Mark Tven . Tom Soyyerin Macəraları. XXI fəsil
İMTAHANLAR
Yay tətili yaxınlaşırdı. Həmişə ciddi olan müəllim indi daha sərt və daha tələbkar olmuşdu, o istəyirdi ki, məktəb imtahanlarda fərqlənsin. Çubuq və xətkeş xüsusilə aşağı siniflərdə heç bir zaman bekar qalmırdı. Yalnız şagirdlərin ən böyükləri, on yeddi-on səkkiz yaşlı qızlar, oğlanlar çubuqlanmadan azad idilər. Mister Dobbinsin isə adam döyməsinə söz ola bilməzdi, tamamilə daz və işım-işım işıldayan başına parik geysə də yaşı o qədər çox deyildi. Əzələləri möhkəm və qüvvətli idi. Böyük gün yaxınlaşdıqca mister Dobbinsin daxilində gizlənmiş olan zalımlıq əlamətləri bir-bir zühur edirdi: elə bil ki, hər kiçik hərəkət üstündə adamı cəzalandırmaq ona ləzzət verirdi. Ona görə də ən balaca uşaqlar günlərini qorxu və əzab içərisində keçirir, axşam olanda isə yatmır, ondan necə intiqam alacaqlarını düşünürdülər. Müəllimin işini korlamaq üçün onlar bircə fürsəti də əldən qaçırmırdılar. Ancaq müəllim də onlardan geri qalmırdı. Hər bir müvəffəqiyyətli intiqamın əvəzi o qədər amansız və dəhşətli olurdu ki, uşaqlar hər dəfə döyüş meydanından böyük itki ilə geri çəkilməli olurdular.
Nəhayət onlar öz aralarında sözləşib belə bir kələk düzəltdilər ki, o böyük müvəffəqiyyətlə nəticələnə bilərdi. Onlar lövhə yazmaqla məşğul olan yerli rəssamın şagirdini də öz dəstələrinə daxil etdilər. Uşaqlar planlarını ona danışıb kömək etməsini xahiş elədilər. Rəssam şagirdi bu işə böyük sevinclə razı oldu, çünki müəllim müvəqqəti onların evində yeyib-içirdi, həmin müddət ərzində onun zəhləsini töküb canını boğazına yığmışdı. Müəllimin arvadı bir neçə günlüyə başqa yerə, tanışlarıgilə qonaq getmişdi, ona görə də onların planına mane olacaq bir adam yox idi. Müəllim təntənəli günlərdə o qədər içirdi ki, özünü bilmirdi. Rəssam şagirdi uşaqlara dedi ki, imtahanqabağı müəllim içib kreslosunda mürgüləməyə başlayan kimi, işləri düzəldəcək, sonra da müəllimi durğuzub məktəbə yola salacaqdır.
Həmin o təntənəli gün gəlib çatdı. Axşam saat səkkizə qədər məktəbin binası gur işıqlandırıldı, çiçəklərlə, güllərlə, yaşıl budaqlarla bəzədildi.
Müəllim taxtda əyləşir kimi, hündür bir yerdə qoyulmuş on böyük kresloda əyləşdi. Onun arxa tərəfində qara lövhə asılmışdı. Mister Dobbinsin vurduğu hiss olunurdu. Hündür yerin o tərəf-bu tərəflndəki üç cərgə və qarşısındakı altı cərgə skamya şəhərin adlı-sanlı adamları və şagirdlərin ata-anaları tərəfindən tutulmuşdu.
Müəllim oturan yerdən solda, tamaşaçıların arxa tərəfində hündür bir səkidə, imtahanda iştirak edən şagirdlər oturmuşdular. Bir cərgədə tərtəmiz yuyulmuş, bayram paltarı geyinmiş balaca oğlanlar iynə üstündə oturubmuş kimi narahat halda bərk sıxılırdılar; o biri cərgələrdə yekə-yekə oğlanlar, ağappaq batist və kiseyi paltarlar geyinmiş irili-xırdalı qızlar əyləşmişdilər; məlum olurdu ki, yeniyetmə qızlar çılpaq qollarına nənələrinin köhnə bilərziklərini taxmalarından, saçlarını çəhrayı, mavi bantlar və çiçəklərlə bəzəmələrindən utanırlar. Qalan yerlərdə isə imtahanlarda iştirak etməyən uşaqlar oturmuşdular.
İmtahanlar başlandı. Çox balaca bir oğlan uşağı irəli çıxıb qorxudan kəkələyə-kəkələyə dedi: "Dostlar, yəqin ki, sizin heç biriniz balaca bir uşağın şeir deyə biləcəyini gözləmirdi", - sonra xarab olmuş maşın kimi əsəbi halda yırğalana-yırğalana güc-bəla ilə şeir deməyə başladı. Nəhayət, deklamasiyanı başa çatdırdıqda o, qorxusundan güclə ayaq üstə dura bilirdi, sonra avtomat kimi baş əyib sürətli alqışlar altında qayıdıb yerində oturdu.
Balaca bir qız utana-utana, dili güclə söz tuta-tuta "Merinin bir quzusu var idi" şerini deyib, yazıq görkəmlə reverans etdi, çəpik payını alıb qıpqırmızı qızarmış halda, sevinə-sevinə yerində oturdu.
Sonra Tom Soyyer özünə çox arxayın halda irəli çıxıb böyük həvəslə, əlqolunu ölçə-ölçə "Mənə azadlıq verin" şerini əzbər deməyə başladı, lakin ortaya çaldıqda karıxdı. Camaatın qabağında özünü itirdi, qorxusundan dizləri əsməyə başladı, nəfəsi tutuldu, dilini tərpədə bilmədi. Doğrudur, dinləyicilər açıqdanaçığa onun halına acıyırdılar, ancaq heç kəs dinmirdi, bu dinməmək isə acımaqdan daha pis idi. Müəllim qaşqabağını tökdü. Tomun vəziyyətdən çıxa biləcəyinə ümid yoxdu. O nə qədər istədi ki, şerin ardını desin, lakin bir şey çıxmadı, biabırçılıqla çəkilib yerində oturdu. Bir-iki yerdən könülsüz əl çaldılar və o saatca da sükut çökdü.
Sonra yazmaq və oxumaq yanşı başlandı. İndi də ən maraqlı məsələyə növbə çatırdı - gənc qızlar öz orijinal əsərlərini oxuyacaqdılar.
Onlar bir-bir ortaya çıxır, boğazlarını arıdır, sonra isə qəşəng lentlə sarınmış əlyazmalarını açaraq, durğu işarələrinə xüsusi diqqət yetirə-yetirə, ifadəylə oxuyurdular. Bu yazıların mövzusu onların analarını, nənələrinin və şübhəsiz ki, ulu nənələrinin vaxtilə zəhmət çəkib yazdıqları mövzunun eyni olardı.
Nəhayət, içkidən tamamilə məst olmuş müəllim kreslosunu geri itələdi və arxasını tamaşaçılara tərəf çevirərək lövhədə Amerikanın xəritəsini cızmağa başladı. Çünki bundan sonra coğrafiya imtahanı başlayacaqdı. Ancaq onun əli əsirdi, işin öhdəsindən gələ bilmirdi, zalda astaca gülüşmə eşidildi. Müəllim başa düşdü ki, ona gülürlər, səhvini düzəltmək istədi. O, yazı taxtasındakı cizgiləri əsgi ilə pozub yenidən çəkmək istədi, lakin daha da korladı. Gülüşmə bir az da ucaldı. Müəllimin başı tamamilə işə qarışmışdı, görünür o, zalda oturanların gülüşməsinə əhəmiyyət verməməyi qərara almışdı. Müəllim hiss edirdi ki, hamı ona baxır, elə bilirdi işi yaxşı gedir; ancaq gülüşmə kəsilmirdi, əksinə, get-gedə daha da artırdı. Bu, nahaq yerə deyildi! Taxtapuşun qapısı lap müəllimin başının üstündə idi, birdən həmin qapı aralandı, orada bir pişik göründü. Pişiyin ortasına kəndir bağlanmışdı, miyoldamasın deyə başı əsgi ilə sarınmışdı. Yavaş-yavaş tavandan aşağı sallanan pişik gah kəndiri cırmaqlayır, gah da havada caynaqlarını orayaburaya alaraq yuxarı-aşağı qanrılırdı. Gülüşmə lap artmışdı, dünyadan xəbərsiz müəllimin başı ilə pişik arasında cəmisi bir qarış məsafə qalırdı.
Pişik aşağı endi, endi, birdən caynaqlarını müəllimin başındakı parikə ilişdirib öz qənimətini əldən buraxmadan bircə anda çardağa qalxdı! Müəllimin daz başı lampaların gur işığında par-par parıldayıb, göz qamaşdırdı - rəssam şagirdi parikin içərisinə zər səpibmiş...
Bununla da yığıncaq qurtardı. Şagirdlər artıq intiqam almışdılar. Yay tətili başlandı.
25.07.2023