Nağıllar, hekayələr

Ağıllı kirpi və hiyləgər tülkü

Biri vardı, biri yoxdu. Bir dənə ağıllı kirpi ilə hiyləgər bir tülkü var idi. Kirpi ilə tülkü bir-birilərilə dost idilər və uzun illərdi birlikdə yaşayırdılar. Onlar hər gün Kösə Akayın hininə girib, onun bir toyuğunu oğurlayıb qarınlarını doyururdular. 

 

Günlərin bir günü Kösə Akay onlara tələ qurdu. Hinin qarşısına dərin bir çuxur qazdı. Çuxur görünməsin deyə üstünü də çör-çöplə örtdü. 

 

Gecənin yarısı tülkü ilə kirpi yenə toyuq oğurlamaq üçün gəldilər. Gizlicə qapıya yaxınlaşmaq istəyərkən ikisi də çuxura düşdü. Tülkü ilə kirpi Kösənin bu hiyləgərliyinə məəttəl qaldılar. 

 

Çuxurdan çıxmağa imkan yoxdu. Artıq nə etmək olar, çox fikirləşdilər, amma fikirləşməyin də faydası yox idi. Çünki çuxur çox dərin idi. Kirpi dedi: 

− Belə olmaz, dostum, sən məni ağzına al, qaldır çuxurdan yuxarıya at. Mən yuxarıya çıxdıqdan sonra iplə səni çəkib çıxararam. Tülkü razılaşdı və kirpini ağzına alıb var gücü ilə yuxarıya atdı. Kirpi çuxurdan çıxdıqdan sonra tülküyə: «Sağ ol, dostum, salamat qal» – deyib, çıxıb getdi. 

 

Tülkü məəttəl qaldı, kirpinin nə üçün belə etdiyini başa düşmədi. Artıq səhər də açılırdı. Tülkü çuxurdan çıxa bilmədi. Bir az sonra Kösə Akay gəlib onu görəcəkdi. Tülkü bir az fikirləşdikdən sonra: «Dayan hələ! Bəlkə, bu Kösəni aldadım» – deyib, ağzını əydi, özünü ölülüyə vurdu və arxası üstə yatdı. Bir az sonra Kösə Akay gəldi. Baxdı ki, çuxurda ölü bir tülkü var. Kösə Akay sevinərək: «Hə, tələyə düşdünmü hiyləgər, gəbərdinmi, donuz? Neçə vaxdır mənim toyuqlarımı yeyən sənsən, demək, indi mən də sənin xəzindən paltoma yaxalıq vura ram!» – deyib tülkünün quyruğundan tutub, onu çuxurdan çıxartdı və atdı. Tülkü çuxurdan çıxan kimi sıçrayıb qalxdı: «Sağ ol, Kösə ağa, paltona yaxalığı bir də çuxura düşdüyüm zaman vurarsan» – deyib dağa tərəf qaçaraq gözdən itdi. Kösə Akay tülkünün arxasınca baxa-baxa qaldı.

 

Bu bəladan xilas olduqdan sonra tülkü dağlarda uzun müddət gəzib dolandı. Bir gün səhər dağın ətəyindən keçərkən köhnə dostu kirpi ilə qarşılaşdı. Tülkü xoruzlanaraq ona dedi: 
− Belə dostluqmu olar? Sənin dostluğun bu idi? Kirpi cavab verdi: 
− Çox qəribəsən, dostum, nə oldu? Orada sənə necə kömək edə bilərdim ki? Tülkü çox qəzəbləndi və dedi: 
− Sənin kimi dostum olmaqdansa, olmasa yaxşıdı. Kirpi dedi: 
− Sən olmasaydın, mən o çuxura heç düşməzdim. İkisi də ayrılıb hərə bir tərəfə getdi. Tülkü kirpidən ayrıldıqdan sonra xeyli vaxt gəzib yemək axtardı. Amma heç bir şey tapa bilmədi. Nə etsin, yenə hiyləgərlik etməyə qərar verdi. Elə bu vaxt gördü ki, bir adam dəniz tərəfdən xizək ilə balıq gətirir. Tez hiyləgərcəsinə ağzını köpükləndirdi və yolun ortasında uzanıb özünü ölülüyə vurdu. Balıq gətirən adam onu görəndə ayağını saxladı və: «Yaxşı kürk olar» – deyib tülkünü aldı və xizəyin arxasına qoydu. Sonra da atını sürüb getdi. Tülkü yol boyunca yavaş-yavaş balıqları xizəkdən yerə tökdü, sonra özü də xizəkdən düşüb qaçdı və tökdüyü balıqları yığıb yeməyə başladı. Elə bu vaxt oradan keçən bir canavar tülkünün balıq yediyini görüb onun yanına gəldi və dedi:
− Dostum, bir dənə də balıq mənə verərsən? Tülkü canavara bir dənə balıq verdi. Canavar balığı yedi. Balıq çox ləzzətli idi. Tülküdən birini də istədi. Tülkü dedi: 
− Get özün tut ye. Canavar balığın necə tutulduğunu soruşdu. Tülkü dedi: 
− Çaya get, buzu deşib quyruğunu suya sal. Balıqlar quyruğuna yapışacaq, onda sən də quyruğunu çəkib balıqları tutub yeyərsən. Canavar tülküyə təşəkkür etdi və ikisi birlikdə çaya getdilər. Canavar buzu deşib quyruğunu suya saldı. Bir müddət keçəndən sonra tülkü soruşdu: 
− Necədi, hələ bir şey yoxdu? Canavar cavab verdi: 
− Xeyr, hələ bir şey hiss etmirəm. Bir az keçdikdən sonra tülkü yenə: «Bir şey var mı?» – deyə soruşdu. Bu dəfə canavar sevinərək dedi: 
− Bir şey qımıldayır, deyəsən, balıqlar yığışırlar. Tülkü dedi: 
− Quyruğunu daha dərinə sal. Canavar da quyruğunu daha dərinə saldı. Bir az gözlədikdən sonra canavar dedi: 
− Hə, tülkü ağa, balıqlar yaxşıca yığılmağa başladılar. Deyəsən, artıq vaxtdı. Hiyləgər tülkü vəziyyəi başa düşdü və həyəcanla canavara dedi: 
− Aman Allahım, canavar ağa, arxasında köpəklərlə bir ovçu gəlir. Tez ol qaçıb canımızı qurtaraq. Bu sözləri deyib qaçdı və dağların arasında gözdən itdi. İndi tülkünü axtar ki, tapasan. Ölümdən qorxan canavar qaçmaq üçün çox səy göstərdi, amma quyruğu suda buz bağladığı üçün qaça bilmədi. Elə bu vaxt onun qulağına köpək səsləri gəldi. Ölümdən xilas olmaq istəyən canavar can qorxusuyla var gücü ilə dartıldı və quyruğu qopdu. Ağrı içində qıvrılan canavar tülküyə çox qəzəbləndi və dedi: 

 

− Off, yaramaz tülkü, hiyləgər tülkü, mənə bunu da etdin? Dayan sən, mən necə olsa da səni tutacam. Canavar tülkünün arxasına düşdü. Əgər tapsa, tutub yeməyə qərar verdi. Bir neçə gün sonra dağların arasındakı gölün sahilində tülkü ilə qarşılaşdı. O, tülkünü görən kimi: «Mənə bunu da etdin?» – deyib onun boğazına yapışdı. Tülkü dedi: 
− Aaa, mənim nə günahım var? Sənin quyruğunun o qədər balığı çəkə bilməyəcəyini mən haradan biləydim? Sən də nəfsinə o qədər düşkün olmasaydın. Canavar dedi: 
− Xeyr, sən məni aldatdın. Mən səni yeyəcəyəm. Tülkü qorxdu. Nə etməli, bir hiyləgərlik edib xilas olmaq lazımdır. Fikirləşməyə başladı. Hiyləgərlikdə usta olan tülkünün çox fikirləşməsinə heç ehtiyac da yox idi... Tülkü dedi: 
− Bax, o ağanın həyətində kök bir qoç yatır. Get onu ye, heç olmasa qarnın doyar. Əslində həyətdə yatan qoç deyil, böyük bir köpək idi. O, canavarı görən kimi üstünə tullandı və elə oradaca onu boğub öldürdü. Beləliklə, tülkü canavardan da xilas oldu. Uzun bir müddət keçdikdən sonra bir gün tülkü köhnə dostu kirpi ilə qarşılaşdı. Köhnə dostlar ayrıldıqdan sonra başlarına gələn əhvalatları bir-birinə danışırdılar. Elə bu vaxt onların yanındakı ağaca ağzında yağ olan bir qarğa gəlib qondu. 

 

Təsadüfən yağ qarğanın ağzından yerə düşdü. Tülkü də, kirpi də çox ac idi. Yağı kimin yeyəcəyi ilə bağlı mübahisə etməyə başladılar. Tülkü yenə bir hiyləgərlik fikirləşdi və dedi: 
− Yağ mənimdir. Kirpi dedi: 
− Xeyr, yağ mənimdir. Kirpi mübahisə etməklə bir şey əldə edə bilməyəcəyini başa düşdü və dedi: 
− Bu, belə olmaz, dostum, kimin yaşı böyüksə yağ onun olsun. Tülkü razılaşdı və dedi: 
− De görək, sənin neçə yaşın var. Kirpi dedi: 
− Xeyr, əvvəl sən de. 
Tülkü dedi: 
− Xeyr, əvvəl sən de. Kirpi dedi: 
− Xeyr, sən de. Axırda əvvəl tülkü yaşını deməyə razılaşdı və yaxşıca fikirləşdikdən sonra dedi: 
− Eee... dostum, mən yer bomboş ikən, göy də mis olanda anadan olmuşam. Kirpi bu sözləri eşidəndə gözlərindən inci kimi yaşlar töküb ağlamağa başladı. Tülkü onun ağladığını görüb çaşdı və dedi: 
− Nə oldu, dostum, niyə ağlayırsan? Kirpi gözlərini sildi və dedi: 


− Bilirsən, dostum, sən belə deyəndə kiçik oğlum yadıma düşdü. Onun üçün ağlayıram. O da yer bomboş ikən, göy də mis olanda anadan olmuşdu. Amma yazıq, çox gənc yaşda ölüb getdi. Kirpi bunları deyib yağ parçasını ağzına atdı və ləzzətlə yeməyə başladı. Tülkü də kirpinin ağzına baxaraq dedi: 
− Allah rəhmət eləsin.