Şeirlər

Nuranə Rafailqızı. Tənbəl Rafael

Yaman səliqəsizdi
Bizim Rafael yaman.
Otağı darmadağın
Olur baxsan, nə zaman.

 

Kitab divanın üstə,
Döşəmədə dəftəri.
Qələm, şəkil, saatlar...
Bərbad gündə rəfləri.

 

 

Dəsmalı yerdə gəzir,
Qırışdı paltarları.
Heç narahat etməyir
Onu, evin bu halı.

 

Elə ki, lazım olur
Ona otaqdan nəsə.
Axtarıb tapa bilmir,
Hamı yığılır səsə:

 

-Kömək eləyin tapım,
Dərsə yetişməyəcəm!
Söz verirəm, otağı
Gəlib təmizləyəcəm!

 

Elə ki, evə gəlir,
Hər şey çıxır yadından
Tutacaq öz sözünü
Nə vaxt, bu tənbəl oğlan?!