Zahid Xəlil. Körpə nəğmənin nağılı
Biri vardı, biri yoxdu, bir nəğmə vardı. Bu nəğmə xoşbəxtlik haqqında idi. O, gündüz dildən-dilə düşdü, hər tərəfi dolandı. Axşamüstü yorulub yatmaq istədi.
Bəs harada yatsın? Görəsən nəğmələr harada yatır?
Körpə nəğmə bu suallara cavab tapa bilmədi. Axı, nə biləydi ki, nəğmələr harada gecələyir? Birdən göydə uçan yaşlı bir nəğmə gördü. Tez ondan soruşdu:
—Nəğmələr harada gecələyir?
—Yaxşı adamların ürəyində! — Yaşlı nəğmə bu sözləri deyib uçdu.
Körpə nəğmə uça-uça bir pəncərədən içəriyə girdi.
Çarpayıda bir kişi xoruldayırdı. Daz başı qaranlıqda işıq saçırdı. Tüklü sinəsi körük kimi qalxıb-enirdi. Nəğmə yavaşca onun qulağına girdi. Sonra ürəyinə keçmək istəyirdi ki, səs eşitdi. Diqqətlə qulaq asıb gördü səs ürəyin içindən gəlir:
—Sabah tezdən yuxudan duran kimi Parisi bütövlükdə oğurla. Bir daşı da qalmasın. Axı, niyə də qalsın? Qoy bu qədim şəhər tamam sənin olsun. Onun qədim naxışlı daşları, qalaları hamısı sənin olsun!
Kimsə danışanın səsini kəsdi:
—Yox, Parisi yox. Orada nə var ki, ancaq qüllələr və qalalar! Sən Fransanı oğurla, üstəlik adamlarını da. Qoy sənin olsun!
Üçüncü bir səs daha güclü idi:
—Səsinizi kəsin! Boş-boş danışmayın. Bu adam bir-iki mağaza oğurlasa kifayətdir. Nəyinə gərəkdi Paris, ya da lap Fransa?!
Mübahisə qızışırdı. Körpə nəğmə uçub pəncərədən çıxdı. Bu oğrunun yanında qalmaq olmazdı. Onun ürəyində çox adam var idi, nəğməyə yer yox idi.
O, başqa bir pəncərədən içəri girdi. 40-45 yaşlarında sifəti çopurlaşmış bir qadın yatırdı. Gözləri yarı yuxulu idi.
Üzündəki qırışlar dəftər cızığına oxşayırdı. Körpə nəğmə qadının qulağına girdi. Ürəyinin qarşısında dayanıb qulaq asdı.
—Səhər yuxudan duran kimi bağçada bir quyu qaz, qoy adamlar ora yıxılıb ölsünlər.
—Onların ölməyinin sənə nə xeyri var?
—Xeyri olmasa da, zərəri də yoxdur. Ölsələr yaxşıdır.
—Yaman paxılsan ha... Körpə nəğmə bu paxıl adamın ürəyindəki qara-qura fıkirlərdən qorxdu, bir göz qırpımında pəncərədən çıxdı. О xeyli uçdu, dağların başından, dərələrin üstündən keçdi, gəlib hündür bir evin pəncərəsindən içəri girdi.
Bu otaq bəzənmişdi. Divarlarda, yerdə nə qədər desən xalça vardı.
Büllur çilçıraq, qızıl qablar par-par parıldayırdı.
Çarpayıda qoca bir kişi yatmışdı. Arıq uzun sifəti, qabağa əyilmiş çənəsi vardı. Nəğmə onun qulağına girib ürəyinə çatanda səs eşitdi:
—Ah, bütün dünya mənim olaydı. Lap böyük-böyük şəhərlər, raketlər, hamısı.
—Gözlərin doyardı onda?
—Əgər Günəşi və Ayı da mənə versəydilər, əlbəttə, gözlərim doyardı.
—Acgöz!
Nəğmə bu evdən də çıxmaq istəyirdi ki, kiçik bir çarpayıda yatan bir uşaq gördü. Uşaq mışıl-mışıl yatırdı. Nəğmə onun qulağına girib ürəyinə çatanda bu sözləri eşitdi:
—Qoy həmişə bahar olsun. Günəş olsun, xoşbəxtlik olsun.
Nəğmə uşağın ürəyinə girib gözlərini yumdu və şirin yuxuya getdi.
Siz də yatın, əziz balalar, gecəniz xeyrə qalsın.
10.07.2023