Salam, şəhid anası
Salam, şəhid anası!
Mən də sənin bir balan.
Olmasam da qəhrəman
Şuşa, Kəlbəcər alan.
Sənin oğlun tapşırıb,
Səni mənə yol aldı.
Məhz onun sayəsində
Ordumuz zəfər çaldı.
Salam, şəhid atası,
Sən necə qürurlusan.
Dağ boyda oğlun gedib,
Yenə də dik durmusan.
Ağappaq saçlarından,
Nur saçılır, nur, ata.
Hər zaman qürurlu ol,
Həmişə dik dur, Ata!
Salam, şəhid bacısı,
Dağ gördün, dağ itirdin.
Üzü nurlu bir igid,
Arxa, dayaq itirdin.
İndi bütün igidlər,
Qardaşındir, ay bacı,
Sən şəhid bacısısan
Sənə yoxdur tay, bacı.
Salam, şəhid qardaşı,
Yaş tutmasın gözünü,
Hər an şəhid olmağa,
Hazır elə özünü.
Sənin qardaşın, sonra,
Mənim qardaşım gedər.
Sonra mən, sonra da sən
Sonra bütün igidlər.
Salam, şəhidin yarı,
Bilirəm darıxırsan,
Bir ümid, gələr deyə
Pəncərəyə baxırsan.
Bilirsən gəlməyəcək
Yol yoxdur daha geri
Şəhid olub igidin
Cənnətdir onun yeri.
Sən, ey şəhid övladı,
Boynunu bükmə qəti,
Çünki heç bükülmədi
Atanın şux qaməti.
Şəhiddir sənin atan
Ay ölkəmin çırağı,
Şəhidlər diri qalar,
Şəhidlər ölməz axı.