Ayselin arzusu
Aysel anadangəlmə fiziki məhduduyyətli doğulmuşdu. Onun ayaqları inkişafdan geri qalmışdı. Əlil arabası ilə dərsə gedir, mehriban dostları ilə gözəl günlər keçirirdi. Uşaqların əhatəsində elə xoşbəxt olurdu ki... Dostları ona əlilliyinin olmasını unutdururdu. Ona elə gəlirdi ki heç əlilliyi yoxdur, ayaqları da heç inksafdan geri qalmayıb, sap-sağlamdı. Bu gözəl hissləri ona dostları ilə yanaşı müəllimləri də yaşadırdı. Dərslərini əla qiymətlərlə oxuyan Ayselin həm də rəqqasə olmaq arzusu var idi. Bu arzusu haqqında fikirləşəndə gözlərini bir anlıq hərəkətsiz ayaqlarına dikər, köks ötürərdi. Rəqqasə olmaq arzusunu yalnız rəfiqəsinə demişdi. Səidə onun ən yaxın rəfiqəsi idi. Həm də Səidəyə tapşırmışdı ki, bu arzusunu heç kimə bildirməsin. Elə bilirdi kim bilsə, ona gülər.
Bir gün Ayselgilin məktəbində dərnəklər açıldı. “Ay nə yaxşı rəqs dərnəyi də var” deyib bu xəbəri böyük sevinc hissi ilə Səidə ona çatdırdı.
-Eh.. dedi Aysel, bu ayaqlarla necə rəqs edəcəm ki.
-Edəcəkən, bacaracaqsan, gəl gedək dərnəyə yazılaq.
-Axı mənə gülərlər.
-Kim gülər, əziz dostum, görmürsən sənə hamı necə gözəl münasibət bəsləyir.
-Orası elədi, amma mən yenə də utanıram.
-Nədən utanırsan axı? O zaman utanarsan ki, kimsə pis münasibət bəsləyər. Axı hamı səni sevir. Aysel ürəkləndi.
O əlil arabasını işə saldı. Həyəcanla dərnək keçirilən sinifin qapısında dayandı. Ürkək-ürkək qapını döydü Aysel. İçəridən “buyurun” dedi kimsə.
Onları mehriban baxışlı bir müəllimə qarşıladı. Uşaqlar ikisi də rəqs dərnəyinə yazıldılar.
Rəqs dərnəyində dərslər başlayanda Ayselin sevincinin həddi hududu yox idi. Dərnək üzvləri içəriskndə ən gözəl rəqs edən də elə Aysel idi. O, bütün tapşırıqların öhdəsindən layqincə gəlir və ən çətin hərəkətləri dəqiqliklə yerinə yetirirdi. Oturduğu arabanın təkərləri onun ayaqlarını əvəz edirdi.
Günlərin bir günü fiziki məhduduyyətli uşaqlar arasında rəqs yarışı başladı. Geniş salon adamla dolu idi. Aysel öz növbəsini həyəcanla gözləyirdi. Budur, onu səhnəyə dəvət etdilər. O, səhnəyə qədəm basanda alqış səsləri bütün zalı bürüdü. Bundan ruhlanan Aysel rəqsini elə gözəl nümayiş etdirdi ki, hamı heyran qaldı.
Yarışın sonunda eşitdiklərinə inanmadı Aysel. O, yarışın qalibi olmuşdu. Sanki yuxu görürdü. Sevincindən bilmirdi nə edə... Salonu isə alqış səsləri bürümüşdü. Ona o qədər çiçək dəstələri verdilər ki, rəfiqəsi Səidə köməyə gəldi. Aysel xoşbəxtcəsinə gülümsəyirdi. O, sevinc hissi ilə gah tamaşaçılara, gah da ona bağışlanan çiçək dəstələrinə baxırdı.
06.09.2023