım gəldi; axı onun xalası yoxdur.
- Xalası yoxdur! Axmağın biri axmaq! Xalanın bura nə dəxli var!
- Ona görə ki, əgər xalası olsaydı, özü ona dərman verib içalatını yandırardı, dilini-bağırsağını pörşələyib tökərdi, ta baxmazdı ki, bu pişikdir, uşaq deyil! Polli xala birdən vicdan əzabı hiss etdi. Hər şey ona tamamilə yeni şəkildə göründü: bir halda ki, bu dərman pişik üçün belə işgəncəlidir, demək, uşaq üçün də belə əzablı ola bilərdi. O yumşaldı, Toma acımağa başladı, Polli xalanın gözləri yaşla doldu, əlini Tomun başına qoyaraq mehriban-mehriban dedi:
- Tom, axı mən sənin xeyrin üçün çalışırdım. Axı bu sənə xeyir edirdi. Tom başını qaldırıb ciddi nəzərlərlə xalasına baxdı, lakin bununla belə onun gözlərində gülüş sezilirdi:
- Xala, mən bilirəm ki, siz mənim yaxşılığım üçün çalışırdınız, axı nə edim, mən də Piterin yaxşılığı üçün çalışırdım. Dərman onun üçün də xeyirlidir. Mən ömrümdə onun belə sevinclə atılıb-düşməsini görməmişdim. –
Tom, rədd ol gözümün qabağından, yoxsa yenə acığım tutar. Çalış ki, heç olmasa, ömründə bircə dəfə özünü yaxşı aparasan. Artıq sənə heç bir dərman lazım deyildir.
Tom məktəbə zəng çalınmamışdan əvvəl gəldi. Hamının nəzərinə çarpmışdı ki, axır zamanlarda bu qeyri-adi hal demək olar ki, hər gün təkrar olur. İndi də o, uşaqlarla oynamaq əvəzinə yenə darvazanın yanında var-gəl edirdi. Tom yoldaşlarına deyirdi ki, xəstələnmişdir; doğrudan da onun xəstə görünüşü var idi. O, özünü elə göstərirdi ki, guya laqeyd-laqeyd o yan-bu yana baxır, əslində isə o bircə tərəfə - yəni yola baxırdı. Tezliklə Cef Tetçer həmin yolda göründü. Tomun sir-sifəti açıldı; bir dəqiqəliyə həmin tərəfə baxıb, sonra yenə də kədərlə üzünü yana çevirdi
Cef gəlib çatdıqda Tom ona yaxınlaşıb ehtiyatla Bekkidən söhbət şaldı. Lakin maymaq Cef onun işarələrindən heç bir şey anlamadı. Tom elə hey yola baxır, yellənən bir paltar gördükdə ürəyində ümid qığılcımı parlayır, onun Bekki olmadığını yəqin etdikdə isə həmin paltar sahibinə ürəyində nifrətla lənət yağdırırdı. Nəhayət, o tamamilə ruhdan düşdü; boş sinif otağına girərək oturdu, qəmli xəyallara daldı.
Budur, həyət qapısında yenə bir qız paltarı göründü, sevincdən Tomun ürəyi yerindən oynadı. Bir an sonra o, artıq həyətdə idi; hindi coşqunluğu ilə çığırıbbağırır, qəhqəhə çəkir, uşaqların ardınca qaçır, qol-qıçını və ya boynunu sındırmaqdan qorxmayaraq, barıdan hoppanır, əli üstə gəzir, dombalaq aşır - xülasə, ağlına gələn həngamələrin hamısından çıxır, həm də hey gözaltı baxırdı ki, görsün Bekki Tetçer onun bu hərəkətlərini görür, ya yox. Lakin qız elə bil ki, heç bir şey görmürdü, bir dəfə də dönüb ona tərəf baxmadı. Doğrudanmı o, Tomun burada olmasından xəbərsizdi? Tom öz qəhrəmanlıqlarını qıza yaxın bir yerdə göstərməyə başladı; o, bağırtı ilə qızın ətrafinda fırlanaraq, bir oğlanın başından şapkasını qapıb taxtapuşa tulladı, uşaqların toplaşdığı yerə atılaraq onları o yan bu yana itələdi, düz Bekkinin qabağında yerə sərələndi. Qız burnunu dik tutaraq üzünü yana çevirdi. Tom onun, yoldaşına aşağıdakı sözləri dediyini öz qulağı ilə eşitdi:
- Pah! Bəziləri özlərinə yamanca əl qatıblar, elə güman edirlər ki, baxanlar üçün bu çox maraqlıdır!
Tomun sifəti qıpqırmızı qızardı. O, yerdən qalxıb, əzilmiş və ruhdan düşmüş halda çıxıb getdi.
08.07.2023