Mark Tven . Tom Soyyerin Macəraları. XXVII fəsil
O günün hadisələri Toma yuxuda da əzab verirdi. Dörd dəfə o, əlini xəzinəyə uzatdı, dördündə də xəzinə sanki əriyərək yox oldu. Bu zaman o ayılır, yuxusu qaçır, şahidi olduğu acı həqiqətlər gözləri önündə yenidən canlanır, fəlakət hissi qəlbini bürüyürdü. Səhər tezdən yatağında uzanıb dünənki macəranı bütün təfsilatı ilə xatırlayarkən Tom təəccüb etdi: ona elə geldi ki, bütün bunlar ondan çox-çox uzaqlarda, başqa bir aləmdə yüz il bundan qabaq olmuşdur. O fikirləşdi ki, bəlkə də bu əhvalatları elə doğrudan da yuxuda görmüşdü. Belə bir fikri sübut etmək üçün onun əlində inandırıcı dəlil var idi: axı dünən gördüyü o qədər qızıl və gümüş həqiqətdə ola da bilməzdi. Öz yaşında olan başqa uşaqlar kimi o indiyə qədər əlli dolları belə bütünlükdə görməmişdi və elə bilirdi ki, "yüz dollar", "min dollar" sözü elə belə yaraşıq üçün işlədilir, əslində isə heç kesdə bu qədər pul olmur. Onun ömründə ağlına gəlməzdi ki, birisinin cibində bu qədər var-dövlət, yəni yüz dollar nəqd pul olsun. Əgər ondan soruşsaydılar ki, xəzinə nədir, məlum olardı ki, xəzinə onun nəzərində bir ovuc gümüş puldan və bir qab işıldayan, ələgəlməz sehrli dollardan başqa bir şey deyildir.
Lakin o fikirləşdikcə dünənki günün macərası hafizəsində daha aydın və kəskin şəkil alıdı, nəhayət, çox keçmədən o belə bir fikrə gəldi ki, bunlar yuxu deyil. Birtəhər bu məsələni aydınlaşdırmaq lazım idi. O, tələm-tələsik səhər yeməyini yeyib Heki axtarmağa getdi.
Hek böyük yastıdib qayığın kənarında oturub, laqeyd halda ayaqları ilə suyu şappıldadırdı; onun çox tulqun görkəmi vardı. Tom belə qərara gəldi ki, dünənki məsələ haqqında Hek birinci danışsa yaxşıdır. Əgər Hek bir söz deməsə, demək, bunların hamısı yuxudur. - Salam, Hek! - Salam. Bir dəqiqəlik sükut.
- Tom, əgər o zəhrimara qalmış beli orada qoymasaydıq, pullar hamısı bizim olardı!
- Demək bu yuxu deyilmiş, mən yuxu görməmişəm! Mən istərdim ki, bu elə yuxu olaydı. Vallah, düz deyirəm, Hek!
- Yuxu nədir?
- Dünənkiləri deyirəm də. Mən elə bilirdim ki, yuxu görmüşəm.
- Yuxu! Pilləkən sınmasaydı onda yaxşı bilərdin ki, bu necə yuxudur! Mən də bütün gecəni qat-qarışıq yuxular görmüşəm, o lənətə gəlmiş taygöz ispaniyalı məni qovurdu, görüm onu yerə girsin!
- Yox, yerə niyə girsin. Biz gərək onu axtarıb tapaq! Görək pul hardadır.
- Tom, biz onu heç bir zaman tapa bilməyəcəyik. Belə şey adamın həyatında bir dəfə ola bilər ki, pul öz-özünə ələ keçsin. Biz də ki, belə bir fürsəti əldən qaçırtdıq. Mən bir də onun üzünü görsəm, yəqin ki, ayaqlarım bir-birinə dolaşar.
- Mən də sənin kimiyəm, ancaq necə olursa olsun onu görmək, güdüb ikinci nömrənin yerini öyrənmək istəyirəm.
- İkinci nömrə - elə əngəl də burasındadır. Mən bu barədə düşünmüşəm. Ancaq heç bir şey ayırd edə bilmirəm. Səncə bu nə ola bilər?
- Bilmirəm. Qaranlıq məsələdir. Bura bax, Hek, bəlkə bu evin nömrəsidir?
– Yox bir! Ağlım kəsmir. Tom, olsa da bizim şəhərdə deyil. Burada nömrə nə gəzir! - Hə, onu doğru deyirsən. Qoy bir fikirləşim. Bəlkə mehmanxananın otaq nömrəsidir?
- Hə, elədir ki var. Burada cəmisi iki mehmanxana var. O saat taparıq.
- Hek, sən otur burada, mən gəlincə yerindən tərpənmə. Tom bircə anda gözdən itdi. O istəmirdi ki, Heklə birlikdə onu küçədə görən olsun. Yarım saatdan sonra Tom qayıdıb gəldi. Məlum oldu ki, yaxşı mehmanxanadakı ikinci nömrə çoxdan bəridir ki, gənc vəkil tərəfindən tutulmuşdur. O elə indi də həmin nömrədədir. Nisbətən pis olan o biri mehmanxanadakı ikinci nömrə isə çox müəmmalıdır. Mehmanxana sahibinin oğlu demişdi ki, o nömrə həmişə qıfıllı olur, gecə vaxtlarından başqa oraya bir adamın girib-çıxdığını o, ömründə görməmişdir. Bunun nə üçün belə olduğunu o bilmir, gərək ki, elə xüsusi bir səbəb yoxdur. Bu, hətta mehmanxana sahibinin oğluna qəribə görünmüşdü, lakin o qədər də yox, ona görə də belə qərara gəlmişdi ki, həmin otaqda cin-şəyatin var. Hətta dünən orada İşıq yandığını da görmüşdü.
- Bax mənim öyrəndiyim bunlardır, Hek. Mən bilən bizə lazım olan ikinci nömrə elə həmin bu nömrədir ki, var.
- Tom, mən də elə düşünürəm. İndi biz nə edək?
- Qoy fikirləşim. Tom uzun-uzadı fikirləşdi. Sonra dedi:
- Bilirsən nə var, həmin o ikinci nömrənin dal qapısı mehmanxana ilə o siçan yuvasına oxşayan köhnə kərpic anbarın arasındakı dar dalana çıxır. Sən bacardığın qədər çoxlu açar topla, mən də xalamın bütün açarlarını ələ keçirərəm, qaranlıq gccələrin birində gedib baxarıq, görək açarlardan hansı qapıya düşür. Ancaq göz-qulaq ol, bəlkə hindi Coya rast gəldin. Axı o deyirdi ki, bir də şəhərə gələcək və baxacaq ki, görsün intiqam almaq üçün fürsət düşürmü. Əgər görsən, mütləq dalınca gedərsən; həmin o ikinci nömrəyə girməsə, demək, o dediyi nömrə bu deyil.
- Allah haqqı, mən onun dalınca tək getməyə qorxuram!
- Axı bu məsələ gecə olacaq! Bəlkə də heç səni görmədi, görsə də ağlına bir şey gəlməz.
– Bərk qaranlıq olsa bəlkə də getdim. Bilmirəm... nə bilim, işə baxaram.
- Əgər qaranlıq gecə olsa, onu bil ki, elə mən özüm də gedərəm. Nə bilmək olar, bəlkə birdən-birə intiqam almaq mümkün olmayacaq, ona görə də birbaşa pulların dalıncan gedəcək.
- Doğrudur, Tom, doğrudur! Mən onun dalınca gedərəm, lap yəqin. - Bax, buna sözüm yoxdur! Ancaq, Hek, sərhesab ol, fürsəti əldən qaçırma, mən sarıdan isə arxayın ola bilərsən.